Свобода людям, независимость нациям!

Bizə yeni hakimiyyət lazımdırmı?

Ola bilsin, hər yerdə belə olur, amma hərdən bizə elə gəlir ki, Azərbaycanın siyasətinin həmişə xüsusi özəllikləri olub. Yadımızdadır, vaxtilə hər dəfə yaz gələndə təkcə adi həyat yox, siyasi proseslər də canlanırdı: yazda impuls alan proseslər qışadək davam edirdi...

Bəli, 88-ci ilin payızından başlayaraq ölkədə hər il mütləq nəsə baş verirdi; məhz o illərdə insanlar ilk dəfə meydanlara rəsmi bayramları qeyd etmək üçün yox, öz etirazlarını bildirmək üçün çıxdılar. Tədricən hakimiyyətlər də Moskvanın göstərişi və qrafikilə yox, ictimai təzyiqin diqtəsilə dəyişməyə başladılar.

Bizim birinci və hələki sonuncu inqilabımız da yazda – 92-ci ilin mayında baş vermişdi. Cəmi bir neçə gün bundan əvvəl hansısa möcüzə nəticəsində insanlar qəfil xatırladılar ki, 27 il bundan əvvəl ilk Azərbaycan inqilabı baş vermişdi.
Biz onu ona görə “ilk” adlandırırıq ki, sovetlərin rəsmi tarixinin iddialarına rəğmən Azərbaycanda heç bir sosialist inqilabı olmamışdı və sosializmlə bağlı nə vardısa ölkəyə 11-ci qırmızı ordunun süngülərinin üstündə gətirilmişdi, hətta Azərbaycanın ilk kommunist rəhbəri N.Nərimanov da Bakıya qırmızı ordunun əsgərlərinin çiyinlərində daxil olmuşdu.

Buna qədər ciddi, izdihamlı bir milli-azadlıq hərəkatı da olmamışdı; düzdür, Bakı uğrunda döyüş olmuşdu, bizim birinci paytaxtımız Bakı erməni işğalından azad edilmişdi, qurucu atalarımız hətta tələm-tələsik “İstiqlaliyyət bəyannaməsi” də tərtib etmişdilər, amma bununla belə böyük hesabla proses elitar-aristokratik xarakter daşıyırdı. Millətimizin taleyini onun böyük kütlələri deyil, bir neçə dünyəvi təhsil almış, savadlı və elitar, gənc insanlar həll edirdi, məhz onlar millətimizin adından Azərbaycanın müstəqilliyini bəyan etmişdilər. O vaxta qədər isə bu ad yalnız və yalnız coğrafi məzmun kəsb etmişdi və məhz bu bir neçə gənc insanın sayəsində o, həmişəlik siyasi məzmun qazanmış oldu.

Bizim 1992-ci ilin may inqilabımızın məqsəd və vəzifələri daha kasad idi. O vaxtadək Azərbaycan artıq təkrar olaraq müstəqilliyini bəyan etmiş və rəsmi şəkildə BMT və böyük dövlətlər tərəfindən tanınan suveren dövlət olmuşdu, özünün ikinci “Müstəqillik bəyannaməsini” qəbul etmişdi, rəsmi olaraq kommunist ideologiyasından imtina etmişdi, hətta neft kontraktları ilə bağlı da “kəşfiyyat” xarakterli ilk danışıqlar aparılmışdı...

Əlbəttə ki, demokratiya ilə bağlı müəyyən dərəcədə, qaçılmaz problemlər vardı (axı hər şey təzəcə başlayırdı!), eləcə də Dağlıq Qarabağ problemilə bağlı işlər heç də qaydasında deyildi. Amma sonrakı illər göstərdi ki, o vaxt ölkə daha liberal və demokratik idi – hətta bizim inqilabçı –demokratların bir illik hakimiyyətilə müqayisədə! Ən azından o vaxt daxili işlər naziri və ya qeyrisi yanına silahlıları salıb qəzetlərin redaksiyasını gəzmirdilər...

Dağlıq Qarabağ problemilə bağlı da eyni sözləri demək olar; sonrakı illərdə işğalın coğrafiyası dəfələrlə böyüdü, biz təkcə dağlıq deyil, aran Qarabağı da itirdik.

