Свобода людям, независимость нациям!

Bekaryan haqda bekar cızmaqara

Bizim folklorda bir adamın nəyisə itirəndən sonra gülünc şəkildə əl-ayağa düşməsini ifadə eləyən çoxlu məsəllər var. Biri belədir: “Dəvəni itirib, köşək üçün ağlayır”. Köşək dəvənin balasına deyilir – informasiya üçün. Mövzu üzrə ən təsirli məsəli isə təəssüf ki, burada tam şəkildə yazmaq olmur, məktəblər karantinə bağlı olduğu üçün balaca uşaqlar bu saat daraşıb qəzet oxuyurlar, ancaq hörmətli oxucularımız söhbəti işarədən də başa düşəcəklər: “Qarı şey olub, qapı örtüləndən sonra”.

Bu məsəllər Qarabağın azad edilməsindən sonra Ermənistanın bəzi siyasətçilərinin, rəhmətlik Vəzirov demiş, bambılı hərəkətlərini görərkən yadıma tez-tez düşür. Gah hansısa rus keşişin qoluna sülhməramlı şevronu yapışdırıb Xankəndində meymun kimi gəzdirirlər, gah İrəvanda mitinq eləyirlər. Tarixdən dərs almaqda çətinlik çəkirlər. Bunun da əsas səbəbi odur ki, həmin tarixi kütləvi saxtalaşdırıblar. Saxta mənbə, yalançı xəritə əsasında düzgün yol tutmaq olmur. Mütləq azacaqsan. Faciəyə, ölüm-itimə tuş gələcəksən. Tarix haqda çox sevdiyim bir aforizm də məncə bu durumu dəqiq təsvir eləyir: “Tarix maşındakı güzgü kimidir. Biz onda geriyə baxıb irəliyə hərəkət edirik”. Erməni xalqının “avtomobilində” vuruq yerlərinin çoxluğu geriyə səhv nəzərlərin nəticəsidir.

Bu mövzunu açmağıma isə dünən rast gəldiyim bir xəbər səbəb oldu. Rusdilli erməni saytlarından birində yazmışdılar ki, Karen Bekaryanın həbsi Azərbaycanda böyük sevincə səbəb olmuşdur.

Açığı, qabaqca özümü pis hiss elədim, xalqımıza yadlaşdığımı düşündüm. Axı necə ola bilər, sənin xalqın sevinsin, sən isə bundan xəbərsiz olasan. Biabırçılıqdır. Sonra axtardım ki, bu Bekaryan kimdir. Sən demə soyadı kimi özü də tam bekar, avara bir adam imiş, Ermənistanda haçansa deputat olubdur, təzəlikcə isə Paşinyan bunu qoduqluğa basıbdır. İnanmazsınız: saxtakarlığa görə! Hansısa sosial şəbəkədə saxta hesab açıb nəsə cinayət törədibdir – təfərrüata həvəsim olmadı, canları cəhənnəmə. İstəyirlər lap bütün bekar erməniləri türməyə bassınlar. Mənə sadəcə bu əhvalatın Azərbaycan konteksti maraqlıydı. Yuxarıda yazdığım məsələ: ümumxalq sevincimiz.

Yenə internetdə axtarış verdim, məlum oldu son illərdə, ana dilimizdə bu Bekaryan haqda iki cüt bir tək xəbər yazılıb. Bunlardan biri keçən ilin mayına, biri bu ilin fevralına aiddir və hər ikisi tam əksinə, Bekaryanın Azərbaycan əleyhinə yox, Paşinyan əleyhinə nəsə donquldanmağı temasında, olduqca önəmsiz xəbərlər idi və elə yetmiş yeddinci dərəcəli saytlarımızda çıxmışdı. (Bəlkə Google aqreqatoru bu saytları taparkən mənim haqqımda söyüş söyübdür). Yalnız son günlərdə bu tipə bir-iki ciddi sayt yer ayırmışdı, o da yalnız həbs xəbərinə istinadla. Ancaq iddia edilir ki, guya biz Bekaryanın həbsini təqvimə bayram kimi salmışıq.

Bax, erməni xalqının faciəsi budur. Özlərini hələ də aldadırlar. Özlərini tuturlar, özlərini öldürürlər, sonra bunda başqalarını günahkar çıxarırlar. Bir Sərkisyan ölür, başqa Sərkisyan gəlir, Köçəryan bitir, Paşinyan çıxır, Petrosyan cücərir... Lakin heç zad dəyişmir.

Təbii ki, erməni xalqı dünyanın başqa xalqlarından mənfi cəhətdən fərqlənmir. Onlar da hamı kimi insandır və normal cəmiyyətə, yaxşı mühitə düşərkən erməni xalqının necə istedadlı insanlar yetişdirdiyini biz görmüşük. (Bunlardan Marqarita Simonyan, Kim Kardaşyan və başqalarını göstərə bilərəm). Ancaq Ermənistanda hansı erməni qalıbsa, o xoşbəxt ola, öz potensialını ortaya çıxara bilməyibdir!

Sonda uca millətimizi Oqtay Əsədovun daha bir villasının tapılması münasibətiylə təbrik edirəm. Bunu da bir nəfər bekar jurnalist araşdırıb. Xaricdə oturub, məmurların villasını, şirkətini axtarır. Başa düşmək istəmir ki, bunlar hamısı millətə qalacaq.

 

Новости автора