Свобода людям, независимость нациям!

Azad Xıdırlının bağlı yolları - köşə-reportaj

Atalar deyib ki, damdan yıxılmışın halını damdan yıxılmış anlar. Kəlamı müasir dövrə, günümüzə yansıtsaq, belə deyə bilərik: “Evi, kəndi yandırılmışın halını kəndi, evi yandırılmış anlar”.

Ağdama doğru yol aldığımız vaxt Ələsgərin halını gözəl anlayırdım. Ürəyi atlanırdı. İlk dəfə xarici ölkəyə səyahətə gedən, gözəl mənzərələr, əsrarəngiz yerlər görəcəyinin xəyalları quran gənclər qədər şövqlü, həvəsliydi.

Əslində o, ermənilər tərəfindən yandırılıb-dağıdılmış, xaraba qoyulmuş doğma Xıdırlı kəndinə gedəcəyinin fərqindəydi, bilirdi ki, orada onu heç də ürəkaçan mənzərələr gözləmir, bəlkə də ata yurdunun son halını görəndə bizdən aralanıb üzünü dağlara tutacaq, gözünün bulağında gilələnmiş gözyaşını siləcəkdi.

1.jpg (132 KB)

Əl-əlbət, elə olacaqdı. Damdan yıxılmışın, evi yandırılmışın halını kimin daha yaxşı anladığını yuxarıda dedim. Özüm də doğma kəndimə gedəndə evimizin, qohumlarımızın evlərinin, oxuduğum məktəbin binasının xarabalığını görəndə elə olmuşdum, amma gənc reportyorlardan arlanaraq özümü duyğusal ovqata qapılmaqdan saxlamışdım.

Son bir ayda Ələsgər üzü Xıdırlıya qədər ikinci dəfəydi ki, gedirdi. Birinci dəfə onu və reportyor qrupumuzun əməkdaşlarını Xıdırlı tərəfə buraxmamışdılar. İş, səfər qrafikinə uyğun deyilmiş.”Eybi yox, sonra gələrəm” demiş, israr etməmişdi Ələsgər.
Budur, yenə gedirdik, bu dəfə güman vardı, ümid böyük idi ki, o, öz kəndinin, əsasən də atasının yüz bir zəhmətlə və yüksək zövqlə inşa etdirdiyi, özünün isə yaydan-yaya getdiyi evin xarabalığını görəcək, əliylə o divara-daşa toxuna biləcək.
Bundan əvvəl Ələsgər qohumlarının çəkib göndərdiyi videolarda evin hansı vəziyyətdə olduğunu görmüşdü, hətta deyirdi ki, ermənilər hər şeyi dağıtsalar da əla sənətkarlıq əsəri olan pilləkənin dəmirlərini qaynaq aparatı ilə kəsdiriblər və pilləkəni bütöv şəkildə yük maşınına qaldırıb aparıblar.

Biz Ağdama yaxınlaşanda Ələsgərin qohumu Adil də zəng etdi və dedi ki, postda gözləyir, inşallah, onu bu dəfə Xıdırlıya aparacaq.

33.jpg (299 KB)

Ağdama çatdıq. Uşaq vaxtından atasının işi ilə bağlı əsasən Şabranda, Tərtərdə, Bakıda yaşamış Ələsgər haranın hara, hansı uçuq tikilinin keçmiş təyinatının nə olduğunu, yada sala bildiyi qədər bizə anlatdı. Amma hiss olunurdu ki, ürəyi Xıdırlıdadır, ora tələsir. Müşayiətçimiz söz verirdi ki, səfərimiz Xıdırlı istiqamətinədir, yəqin ki, ora getmək mümkün olacaq. Təşkilatçımız, Müdafiə Nazirliyinin məsul əməkdaşı isə deyirdi ki, yox, proqramdan, qrafikdən bir addım qırağa çıxa bilmərik.

Ağdamda Şah Abbas məscidinin ikinci mərtəbəsinə qalxanda Ələsgər əlini uzadıb uzaqları, dağın dibində nişanəsi görünən evlərdən ibarət kəndi göstərdi: “Bax, bizim kənd odur, ora bu tərəfdən yol var, o biri tərəfdən də”.

22.jpg (269 KB)

Şelli kəndi tərəfdə yüksək təpələrin başına çıxanda da o, yenə əlini qərb istiqamətinə tuşladı: “Ora ermənilərin yaşadığı Xramord kəndidir, onun sağında isə bizim kənddir. Bax, qulağı görünür”.

Müşayiətçi polis dedi, vallah, etiraz eləmir, təşkilatçıları təmsil edən zabit icazə versin, sizi ora qədər aparım.
Hərbçi qardaşımız isə anlayış göstərmədi. Hərçənd imkan vardı. Bir cümləlik stendap üçün 15 dubl çəkən televizyonçu qardaşlarımızın israf etdiyi 4 saatın içində Xıdırlıya 4 dəfə gedib-gəlmək olardı.

Hətta Əsgəran yolunda, Xıdırlının köhnə qəbristanlığının yanında olduğumuz vaxt beş addım o tərəfdəki kəndə getməyimiz üçün əla imkan yaranmışdı. Amma qolu bağlı dustaqlar kimi qaldıq, bizə Xıdırlıya yaxınlaşmağa imkan vermədilər.
Ələsgər son bir ayda ikinci dəfə doğma kəndinə ayaq basa bilmədi və üzünün ifadəsi dəyişdi, gözlərinə kədər, özü isə yamaca çökdü.

44.jpg (298 KB)

Daha sonra onu mütəəssir edən daha bir epizod oldu. Atasıyla telefonla danışdığı vaxt Süleyman kişi Qaraqaya həndəvərində olduğumuzu bilib dedi: “Orda əla bulaq var, imkan elə, mənə Qaraqaya bulağının suyundan gətir”.
Qaraqayada bulaq suyu yox idi, Şelli arxının suyu vardı, dupduruydu, amma bulaq suyu hara, arx suyu hara? Bulaq suyu istəyənə arx suyu aparmazlar.

Elə ürəyi Xıdırlının xarabalığını görmək istəyənə başqa kəndlərin xarabalıığını göstərmək də elədir. Hər kəs öz kəndinin xarabalığını görmək istəyir.

İndi görün, mənfur düşmənlərimiz bizi hansı duruma salıb. Öz kəndimizin xarabalığını görməyə can atırıq, görməyəndə məyus oluruq.

Yaxın günlərdə bir də gedəcəyik. Əvvəl-axır azad Xıdırlının bağlı yollarını açacaq, o kəndə girəcəyik.

Toxtaq ol, qaqa.

Новости автора