Свобода людям, независимость нациям!

Boyalı köşə

“Əgər sən televizora baxırsansa, çalış harasa küncə bax, qətiyyən diktorun gözünə baxma, əks halda ya qastrit başlayır, ya da şizofreniya”

(Viktor Pelevin, “Generation P”)

Rusiyanın xarici işlər naziri Lavrov bizim Qarabağ haqda nəsə xoşagəlməz söz deyibdir, bəzi narahatçılıqlar gördüm. Ola bilsin bu hadisə Məmmədyarovun apardığı substantiv danışıqlara mənfi təsir göstərəcəkdir və Cocuq Mərcanlının minalardan təmizlənməsi prosesini ləngidəcəkdir. Ancaq mən Lavrovun nə dediyini heç tapıb oxumağa həvəslənmədim, çünki biz belə söhbətləri çox görmüşük. Əsas odur bizim xarici siyasətimiz dəyişmir. Dünya birliyi Qarabağı Azərbaycan torpağı kimi tanıyır. İnşallah, dekabrda Kərkicahan bələdiyyəsinə seçkilər də keçirəcəyik. Düzdür, bələdiyyə müvəqqəti olaraq Biləcəridə yerləşir, ancaq nə ziyanı? Hamı haçansa harasa səyahət edir, bununla öz yurdundan məhrum olmur ki?

Bu arada deputatlardan birini Bakı rayonuna icra başçısı qoyublar, qəlbimizdə fərəh artıbdır. Çünki qardaşımız 4 ildir deputat imiş, lakin seçicilərin və KİV-in bu hadisədən xəbəri olmayıbdır. 4 il idarəyə gedib-gələsən, lakin bir dənə qalmaqallı açıqlaman olmasın, adicə xalqı soğan əkməyə çağırma... İndi güman edirik icra başçısı işləməyini də görməyəcəyik. Tam Qərb standartına adlayırıq. Orda da camaat hökumətinin kim olduğunu bilmir, başını aşağı salıb həyatını yaşayır. Məsələn, İsveçdə-Norveçdə kral saraya işləməyə velosipedlə gedir. Belçikada qaişnik polis nazirini tanımayıb cərimə edir. Hələ bunlar uzaq dünyadır, bir dəfə mən Kiyevdə dostum-qardaşım Anar Natiqoğlu ilə özünəxidmət üsullu kafedə podnosa yemək qoya-qoya kassaya doğru iri, mətin addımlarla irəliləyərkən bəy bizdən öndəki kişini göstərib qulağıma pıçıldamışdı: “Ukraynanın təhsil naziridir”. Bu mənim həyatda canlı gördüyüm ilk və son nazir idi.

Müxalifətdə konsolidasiya, təmərküzləşmə, orqanizasiya işləri də bütün sürəti ilə gedir. Sevindirici haldır, çünki müxalifət gərək iqtidardan geri qalmasın. Hansı ölkədə iqtidar müxalifəti ötüb keçsə orda kənd təsərrüfatı inkişaf eləmir. Təzə xəbər gördüm, bu dəfə müxalifət partiyaları Sabir Rüstəmxanlının başçılığı altında, Vətəndaş Həmrəyliyi Partiyasında bir araya gəlmişdir. Orada Xalq Partiyasının (XP) lideri Pənah Hüseynin iştirakı mənim diqqətimi xüsusi çəkdi. Nəyə görə? Çünki Pənah bəy bundan az öncə Müsavat Partiyasının ofisində Əli İnsanov, Hikmət Hacızadə, Əli bəy, İsa bəy və sairə demokrat yoldaşların dəyirmi masasında da əsas fiqurlardan biri olmuşdu. Ondan da qabağa getsək, 2019-cu ilin yanvarında Pənah bəy Azərbaycan Xalq Hərəkatının yaradıcı qüvvələrindən idi. Əsl xalq adamı budur! Gördüyümüz kimi, Pənah bəy bütün partiyaları birləşdirməyə çalışır. Partiyasının adında “xalq” sözü təsadüfi deyilmiş. Mən düşünürəm ki, əgər bütün qüvvələr onu qəbul edirsə, niyə yeni dövrümüzün “Elçibəyi” olmasın? Buna hər cür imkanı çatır, yanılmıramsa, kəndi də bizdədir.

Hətta yaxşı olar Pənah bəy İspaniya və Kataloniya arasında danışıqlara, İsrail-Fələstin münaqişəsinin həllinə, qlobal istiləşmənin qarşısının alınmasına da cəlb olunsun.

Yazının bu anında, söz vaxtına çəkər, dostumuz Yusif bəy zəng vurdu, Goranboyda əhalinin inkişafı üçün görülən işlərdən danışdı. Deyir orda bir kənddə çoxuşaqlı adam kasıb vəziyyətdə yaşayır. Camaat ona məsləhət görür ki, evin kəndin qırağındadır, yaxında boş torpaqlar var, hökumət də bu saat şıdırğı dotasiya verir, get sən də icra hakimindən pul al, nəsə ək-becər. Kişi gəlir rayon icra hakimiyyəti başçısının qəbuluna. Dərdini danışır, başçı təəccüblənir: “A kişi, sən bu altı-yeddi uşaqla necə dolanırsan, mənim iki uşağım var, onları güclə saxlayıram!” Kəndli başçıya deyir: “Əgər saxlaya bilmirsənsə, bellərinə kraska vur, gətir burax bizim uşaqların arasına. Mən böyüdərəm, yekələndə gəlib apararsan”.

 

Новости автора