Свобода людям, независимость нациям!

Avropa tərəfdaşlığından məmnun

Bəzən adamın inanmağı gəlmir ki, biz 20 ilə yaxındır Avropa Şurasının üzvüyük. Ancaq inanmalıyıq. Çarəmiz yoxdur. İnanc işində şübhə eləmək kafirlərə xasdır. Bizim mübarək vətəndə bir çox şeylərə yalnız inanc müstəvisində baxmaq lazımdır. Praktik, əllə toxunula bilən, gözlə görülən zadlar əslində fanidir, biz bunu yaxşı başa düşürük. Əsas odur qəlbimiz yaşasın! Qədim latın ata sözündə deyilən kimi: “Amor non est medicabilis herbis”. Tərcüməsi odur ki, məhəbbəti otlarla müalicə eləmək mümkün deyildir.

O cümlədən, Avropa İttifaqının bir Şərq Tərəfdaşlığı Proqramı da vardır, təzəlikcə Azərbaycanın ona üzv olmağından 10 il keçdi. Bu 10 ildə ölkəmiz Avropa ilə tərəfdaşlıqdan hansı uğurlar qazanmışdır, onu elə idarənin – Avropanın təzəcə yaydığı mətbuat üçün açıqlamadan görmək olardı, hərçənd, bunu hansı mətbuat üçün yayıblar, o da uca millətimizə şəbi-yelda, yəni ilin ən uzun gecəsi kimi qaranlıqdır. Şair bu yerdə görək lələyi əlinə alıb, laptopunda Vord faylı açaraq nə deyibdir: “Sayeyi-rəyəti-iqbali yetən yerlərdə, Ruzigarini ədunin şəbi-yelda eylər”. Düzü başa düşmədim Füzuli babamız burada nə deyibdir, bəlkə demək istəyir əgər İqbal Ağazadə parlamentdə qalsaydı bundan Avropa İttifaqı ilə tərəfdaşlıq və dostluq münasibətlərimizə daha böyük xeyir olardı. Niyə belə yazıram? Çünki biz Aİ ilə tərəfdaşlığa başlayanda 525 dənə gündəlik qəzetimiz var idisə, indi heç bir əlin beş barmağı qədər mətbuat qalmayıbdır, press-köşklərdə isə məktəblilər üçün ştuçnu siqaret satırlar. Bəs o zaman bu mətbuat açıqlaması nəyə lazımdır? Yəqin lazımdır. Bax: yuxarı. Şübhə eləyənin barmaqları qırılsın bu əziz ayda. Ya rəb. Yenə hörmətli şairdən misal gətirsək, aldı görək nə dedi: “Füzuli buldu gənci-afiyət meyxana küncündə, Mübarək mülkdür, ol mülk viran olmasın, ya rəb!”. Bunu artıq hamımız aydın başa düşürük, şairin açdığı kafeni icra hakimiyyəti uçurtmaq istəyir, o isə yuxarılara ərizə yazır. Məncə şikayət ünvanına yetişər, bu saat hamının məktubuna baxırlar. Hətta yazılmayan məktublara da baxırlar.

Hərçənd, başqa xeyirlər də vardır, olmamış deyildir. Misal üçün, elə həmin açıqlamada yazmışdılar ki, Aİ-dən alınan qrantlar, pullar hesabına bir azərbaycanlı atasından qalma kafeni yekəldib çörəkxana və restoranlar şəbəkəsinə döndəribdir. Başqa birisi arı saxlamağa başlayıbdır, həmin arılar isə nəinki bal verir, həm də Avropadan gələn qonaqlarımızın dodağından çalır və onları ucuz qiymətə Ancelina Coliyə bənzədirlər. İndi özünüz düşünün, biz Avropa ilə yaxınlaşmasaq, həmin çörəkxanadan təzə buğda çörəyinin xoş ətri asimana bülənd olub erməniləri umsuq edərdimi? Arılar bulvarda şəhər icra hakimiyyətinin saldığı qazonda, rəhmətlik rəis Nazim müəllim demiş, “çimənnikdə” vızıldaşardılarmı?   

Lakin ötən müddətdə biz özümüz Avropa İttifaqına nə qədər xeyir vermişik, nədənsə əclaf firənglər bu haqda susmağa üstünlük verirlər. Niyə, balam? Bizim sizə verdiyimiz xeyir bəyəm fındıq qabığı, çürük qoz-filandır? Bu 20 ildə Avropada nə qədər villa almışıq, şirkət açmışıq. Qaz vurub qazanınızı doldurmuşuq. Ən yoluq biznesmen-məmurumuzun Londonda minimum bir çayxanası vardır. Parisdə düz Eyfel qülləsinin yanında palaz dükanı açmışıq ki, bütün Fransa ordan alver eləyir. Hətta fransızlarda məsəl yaranıbdır: “Palaza bürün, Eyfelnən sürün”. Luvr muzeyində ayrıca “Biləcəri” zalı yaratmışıq, Strasburq kafedral kilsəsi isə hər cümə axşamı Qafqaz Müsəlmanları İdarəsinin fitvasını oxuyur. Danimarkadan Serbiyaya, Portəgizdən Bəyaz Rusiyaya qədər hər bir Avropa dərəsində bizim nefti bakına tökən maşınlar şütüməkdədir.

Sözümün canı odur ki, biz Avropa ilə tərəfdaşlıqdan çox məmnunuq, avropalıların da məmnun olmasını o bir Allahdan arzu edirik, ilahi, amin. Yaz görüm sizdə havalar nə təhər keçir.

Новости автора