Свобода людям, независимость нациям!

Artım nə qədər olmalıdır

 

“Çörəyin daşdan çıxırsa,

Qab-qacağı neynəyirsən?

Bir məclisdə yerin yoxsa,

Qanacağı neynəyirsən?"

(Ramiz Rövşən)

Hökumət iqtisadi problemlərin şişməsini önləmək üçün çevik tərpənir və müəyyən ödənişləri, müavinətləri-zadı artırır. Kiminə beş faiz, kiminə on faiz... Müxalif ekspertlər - o şəxslər ki, bu iqtidarın hakimiyyətdə olduğu müddətdə özləri yarım faiz inkişaf eləməyiblər və elə köhnə girdabın içində qalıblar - deyirlər bu artımlar baş aldatmaqdır, çox azdır, dərdə dərman olmayacaqdır. Azərbaycan reallıqlarını anlamadıqları, uca millətimizi və sevgili xalqımızı qanmadıqları üçün belə deyirlər.

Bizim üçün 1 manat da böyük artımdır. Hazırda məhkəmələrin birində taksi sürücüsünü soyaraq öldürmüş 3 nəfərin cinayət işinə baxılır. Sizcə, onlar yazıq sürücüdən nə qədər pul çıxarıblar? 19 manat! Adambaşına böləndə (hərçənd o alçaqlar haqda adam sözünü yazmağa adamın əli gəlmir) hərəsinə 6 manat 30 qəpiyə yaxın bir pul düşübdür. Lap dəqiq yazsaq, 6 manat 33 qəpik. 1 qəpik də artıq qalıb, onu yəqin hakimə verərlər - cəzanı yüngülləşdirmək üçün.

İddia etmək olar ki, bu quldurlar sürücünün daha çox pulu olduğunu zənn ediblər. Ancaq nə qədər? Axı bir sürücüdə nə qədər pul ola bilər ki, buna görə onu öldürəsən? İnsan həyatı olduqca ucuzlaşıbdır. Populist görünmək istəmirəm, reallıq belədir.

Əslində insaf və ədalət naminə qeyd edək ki, həyat təkcə bizdə ucuzlaşmayıb. Misal üçün, Rusiyada, Suriyada, Venesuelada, İranda və başqa bənzər ölkələrdə də hakimiyyəti dəstəkləyən əsas qüvvələr imkanı az olanlardır. O qüvvələrə azacıq yardım edirsən, bu da orta sinifi, cızığından çıxıb azadlıq-filan istəyənləri boğmaq üçün yetərli olur. Min illərdir sınaqdan çıxmış üsuldur. İnsanlara “Çörək, yoxsa azadlıq” seçimi verəndə onlar çörəyi seçirlər. Azadlığın haçansa gətirəcəyi daha çox çörəyi düşünmək üçün kütlələrin hövsələsi dardır. “Soğan olsun, nağd olsun, ”Bir tük də qənimətdir", “Az aşım, ağrımaz başım” tipli folklor nümunələri havadan yaranmayıbdır. Rus yazıçısı Dostoyevski “Karamazov qardaşları” romanında, “Böyük inkvizitor” bölümündə bu kimi sosial-psixoloji durumları təsvir edibdir. Gəlin, o əsərdən bir uzun sitatı təzədən oxuyaq: “Sən xalq arasına getmək istəyirsən və yalın əllə hansısa bir azadlıq vəd edərək gedirsən, onlar özlərinin sadəlövhlüyü və anadangəlmə nadanlığı üzündən onun mənasını belə başa düşə bilməyəcəklər, onlar azadlıqdan qorxur və vahiməyə düşürlər, çünki heç vaxt insan üçün, bəşər cəmiyyəti üçün azadlıqdan daha dözülməz heç bir şey olmayıb!  Bəs bu çılpaq, qızmar səhradakı  daşları görürsənmi? Onları çörəyə çevir, onda insanlar sürü kimi sənin arxanca qaçacaq, sənə minnətdar və itaətkar olacaq, daim həyəcan keçirəcəklər ki, sən əllərini onların üstündən götürsən, o saat onların çörəkləri də kəsiləcək”. Sitatın sonu. Oradakı “çörəyə çevrilən daşlar” ifadəsi bizim bulvarda hər il daşların təzələnməsinə işarə vurur sanki...

Siz “180 manatla necə yaşamaq olar” deyə bilərsiniz və hansısa deputatın, məmurun çoxlu obyektlərinin siyahısını çıxardarsınız. Ancaq əmin olun ki, camaat lazım gələndə sizə yox, həmin oğrulara salam vermək üçün qaçacaqdır. Çünki hamının haradansa bir gizli gəliri, qara mühasibatlığı, ödəmədiyi vergilər, pozduğu qanunlar vardır. Hökumət bunun üstünü vurmur, bunlar da hökumətin üstünü vurmur. Əl-ələ verib, can bir qəlbdə yaşayırlar. Təzə vergilər naziri, təzə gömrük sədri müəyyən mənada qanun-qayda yaratmaq istəyəndə tərsinə alınmadımı? Qiymətlər qalxdı, camaat narazılıq elədi. Deyir, dünən gömrükdə rüşvət verirdim, mal ucuz gəlirdi, indi qanuni ödəyirəm, baha alınır.

Unutmaq olmaz ki, biz hələ ətli-canlı, nisbətən kök vaxtımızda Nizami Süleymanov kimi dələduza 40 faizə yaxın səs vermiş camaatıq. Yeni şüarlar fikirləşmək lazımdır.

Новости автора