Свобода людям, независимость нациям!

Beynəlxalq paxıllıq

“Bəzənib başdan-başa, şəhərləri, kəndləri,

Cənnət görmək istəyən, Azərbaycana gəlsin!"

(Süleyman Rüstəm)

****

Deyir dünən britaniyalı turist Fransada, yaxtaların toqquşması nəticəsində həlak olubdur. Allah rəhmət eləsin, qəbri nurla dolsun. İndi buna görə Britaniya Xarici İşlər Nazirliyi “Fransa pis yerdir, ora getməyin” xəbərdarlığı yazıb saytına qoyacaqmı? Qoymayacaq. Çünki bizə olan paxıllıq, uğurlarımızı gözü götürməzlik dünyada məşhurdur. Halbuki mən indi ha fikirləşdim, yadıma sala bilmədim ki, haçansa Bakıda bir ingilis turistin burnu qanayıbmı. Yoxdur belə əhvalat. Əksinə, ingilislər bizim burnumuzu qanadıblar. Bax, söz vaxtına çəkər, 1918-ci ildə də biz müstəqilliyimizi elan edəndə ingilislər bunu tanımaq istəmirdilər, Tomson soyadlı bir generallarını qoşunla Bakıya yerləşdirmişdilər. Deyəsən, o zaman bir neçə ingilis əsgəri Bakıda özünü küləyə verib, soyuqlayıb rəhmətə gedibdir, ayrısı olmayıb. Belə şeyləri Cəmil müəllim yaxşı bilir, AYB sədrinin əsərlərinə ön söz yazmaqdan vaxtı qalsa yəqin toxunar.

Yeri gəlmişkən, bizdə ərəb turistlər viaqra və arağı qarışdırıb cənnətə uçublar, bax, buna sözümüz yoxdur. Ancaq bunu şəxsiləşdirməyin, milliləşdirib dövlətlərarası problemə çevirməyin mənası yoxdur. Ona qalsa hər il neçə qocaman alim və professorumuz da viaqra şəhidləri sırasına qoşulur, biz bunu şişirtmirik ki? İştah dərmanıdır, aptekdə satılır, bəzən düşər-düşməzi olur. Həyatdı da. Bir üzün güləndə, bir üzün ağlayar. Yetimə can-can deyən çox olar, əppək verən az. Lakin bizdə bu dəqiqə yetimlər dövlətin sosial müdafiə proqramları ilə əhatə olunmuşdur. Nədən danışırdıq? Hə, ingilislərin Bakıya ağız büzməyindən. Halbuki biz özümüz bayatıda bunu konseptual olaraq əks etdirmişik: “Gəzməyə qərib ölkə, Ölməyə vətən yaxşı”. İndi mən özüm bura ölməyə gəlirəmsə, sən niyə yaşamalısan? Məndən artıq oğlansan? Sən öl, ənginə birini qoyaram... Qurban olasan bu əziz bayram gününə. Şərqdə ilk demokratik respublikanı qurduğumuz gündür. Heç o vaxt Britaniyada respublika yox idi, kralın əlində yesir qalmışdılar. Deyəsən, sonra da respublika qura bilmədilər, ancaq cəhənnəmə ki. Mən heç Londonla maraqlanmıram.

Yaxşı yadıma düşdü, bir dəfə də hansısa danimarkalı Bakının üstündən uçanda pəncərədən bizim inkişafa baxıb ürəyi xarab olmuşdu, təyyarəni məcbur olub endirmişdilər. Kişini aparmışdılar Sabunçu xəstəxanasına, orada palatadakı şəraiti görəndə lap qəşş eləyib özündən getmişdi, bir daha oyanmamışdı. Ondan sonra danimarkalının meyiti uzun müddət Sabunçu meyitxanasına qaldı, çünki qohumları gəlib rəhmətliyin cəsədini aparmaq istəmirdilər. Guya buradan ora kişinin meyitini aparmaqdansa elə Bakıda basdırmaq ucuz başa gəlirmiş. Axırda elə burada basdırdılar. (Məndə olan məlumata görə, rəhmətlik özü də rejissor Lars fon Triyerin bacanağı imiş. Necə deyərlər, quş taleli insan. Kiminin əvvəli, kiminin axırı. Qismətdən qaçmaq olmur. Həmin söhbəti bu linkdən oxuya bilərsiniz: http://musavat.com/news/sabuncu-xestexanasinda-vefat-eden-danimarkali-bakida-defn-oluna-biler_261344.html ttp://musavat.com/news/sabuncu-xestexanasinda-vefat-eden-danimarkali-bakida-defn-oluna-biler_261344.html).

Paxıllığımızı çəkən millətlər çoxdur. Misal üçün, bizim  “Əhməd haradadır”, “Dədə Qorqud”, “Dağlarda döyüş”, “Ölsəm bağışla”, “Təhminə”, “O qızı tapın”, “Sən niyə susursan”, “Qızmar günəş altında” kimi maraqlı filmlərimiz çəkilib, lakin həsəd hissi xaricilərə imkan verməyib bunları Kann mükafatına, Oskara layiq görsünlər.

Bir dəfə də görkəmli yazıçımız Kamal Abdulla İtaliyaya, yazıçı Umberto Eko ilə görüşmək üçün rəsmi səfərə getmişdi. Sən demə, Eko hələ uşaq vaxtlarından Kamal müəllimin əsərlərini sevərək oxuyurmuş. Sözgəlişi, Kamal müəllim də srağagün “xalq yazıçısı” fəxri adına layiq görülmüşdür, onu bu münasibətlə təbrik edirik. Bəli, Kamal müəllim Eko ilə söhbətə Bərdə pambıqçılarının əmək qəhrəmanlığı haqda danışmaqla başlamış, daha sonra Slavyan Universitetindəki təhsil uğurlarından, idmançılarımızın bayrağımızı zirvələrə qaldırmasından bəhs etmişdi. Nəticə nə oldu? Görüşdən heç bir ay keçmədi Eko Allahın rəhmətinə getdi. Həsəddən! Şahidlər deyir Eko düz bir həftə “Tutto bene Barda!” cümləsini zarıyıbmış.

Allah oxucularımızın ömrünü uzun eləsin, amin!

Новости автора