Свобода людям, независимость нациям!

Bizim “Berlin divarı”

“Arazı ayırdılar,
Qum ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar”
(xalq mahnısından)

 

***

Bu ilin noyabrı təkcə “Yeni Müsavat”ın 30 illik yubileyi ilə maraqlı deyil, həmçinin məşhur Berlin divarının yıxılmasından 30 il ötür. 1989-cu il noyabrın 9-da Almaniya Demokratik Respublikasını (ADR) idarə edənlərdən Günter Şabovski artıq Almaniya Federativ Respublikasına keçidin sərbəst olduğunu mətbuat konfransında açıqlayır. Proses başlayır və cəmi 1 il sonra nəinki divardan əsər-əlamət qalmışdı, Almaniya birləşib vahid dövlət olmuşdu. Beləcə, İkinci Dünya Savaşından sonra bölünən alman xalqı özündə güc tapıb həm birləşdi, həm də Avropa Birliyinin, vahid valyuta avro-nun əsas mühərrikinə çevrilməyi bacardı. Vaxtilə Almaniyanı bölənlərdən SSRİ isə bundan cəmi 2 il sonra darmadağın olub tarixə qovuşdu.

Berlin divarı kommunist rejimlərinin nə qədər axmaq, insanlığa qarşı quruluş olmasının bir simvolu idi, çünki bunu məhz şərqi almanların qərbə qaçmaması üçün tikmişdilər. 160 kilometrə yaxın uzunluğu olan hasar AFR tərəfdən demək olar qorunmurdu. Sosialist düşərgəsi tərəfdən isə tikanlı məftillər, hasar, itlər, əsgərlər... Az qala üstündən quş uçmayan bir hasar tikmişdilər, çünki camaat kommunistlərin əlindən Qərbə qaçmağa çalışırdı. Bəzi hesablamalara görə hasarı keçmək istəyən 100-ə yaxın alman öldürülmüşdü.

Berlin divarı həmin dövrdə - 1980-lərin axırlarında bütün dünyada həm də bölünən xalqların simvolu kimi maraq doğururdu və biz azərbaycanlıların diqqətini o baxımdan çəkirdi. Deyirdik artıq almanlar birləşdi, qaldı bizimlə koreyalılar. Bir ümid oyanmışdı içimizdə. Elə həmin 1989-cu ilin dekabrında İran-SSRİ sərhədinin müəyyən yerlərdə sökülməsi cəhdləri bu ümiddən xəbər verirdi.

Lakin çox təəssüflə, 30 il sonra qeyd etməyə məcburuq ki, biz Azərbaycan türklərində alman xalqının birləşmə yanğısının heç 3 faizi də olmadı. Əksinə, sərhəd açılandan sonra “Ayrılıq” mahnısını, Təbriz həsrətini saqqız və metal alverçiləri haqda əhvalatlar, aftafa və narkotik alveri, cürbəcür din tacirlərinin diversiyaları əvəz elədi. Beləcə, bizim Güney həsrətimiz, güneydəkilərin də Quzey, Bakı həsrəti lətifəyə çevrilib, Arazla axıb çıxdı getdi. Elçibəyin ətrafında formalaşan Bütöv Azərbaycan Birliyi (BAB) də onun ölümündən sonra buxarlanıb havaya uçdu. İndi həmin birliyin yerində Hesablama Palatası var. Neft pullarının xərclənməsini sayırlar. Millətimiz üçün daha vacibi bu deyilmi?

Qarabağ uğrunda neçə il davamız getdi, o məhşur lətifədəki kimi, güneydəkilərin “xəbəri olmadı”. Təsəvvür edin, bizim Milli Qəhrəmanlar, şəhid statuslu şəxslər arasında ukraynalı var, əfqan var, hətta bir nəfər tacik var, ancaq Güney Azərbaycandan kimsə yoxdur. Bəlkə sərhəd bərk bağlı olub, o üzdən köməyə gələ bilməyiblər? Amma Zəngilan, Füzuli işğal ediləndə camaat Arazı çox çətinlik çəkmədən adlamışdı. O cümlədən, üzü bəri narkotik asanlıqla gətirilir. Əlbəttə, mən kimdənsə yardım ummuram, gerçəkliyi təsvir edirəm. Aramızda necə uçurum yarandığını, necə özgələşdiyimizi göstərmək istəyirəm. Bəlkə rus-fars işğalı uzun çəkdi, ona görədir? Bəlkə islam dinindəki ümmət faktoru bizim milli duyğularımıza mane olur və İranda yaşayan azərbaycanlı ilə Ərəbistandakı ərəb arasında heç bir fərq hiss eləmirik?

Sovet vaxtı Güney mövzusu, xalqımızın bölünməsi teması heç olmazsa pafoslu şairlərin yaradıcılığında yer alırdı, indi o da yoxdur. Son 30 ildə Şəhriyar və Məmməd Araz, Süleyman Rüstəm də yetişmir. Azərbaycanın bölünməsi, xalqımız arasındakı bu ayrılıq nə bir kinoya, nə bir musiqiyə, nə bir ciddi ədəbiyyat nümunəsinə, roman cəhənnəm, heç hekayəyə də tema verməyibdir! Bu, dəhşətdir. Bir xalq özünün parçalanmasına bu qədər laqeyd ola bilərmiş... Ortada əlifba fərqi üzündən biz Təbrizin xəbərlərini, onlar da Bakının gündəmini bilmirlər. Yüz il qabaq Məhəmməd Əmin Rəsulzadə o taya gedib qəzet, Mirzə Cəlil jurnal çıxardırdı, indi bizim qəzetlərin heç Güney səhifəsi yoxdur. (Axırıncı dəfə uzaq illərdə bunu deyəsən yalnız “Yeni Müsavat” edərdi). Yeganə olaraq milli dərdimizi Təbrizin “Traktorsazi” futbol komandasına azarkeşliklə ovuduruq, çünki başqa heç zad yoxdur. Bu azarkeşlik sanki saman çöpüdür.

Barı şimalda demokratik sistemimiz olsa idi, cənuba örnək yaratsaydıq... Bu da yoxdur. Kimi, hara birləşməyə dəvət edəsən? O taydakı öz dilində oxumağa həsrətdir, bu taydakı uşağını rus dilində oxudur.

Daş hasarı uçurtmaq, mənəvi hasarları uçurtmaqdan çox-çox asan imiş.

Новости автора