Ona görə də bizim birinci və hələki sonuncu inqilabımız siyasi fiksiyadan başqa bir şey olmadı. Nə demokratiya artdı, nə də Qarabağı qaytardıq. Bu azmış kimi, keçmiş kommunist elitasının ən mühafizəkar qanadının hakimiyyətə yolunu açdıq; “sexovşik” kommunistləri devirib keçmiş partokrat kommunistləri hakimiyyətə gətirdik...

Ona görə də 27 il bundan əvvəl baş vermiş inqilabı epizodik olaraq xatırlayan insanlar dərhal da başa düşürlər ki, böyük hesabla xatırlamalı bir şey də yoxdur: həmin inqilabi bir ildən yalnız ironik “bəy” sözü qaldı ki, bununla da sonradan həmin dövrün siyasət adamlarını və fəallarını “işarələmək” üçün istifadə edirdilər. Bəli, insanlar anlatdılar ki, elə ad və titullar var ki, onları kütləvi şəkildə mənimsəmək olmaz, bunun üçün həqiqətən də xidmətin olmalıdır – necə deyər, gədadan bəy olmaz...

Beləcə, devriləndən sonra ironik “bəy” ləqəbi alan o dövrün siyasi xadimləri sonrakı illərdə “ana müxalifət” roluna razılaşdılar, hərdənbir hakimiyyətin məsləhəti və göstərişilə kiçik aksiyalar keçirməklə, jurnalistlərin bu və digər suallarını tutuquşu kimi cavablandırmaqla illərlə düşündülər ki, guya bunlar qlobal demokratik prosesə böyük töhfə verirlər və “üçüncü demokratiya dalğası” yetişəndə onları da yada salacaqlar. Amma çox tezliklə məlum oldu ki, artıq heç kimin nəinki onların, hətta bir qrup həqiqi demokratlar dəstəsinin belə xidmətinə ehtiyacı yoxdur: bəli, bir-iki həqiqi demokrat illərlə hüquq və azadlıqlar haqqdında danışdı, amma şanlı millətimiz bütün bunları dinləyə-dinləyə tənbəl-tənbəl yalnız imtiyazlar haqda düşünürdü – bəli, azadlq və hüquq yox, imtiyazlar haqqında...

Düşünmək olardı ki, bizə bunlar keçmişin nostaljisini yaşadacaq; o keçmişin ki, hələ haradasa toplaşmaq, hakimiyyət mənsublarının siyasətini müzakirə, hətta tənqid etmək olurdu, hər gün təzə qəzet almaq və onu digərlərinə də vermək olurdu ki, daha çox adam oxusun.

Amma nə qədər qəribə olsa da heç bir nostalji yoxdur. Şəxsən mən özümə tez-tez eyni sualı verirəm: “Sən yeni hakimiyyət istəyirsənmi?”. Di gəl, ürəyimin dərinliyində hiss edirəm ki, yox, istəmirəm. Güman ki, elə insanların əksəriyyəti də belə düşünürlər.

Bilirsinizmi, niyə? İndiki hakimiyyət o cəhətinə görə yaxşıdır ki, biz üllüziya qurmuruq, nə varsa, onunla məhdudlaşırıq, hakimiyyətdən hər hansı umacağımız-küsəcəyimiz yoxdur, həm də anlayırıq ki, adam hər deyilənə, o cümlədən də ölkədə nə vaxtsa kardinal siyasi islahaların da aparılacağı haqdakı vədlərə inanmamalıdır...

Həm də Dağlıq Qarabağ problemi həll olunmasa da, demokratiya ilə bağlı bir xeyli problem olsa da ölkənin özündə və siyasətində bir stabillik bərqərar olubdu və məlum deyil ki, mərhum prezident Heydər Əliyev əvvəlki hakimiyyətlərin bəzi səhvlərini aradan qaldırmasaydı, məsələn, Rusiya və İranla münasibətləri yoluna qoymasaydı, Azərbaycan belə mürəkkəb geosiyasi arealda mövcudluğunu qoruyub saxlaya bilərdimi?..

Üstəlik, yeni hakimiyyət gələcək, 27 il bundan əvvəl olduğu kimi konkret ümidlər yaranacaq ki, bəs bunu belə etmək lazımdır, onu elə! Amma bu növbəti bir məyusluq olacaq, çünki insanların əksəriyyəti, xüsusən də onların ən hiyləgər hissəsi olan siyasətçilər adətən məzmuna toxunmurlar, yalnız fasadlarıı dəyişməyə çalışırlar. Mən isə artıq elə bir yaşdayam ki, çətin, ikinci böyük yalanı yaşamağa gücüm çatsın...

 

Новости автора