Свобода людям, независимость нациям!

“Bədbəxtlik korrupsiyada deyil, onun həcmindədir”

Dünyanın heç bir iqtisadçısı, marketinq mütəxəssisi ağlabatan cavab verə bilməz ki, necə olur, milyonlarla manat həcmində ziyanla işləyən dövlət şirkətlərinin birinci şəxsləri (bir çox hallarda ikinci, üçüncülər də) milyonçu olur, şah saraylarına bənzər malikanələrdə yaşayır, dünyanın ən lüks avtomobillərindən ibarət qaraj saxlayır, ən bahalı tətil məkanlarında dincəlir, 15 min dollarlıq telefon iişlədirlər?

Əslində bu, iqtisadçıların cavab verə biləcəyi sual deyil, bu, korrupsiya ilə mübarizə aparan və ya aparmalı olan qurumların cavab verməli olduğu sualdır.

5-6 il qabaq strateji əhəmiyyət daşıyan bir dövlət müəssisəsinin rəhbəri nə vaxt brifinq keçirsə, telekanallara, qəzetlərə müsahibə versə, mütləq deyirdi ki, başçılıq etdiyi müəssisə zərərlə işləyir, dövlət dotasiyasındadır, ona görə də təqdim etdikləri xidmətin qiymətləri artırılmalıdır. 2-3 il öncə həmin şəxsi vəzifədən götürdülər, adı məhkəmələrdə çəkildi və məlum oldu ki, ləğv olunmuş MTN-inin rəhbərliyi ondan 3 milyon manat həcmində xərac alıb.

Без названия.jpg (8 KB)

Dövlət müəssisəsi zərərlə işləyirmiş, amma onun rəhbəri milyonçuymuş.

Mexanizmi sadədir: dövlət və xalq soyulur, soyanlar varlanır, milyonçu olur, bir kənarda duraraq dövlətin və xalqın soyulmasına göz yumanlar dövrəyə girir, öz “haqlar”ını tələb edirlər və onlar da milyonçuya çevrilirlər.

Zərbə kimə dəyir? Dövlətə və xalqa. 300-500 adam ərəb şeyxləri, ingilis lordları, Meksika narkobaronları kimi yaşayacaq deyə ölkə əhalisinin mühüm bir qismi kasıbçılıq içində qıvrılır. Çünki təqaüdçülərə, tələbələrə, aztəminatlı ailələrə, sıravi işdə çalışanlara ayrılmalı olan sosial müavinətlər oğurlanıb, ya da əvvəlcədən dövlət büdcəsinə daxil olmayıb ki, ordan da götürüb təyinatı üzrə xərcləmək mümkün olsun.

Min dəfə, milyon dəfə yazılıb ki, korrupsiya bütün zamanlarda olub və hazırda da bütün ölkələrdə bu və ya digər formada, həcmdə mövcuddur. Amma bu, dövlət cinayətinə haqq qazandırırmı? Əsla!

12.jpg (61 KB)

Sadəcə, “xoşbəxtlik pulda deyil, onun miqdarındadır” kəlamını perefraz edərək belə demək olar: “Bədbəxtlk korrupsiyada deyil, onun həcmindədir”. Elə ölkələr var ki, ən adi idarə və müəssisəsindən tutmuş ta ən nəhəng holdinqlərinə, ən ali icraedici strukturlarına qədər tamamən korrupsiya bataqlığına gömülüblər.

Dövlət büdcəsində ayrılan hər 5 manatın 3-ü mənimsənilirsə, toplanıb-toplanıb xarici banklara yatırılırsa, ölkə daxilində 25-ci malikanənin, 47-ci superkarın alınmasına sərf olunursa, talan etməyə imkanı olanların hamısı talayırsa, orada ümumi inkişaf və tərəqqi olmayacaq. O ölkənin, şəhərin bir yarısı göydələnlərlə dolu Brodveyə oxşayanda o biri yarısı da Kəlküttənin yoxsullar məhəlləsinin gecəqondularını andıracaq.

Əvvəllər bu kimi mətləblərdən bəhs edilərkən hakimiyyət adamları mütləq sərt təpki verir, “bizdə elə şey yoxdur, varsa, sübut göstərin” deyirdilər, amma indi bu xüsusda vəziyyət dəyişib. İki ildir ki həbsə alınan yüksək vəzifəli dövlət məmurlarına qarşı irəli sürülən ittihamlardan ən əsası korrupsiyadır. Məlum olur ki, onlar işsizlərin müavinətinə göz dikirmişlər, 3-5 manat pul qazanan iş adamlarından aylıq xərac yığırmışlar, dövlət büdcəsindən tikinti-quruculuq layihələrinə ayrılan pulun yarıdan çoxunu mənimsəyirmişlər, bir sözlə, əsas işləri pul toplamaqmış.

Belə görünür ki, “çiçəklənən korrupsiya”nın ölkəni uçuruma apardığını yuxarılarda da bilirlər. Cilovlanmayan korrupsiya elə cilovsuz ayqır kimidir, üstündəkini də götürüb cınqıllığa, qanqallığa apara bilər.

21.jpg (36 KB)

Tez-tez Çindən gələn xəbərlərdə hansısa korrupsionerin edam edildiyi bildirilir. Bu qədər sərt cəza tədbiri o ölkənin korrupsionerlərini durdurmur, olsa-olsa bir az saylarını azaldır, bir az da tamahlarını korşaldır. Ancaq bu bəs edir ki, korrupsiya Çini, barıt çəlləyi kimi təhlükəli quruluşu məhv edə bilməsin. Yoxsa Çinin də aqibəti SSRİ-ninki kimi olacaqdı. Fəqət çinli kommunistlər rusiyalı əqidədaşları kimi etmədilər, dövlət məhz korrupsiya məsələsində əyləci taraz saxladı və öz korrupsionerlərini zamanında dayandırdı.

Uzun sözün kəsəsi, korrpsiya ilə mübarizə sahəsində Norveç və Finlandiya standartlarına çata bilmiriksə, ən azı Çin standartları tətbiq edilməlidir. Söhbət korrupsionerləri edam etməkədən getmir, necəsə cəzalandırmaqdan gedir. Dövlətin pulu heç kəsin dədəsinin deyil, xalqındır.

 

Новости автора