Свобода людям, независимость нациям!

Bol sulu çaylar

“Əgər yaşın yeddini keçibsə, xoruz şeirini əzbərdən söyləmək o qədər də rəğbətlə qarşılanmırdı. Düzdür, bunu üzə deməsələr də, baxışlarından səndən razı qalmadıqları hiss olunurdu. Yaş yeddini keçibsə, gərək ya vətən, ya da ana haqqında bir şeir əzbərdən deməliydin”

(Seymur Baycan, “Uşağın elçilikdə nə işi var?” hekayəsindən)

Açığı, mən heç ağlıma gətirməzdim Elmar müəllimin bu qədər nazir işləməyini. Hardasa başlıq gözümə dəydi, deyəsən elə bizim qəzetdə idi: “Elmar Məmmədyarovun 15 ili, iki rəy”. Maraqlı müddətdir. Yəni, hardasa Elmar müəllim xarici işlər naziri qoyulanda orta məktəbə gedən uşaqlar onu qurtarıb, bambılı şairlər demişkən, həyatın qoynuna atılmağa hazırlaşırlar, ixtisas seçirlər, lakin güman edirəm, onların quş qoyduğu ixtisaslar arasında “xarici işlər naziri” peşəsi olmaz. Perspektivsiz seçimdir.

Doğrusu, başlıqdakı “iki rəy” sözləri mənim pisimə gəldi, elə o üzdən bu qeydlərimi yazıram. Necə yəni iki rəy? Elmar müəllimin, o cümlədən başqa nazirlərimizin həyat və yaradıcılığı istiqamətində hansı ikili rəylərdən danışmaq olar? Bu nə ikiüzlü münasibətdir? Onların hər birinə ancaq bir rəy ola bilər, bu rəy isə dövlətçiliyimizin möhkəmlənməsi, Qarabağın azad edilməsi, dünya okeanında Azərbaycan titanik gəmisinin dalğaları yararaq mavi ənginliklərə varmasının tərənnümü yolunda müasir işıq dirəkləri ilə... Lənət şeytana. Mən bu işi heç bacarmadım da. Əvvəlini babat gətirirəm, axırı yaxşı qurtarmır. Burda əsas məsələ “razqom” deyil, onu hamı bacarır. Əsas ustalıq döngələri məharətlə burulmaq, yoluna çıxa biləcək tülkü və dovşanları basmamaq, sürüşməmək, sürüşsən də yıxılmamaq, ən sonda “tormoz”lamaqdır. Nə etmək olar, bizim qismətimiz deyilmiş. Qırxımızda öyrənməyin də mənası yoxdur. Qırx il nazir işləmək, bir gün müxalifət lideri olmaqdan yaxşıdır - bunu istəsəniz indiki dövrümüzün hansısa “Babək”inin adından afyorizm şəklində divara vurmaq olar.

Söz vaxtına çəkər, bugünlərdə Yaponiyada tarixi hadisə oldu, imperator Akihito hakimiyyətdən könüllü əl çəkib vəzifəsini oğlu Naruhitoya verdi. Bunun özü çox təəccüblü haldır ki, adam vəzifədən öz xoşuna əl çəkmişdir. Nazarbayev də belə eləmişdi. Ancaq Elmar müəllim vəzifədən könüllü əl çəksə, bəs bizim Qarabağ problemi üzrə sülh danışıqlarında adamımız kim olacaqdır? Buna soyub-soyub quyruğunda bıçağı sındırmaq deyirlər el arasında, nöşün ki, Elmar müəllimin idarəsi olduqca uğurlu diplomatik qələbələrə imza atmışdır. 15 il ərzində problemin həlli üçün 77 bəyanat, 134 qətnamə, 2456 saziş, 34578 memorandum, 9879854 dənə nota, 4567893 dənə kvota, 6667788  dənə camış potası kəsilərək həmsədrlərə qonaqlıq verilmişdir. Yeri gəlmişkən, danışıqlar prosesində Elmar müəllimdən də uzunömürlü bir dahi şəxsiyyət iştirak edir ki, biz onun nurlu simasını bu tarixi cızmaqaramızda mütləq yada salmalıyıq: ATƏT sədrinin Qarabağ davası üzrə xüsusi köməkçisi, səfir Anjey Kasprşik. Kasprşik münaqişə bölgəsinə o qədər gəlib-gedib, müşahidə aparıb ki, deyilənə görə artıq onda gözəl oxumaq qabiliyyəti yaranıb, növbəti muğam müsabiqəsinə qatılıb “Qızıl qaval” mükafatına əsas laureat olacaqdır. Kasprşik-in ilk dəfə Qarabağa gəlmə tarixi üzərində elmi mübahisələr mövcuddur. Misal üçün, erməni tarixçisi Mesrop Donquzyanın yazdığına görə Kasprşik eramızdan 30 min il qabaq Ağdam-Şuşa yolu ilə vilayətə varid olmuşdur. Rəhmətlik tarixçi alimimiz Ziya Bünyadovun “YAP-ın tarixi” əsərində isə Kasprşikin 1920-ci ildə 11-ci Qırmızı ordunun sıralarında, Yalamadan bölgəyə girdiyi yazılıb. Lakin Tarix İnstitutumuzun şefi Yaqub müəllim aprelin 1-də dərc elədiyi “Tarixi-aləmarayi-Anjey-Kasrpşik-cadukuni-məhşur” risaləsində bütün başqa versiyaları əminliklə darmadağın edir, Anjey müəllimin 1 milyon yarım il qabaq azıxantropla birgə Hadrut-Füzuli bölgəsində yaşamasına dair sarsılmaz sübutlar ortaya qoymuşdur.

Burada qeyd edim ki, bəziləri Hadrut toponiminin erməni mənşəli olmasını düşünərək kobud yanlışlığa yol verirlər. Qətiyyən belə deyildir. Hadrut - fars mənşəli sözdür, “həddi-rud”, yəni çayla sərhədlənmiş, iki çayın arası deməkdir. Doğrudan da o bölgədən Quruçay, Köndələn, Çərəkənçay, Qozluçay kimi dağ çayları axıb Araza tökülməkdədir.

Danışıqlar nə qədər uzansa, çayların suyu da artır.

Новости автора