Свобода людям, независимость нациям!

Bakı bağlı şəhərdir

“Şəhərdə iki-iki gəzmək qadağandır, cənab Şultsun əmridir”

(“Uzaq sahillərdə” filmindən)

“Məhsul” stadionu təmir edilir və böyük ehtimalla proses başa çatandan sonra orda müxalifətin mitinq keçirməsinə bu dəfə idmançılar icazə verməyəcəkdir. Məntiq də var. Ətrafda xeyli insan yaşayır, onların uşaq-muşaqları var, ümumiyyətlə sağlam bədəndə sağlam ruh olur, biz idman ölkəsiyik, Ermənistan boşalır və sairə. Deməli, müxalifətin son stadionu, son qalası da birdəfəlik əlindən alınır.

Ancaq bununla iş qurtarmır axı. Adamlara mitinq eləmək üçün hansısa bir məkan verilməlidir. Ölkənin paytaxtında etiraz aksiyaları üçün bir sot da yer yoxdur. Bu, olduqca anormal haldır. İnsanların fundamental azadlıqlarından biri olan toplaşmaq azadlığını pozmaqdır. Özü də bu hüquq, bizim istəyimizdən, fikrimizdən, mövqeyimizdən asılı olmayaraq vardır. Təzəlikcə iqtidaryönlü deputatdan açıqlama almışdılar, demişdi ki, müxalifətin mitinq keçirməsinə ehtiyac yoxdur, ölkəmizdə bütün problemlər həll edilmişdir və sairə. Onda bütün qalan partiyaları ləğv eləyək, sovetlər zamanındakı kimi bircə partiya - YAP qanuni elan olunsun. Yaxud təhsil, seçki, sağlamlıq hüququnu da ləğv edək. Bu məntiqlə ki, deputatın uşağı xaricdə oxuyur, bizim oxumağımız nəyə lazımdır? Məzahir müəllim hamıdan yaxşı seçir, camaat nə üçün məntəqəyə getsin? Onsuz axırda öləcəyik, həkimə nə üçün maaş veririk? Xəstəxanalar da remonta bağlansın, açılanda yerində stadion və qazon olsun. Ya da hovuz - yuxarıdakılar necə məsləhət bilsə. Hələ onu demirəm ki, xəstəni müalicə eləmək bir növ dini təxribatdır, Allahın işinə qarışmaqdır. O məsləhət bilirsə ki, sən ölməlisən, niyə çabalayırsan?

Sözgəlişi, dini sferada toplaşmaq azadlığı nədənsə tam qadağan edilməyibdir. Məsələn, bu yaxında camaat Aşura  münasibətiylə məscidlərdə toplaşdılar. Dini işlər komitəsinin sədri isə açıqlama vermişdi ki, adamlar küçədə, yol boyunca ehsan, halva paylayırsa biz buna qarışa bilmərik. Maraqlı yanaşmadır. İlin əvvəlində “Qadına şiddətə son” şüarıyla piket keçirən bir qrup şəxsi zorla itələyib metroya basmışdılar. Eynilə, bu gün sən küçədə kiməsə insan haqları konvensiyasının hansısa maddəsini çap edib paylasan dərhal polis şöbəsinə aparılacaqsan. Halva paylamağa isə icazə var. Halbuki, ərzaq məhsullarının antisanitar şəkildə paylanması əslində dövlətin bir çox idarələrinin diqqətində olmalıdır.

Bütün hallarda iqtidar Bakı şəhərində hansısa bir meydanı, küçəni, ağacın budağını, nə bilim, quş yuvasını sərbəst toplaşma azadlığı üçün ayırmağa borcludur. Yenə qeyd edirəm, burada toplaşanların arzu-istəkləri, bizim və ya hökumətin mövqeyi heç bir prinsipial əhəmiyyət daşımır. Uzağı bunları danışıb razılaşdırmaq olar. Ancaq ümumən belə yer verməmək - ciddi konstitusiya pozuntusudur. Azərbaycan Respublikasının konstitusiyasındakı 49-cu maddəni hələlik heç kim ləğv etməyibdir. Orada isə bu hərflər yazılıbdır: “Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır”. Gördüyünüz kimi, heç burada icazə almaq və ya verməkdən də söhbət getmir, yalnız qabaqcadan xəbərdar edərək toplaşa bilərsən. Konstitusiyanın ümumxalq səsverməsi ilə qəbul edildiyini, yəni, şərti “Azərbaycan xalqının” sərbəst toplaşmadan narahat olmadığını yada salmağa ehtiyac varsa, bunu da edək. Ancaq biz lap hesab edək başqalarının istirahət, mədəniyyət, nə bilim, hökumətin işinin qurulması-filan da lazımdır, bunlara mane olmamaq üçün sərbəst toplaşma yerini və vaxtını da iqtidar müəyyən edir. Olsun. Hansı yeri istəsə ayırsın, vaxtını da lap gecə yarısı eləsin. Amma ümumən “olmaz” demək olmaz.

Özü də biz heç etiraz aksiyası yox, ümumən sərbəst toplaşma üçün yer istəyirik. Hazırda Bakıda bir qarış belə yer yoxdur. Nə üçün? Niyə? Hansı əsasla? Bəlkə biz orda toplaşıb kosmosdakı peykimizə dəstək ifadə edəcəyik?

Yekun olaraq qeyd edim ki, şəxsən mənim indiki müxalifətin heç bir qanadına hər hansı ümidim, inamım qalmamışdır, ancaq onların toplaşmaq azadlığı mütləq təmin edilməlidir. Bu bizim xoşumuzdan asılı olmayan hüquqdur.

Новости автора