Свобода людям, независимость нациям!

Bir faiz bəraət

“K. indi gördü ki, o gün içində yalnız paltar tiyanı olan otaq indi ağzına kimi dolu bir mənzilə çevrilib. Qadın onun heyrətləndiyini görüb dedi:

- Bu otağı bizə pulsuz veriblər. Ancaq məhkəmə keçirilən günlərdə onu boşaldırıq. Ərimin işinin belə xoşagəlməz cəhətləri də var".

(Frans Kafka, “Məhkəmə”)

1 İyun Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə məktəbdə tədbir keçirilirdi, söz verildi direktora. Hörmətli direktor zala toplaşan valideynlərə təhsilin vacibliyi haqda çıxış elədi. Burada bir haşiyə çıxaraq qeyd edim ki, son illərdə iştirak elədiyim bütün valideyn iclaslarında özümü 1972-ci ilin məşhur sovet dava filmi “Burda üfüqlər sakitdir”dəki starşina Vaskov kimi  hiss edirəm, çünki iclas salonu bir dəstə zənən və yeganə kişi xeylağı olaraq məndən ibarət olur. Azərbaycanlı kişilər valideyn iclasına qatılmağı tamamən siyahıdan siliblər. Məncə bunun təhsil prosesinə ziyanları haqda düşünməyin vaxtıdır. Müəllimlərin də 80 faizinin qadınlardan ibarət olmasını nəzərə alsaq (bu, rəsmi rəqəmdir, 2016-cı ildə açıqlanıb və o vaxtdan bəri güman edirəm daha artıb, çünki adətən ailə başçısı, evin yemək gətirəni öhdəliyi boynuna qoyulmuş kişilər müəllim peşəsi kimi zəif maaşlı işə yaxın durmurlar), getdikcə bizdə pedaqoji feminizm yaranacaqdır. Burada nəsə tarazlıq vacibdir.

Direktorun çıxışına qayıdıram. O, bizə dünyanın müxtəlif ölkələrində çəkilən fotoları divarda slayd şəklində nümayiş etdirdi. Misal üçün, Çində uşaqların ipdən sallanıb məktəbə getməsi, Nepalda buz üstündə sürüşən şagirdlər, hansısa Afrika ölkəsində banan qabığından dəftər kimi yararlananlar, sunamidən dağılan İndoneziya məktəbi, boş qalmış erməni sinifləri və sairə. Dedi ki, Allahınıza şükür eləyin, bizdə məktəbə asfalt yol var, binamızı da hərdən təmir eləyirlər. Biz də şükür elədik, salondakı hacıxanımlardan biri salavat verdi, duamızı oxuduq, dağılışdıq.

Doğrudan da insan gərək naşükür olmasın. Bizim bir vəkil dostumuz var idi, Elton Quliyev. Elton bəy öləndən sonra onun haqqında kitab yazıldı, sənədli film çəkildi. Həmin əsərlərin əsas süjet xətti Biləcəridə yaşayan bir taksi şoferinin axtarışı üzərində qurulmuşdu. Sən demə, Elton bəy hələ sağ olarkən dostlara o şəxsi necə xilas etməsindən danışıbmış. Adamı yol qəzası işinə görə şərləyib tutmaq istəyirmişlər, lakin Elton bəy məhkəmədə onun günahsızlığını isbata yetirib bəraət hökmü əldə edibmiş. Belə baxanda sivil dünyada adi əhvalatdır. Vəkillərin bəraət aldığı işlərin sayı-hesabı olmur. Bizdə isə hər vəkil bütün həyat və fəaliyyəti boyunca hansısa işdə günahsız müttəhimi xilas edəndə bu, görünməmiş, fövqəladə hadisəyə dönür. Haqqında kitab yazırıq, kino çəkirik. Neyləyək? Bizim də olanımız budur.

Elə bu günlərdə Bakıda keçirilən “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” adlı konfransda çıxış edən 1-ci vitse-prezidentin köməkçisi Gündüz Kərimov bəraət temasının vacibliyinə toxunaraq deyib ki, 2018-ci ildə Azərbaycan məhkəmələri cəmi 89 cinayət işində bəraət hökmü çıxarıblar, bu isə ümumi hökmlərin 1 faizi də deyilmiş. Loru dildə desək, hər 100 müttəhimdən azı 99-u “sroka” gedir. Gündüz müəllim haqlı olaraq bu durumu tənqid edir, ancaq çıxış yolu nədir? Onun nöqteyi-nəzərinə görə gərək vəkillərimiz fəallaşsın, məhkəmələr də passiv olmasın. Həmçinin, “dövlət ittihamının təkmil işləməsi və məlum olmayan səbəblər” də varmış. Düzü, məlum olmayan səbəblər nə ola bilər, onu nə qədər fikirləşsəm də tapa bilmədim. Bizim şəffaf məhkəmə sistemində naməlum heç nə yoxdur. Təkmil işləmək də onun kimi. İndi nə edək? Müttəhimlər bəraət alsın deyə ittihamçı pis işləsin?

Vəkilləri aktivliyə çağırmaq yaxşıdır, ancaq bura yenə “ancaq” sözü gəlir... Son illər onlarla aktiv vəkil cəzalanıb, töhmət alıb, vəkilliyi ləğv edilib və sairə. Bu şəraitdə vəkillər gözü çıxan qardaşlarından öyrənib lal axan suya dönməsin, neyləsin? Biz məhkəmə-hüquq islahatı olmadan heç nə əldə edə bilməyəcəyik, bunu gərək hamı başa düşsün. Bütün başqa islahatların bazisi, bünövrəsi hüququn aliliyi olmalıdır. (Zarafat üçün yazdım, yer doldururam).

Ümumən, bəraət hökmü vermək həm də ona görə mümkün deyil ki, gərək o zaman istintaqı səhv çıxarasan. Bəs buna hansı hakim risk edər? Canından bezən neçə hakim tanıyırsınız? Yəqin 1 faiz də olmaz.

Rəqəmlər tam üst-üstə düşür. Lap axırda uşaqları təbrik edirəm.

Новости автора