Свобода людям, независимость нациям!

ABŞ-ın “Patriot”unu çuvala qoyan Türkiyə

ABŞ-ın məşhur siyasət adamlarından biri, hazırda Pentaqonun sözçüsü olan Con Kirbi ABŞ-Türkiyə münasibətləri barədə danışarkən deyib ki, rəsmi Ankaranın “Patriot” sistemlərini əldə etmək şansı olsa da, Türkiyə S-400-ü üstün tutub və bununla da Rusiyaya pul və təsir zonası qazandırıb.

Kirbi onu da deyib ki, Türkiyə S-400-ləri əlində saxlamamalıdır. Yəni ya başqa ölkəyə satmalıdır, ya yiyəsinə qaytarmalıdır, ya da axır ki, bir yolla rədd etməlidir.

Söz yox, Türkiyə bunu etməz, etməyəcək. Ümumiyyətlə, özünə hörmət edən heç bir dövlət milyard dollarla ölçülən sövdələşməni pozaraq özünü etibarsız tərəfdaş durumuna qoymaz. Bunu yalnız qüdrətli dövlətlərdən tam asılı dövlətlər, vassallar edə bilər. Türkiyə isə azı 15 ildir ki, ABŞ asılılığından qurtulmaq istəyir və bu yöndə iri, həlledici addımlar atıb.

Heç kimsəyə qəribə gəlməsin, qardaş Türkiyə məcburiyyət qarşısında qalaraq, özünü Stalin Rusiyasının gündən-günə artan təhdidlərindən qorumaq üçün Şimali Atlantika blokuna (NATO) üzv olduqdan sonra suverenliyinin bir hissəsini itirmişdi.

Artıq bu ölkədə kimin baş nazir olacağını, kimin hərbi qiyam nəticəsində devriləcəyini, kimin asılacağını, kimin şişirdilib millətə yeni lider kimi təqdim ediləcəyini okeanın o tayında həll edirdilər.

Bu yeni ənənə ta Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə möhkəmlənməsinə qədər davam etdi. İfadəyə diqqət edin: “Ərdoğanın hakimiyyətə gəlməsinə qədər” yox, “hakimiyyətdə möhkəmlənməsinə qədər”.

Əslində, Ədalət və İnkişaf Partiyası da hakimiyyətə yeni gəldiyi illərdə ABŞ-la, NATO ilə sıx əməkdaşlıq tərəfdarıydı, ancaq bir neçə ildən sonra bu dostluq-müttəfiqlik büsatını çatladan hadisələr baş verdi və bunu ABŞ strateqləri etdi.

Bəlkə də onlar öz təkəbbürlü düşüncələri ilə fikirləşirdilər ki, Türkiyəni yenə qapazlayacaqlar və Ankara bu təhqiri yeməli olacaq. Ancaq İraqda ABŞ əsgərləri tərəfindən türkiyəli kommandosların başına çuval keçirilməsi hadisəsi iki ölkə arasında qalmaqala, böyük incikliyə səbəb oldu.

Bu, türklərin sidqinin ABŞ-dan sıyrılması təmayülünün başlanğıcıydı. Türkiyənin nə hakimiyyəti, nə müxalifəti, nə də cəmiyyəti belə bir təhqiri gözləmirdi. Bu, iki düşmən ölkənin birinin o birinə qarşı edəcəyi hərəkət idi. ABŞ və Türkiyə isə guya ki, ayrılmaz dostlar idi.

İndi Con Kirbi bu və sonrakı ayırıcı hərəkətləri dilə gətirmir.

Amma baxaq, görək, Türkiyə niyə belə etdi.

ABŞ və NATO Fətullah Güləni və onun “paralel dövlət”ini himayə edərək Ərdoğanı devirmək istəyirdi. 17-22 dekabr siyasi çevrilişi baş tutmayınca, NATO-ya və Gülən qrupuna bağlı hərbçilər 15 iyulda hərbi çevriliş törətməyə çalışmışdı.

Heç kim bilməsə də, prezident Ərdoğan çevriliş cəhdlərinin arxasında hansı qüvvələrin durduğunu, iştirakçıların adlarına, rütbələrinə qədər, beş barmağı kimi bilirdi.

Rusiyalı pilotların Suriyada vurulması hadisəsini yada salaq. Bu hadisə az qala iki dövlət arasında müharibəyə səbəb olacaqdı. Bu avantüra Türkiyəyə 50 milyard dollardan artıq ziyana başa gəldi. Hadisənin baş verməsindən az sonra Türkiyə rəhbərliyi manevr edərək ortalığı yumşaltmaq əvəzinə ABŞ-a və F.Gülənə yaxınlığı ilə bilinən baş nazir Əhməd Davudoğlu döşünə döyərək “biz vurmuşuq, yaxşı eləmişik” mesajıyla Rusiyanın qəzəb oxlarını Türkiyənin üzərinə çəkdi, ölkəsini nüvə dövlətinin təhdidi altına qoydu.

Bu avantüranın zərərləri birtəhər yatışdırılan zaman iki dövlət arasında müharibəyə səbəb ola biləcək yeni bir hadisə törədildi: Rusiyanın Türkiyədəki səfiri Karpov Ankarada rəsmi tədbir zamanı güllələndi... və xoruzun quyruğu göründü.

Hadisədən yarım saat sonra telefonla danışan Ərdoğan və Putin bu iki dövləti kimin vuruşdurmaq istədiyini düzgün təsbit etdilər və anlaşdılar. Ondan sonra bu iki şəxs az qala ayda iki dəfə görüşərək, günaşırı telefonla danışaraq aralarındakı problemi həll etməyə çalışdılar. Onların anlaşmasından bizə də pay düşdü: Qarabağın işğal altında olan rayonlarının çoxunu azad etdik.

Hazırda ABŞ-Türkiyə münasibətlərindənsə Türkiyə-Rusiya münasibətlərini daha çox müttəfiqlik büsatı hesab etmək olar. Son 10 ildə ABŞ-ın Türkiyəyə qarşı etdiyi düşmənçilik hərəkətləri olduqca çoxdur. Bunun qarşısında Türkiyə öz mənafeyini, maraqlarını, təhlükəsizliyini qorumaq üçün sərbəst qərarlar qəbul etməliydi və artıq edib.

Belə anlaşılır ki, Türkiyənin qəbul edilmədiyi, dışlandığı Qərb dünyasında işi yoxdur, indi müstəqil türk dövlətlərinin, eləcə də Rusiyanın tərkibində muxtariyyata malik türk xalqlarının yaşadığı Avrasiya ona daha cazibədar görünür.

Новости автора