Свобода людям, независимость нациям!

52 həftənin sultanı – tarixə əbədi yazılan günlər...

 

2020-ci il Azərbaycan tarixinə xüsusi olaraq yazıldı...

Əslində, il pis başlamışdı, hamı 2020-nin tez çıxıb getməsini istəyirdi. Çünki bu il yaz fəsli gəlmədən öncə dünyanı bürüyən koronavirus pandemiyası Azərbaycanı da ağuşuna almışdı. Hansı əhvalsız vəziyyətdə idik, yəqin bunu izah etməyə ehtiyac yoxdur...
Payız gələndən sonra da heç kim gözləmirdi, ağlımıza da gəlmirdi ki, 2020 Azərbaycan üçün xüsusi əhəmiyyətli, unudulmaz bir il ola bilər. Ancaq oldu...

Sentyabrın 27-də Vətən müharibəsi başladı, cəmi 44 gün davam etdi. Bu 44 gündə biz faktiki olaraq Qarabağı işğaldan azad etdik. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Rəşadətli Ordumuz tariximizin ən parlaq, şanlı səhifəsini yazdı. Bu savaş qələbə ilə nəticələndi və Azərbaycan xalqının qürurunu özünə qaytardı! Daha məğlub yox, qalib xalqıq!

Vətən savaşı müddətində biz nələrin şahidi olduq? İlk növbədə hər kəs, bütün dünya gördü ki, Azərbaycan insanı torpağı uğrunda son nəfərinədək döyüşməyə hazır idi, hər zaman hazırdır və şəhidlərimiz də “uf” demədən canlarını fəda etdilər. Döyüşmək üçün növbədə onminlərlə azərbaycanlı vardı...

2.jpg (46 KB)

Həmçinin, dünya şahidi oldu ki, Azərbaycan kifayət qədər qüdrətli, güclü dövlətdir.
Habelə, bir daha təsdiq olundu ki, Azərbaycan xalqı nə qədər cəsur, vahid ideologiya altında birləşməyi bacaran xalqdır.
Və dünya onu da gördü ki, Azərbaycanın çox bacarıqlı, cəsur, xarizmatik, bütün xalqı öz ətrafında cəmləşdirəyi bacaran bir lideri var...

Onun nə qədər iradəli, vətənpərvər, dəyərlərə önəm verən, sözünü tutan lider olduğunu ötən həftə söylədiyi bir söz də təsdiqləyir. Prezident Şuşanın azad edilməsi xəbərini çatdırdıqdan sonra söylədiyi niqtdə belə bir kəlmə işlətdı: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim"...

Axı Qarabağı işğaldan azad etmək dünyanın ən çətin işlərindən biri idi. Baxın, 27 il ərzində bütün dünya yığışdı, onlarla dövlət işə qarışdı, onlarla planlar, təkliflər irəli sürüldü, saysız-hesabsız sənədlər, qətnamələr qəbul olundu, ancaq erməni işğalına son qoya bilmədilər.

Nəhayət, 27 sentyabrda ermənilərin növbəti təxribatından sonra səbr kasamız tam daşdı: Prezident İlham Əliyev xalqı öz ətrafında birləşdirib, güclü ordusu isə qısa bir müddətdə Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan, Şuşa şəhərlərini, Kəlbəcərin, Xocavəndin, Ağdərənin bir hissəsini, o cümlədən 300-dən çox kənd və qəsəbəni, xeyli strateji yüksəklikləri azad etdi. Azərbaycan dünyanın edə bilmədiyini özü təkbaşına etdi...
Xronologiyanı hər kəs bilir, saniyəbəsaniyə izləmişik gedişatı.

Qısacası belədir ki, Ali Baş Komandan hərb meydanında müzəffər sərkərdə kimi tarixə düşdü. Əlbəttə, Silahlı Qüvvələrimiz, cəngavər əsgərlərimiz də dünyanın ən güclü ordularından biri, yenilməz hərbçilər kimi yaddaşlara həkk oldular. Azərbaycan Əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi döyüşlərdə. Bunu əks etdirən səhnələr artıq sosial şəbəkələrin trendinə çevrilib. Düşmənin 30 ildir qurduğu, milyardlarla vəsait sərf etdiyi nəhəng istehkamlar, hərbi texnikalar qısa müddətdə darmadağın edildi. Müharibə başlayanda bəzi xarici ekspertlər açıqlama vermişdilər ki, Azərbaycan Ordusu Qarabağda döyüşlərdə qalib gələ bilməz, hərb nəzəriyyəsi bunu inkar edir və s. Ancaq Ordumuzun tətbiq etdiyi müharibə strategiyası, taktikaları göstərdi ki, hərb nəzəriyyəsi yenidən yazılmalıdır...
44 gündə hərb meydanında qazanılan bu uğur, qələbəyə nail olmaq üçün təbii ki, Prezdent uzun illərdən bəri diplomatik müstəvilərdə ciddi işlər görmüşdü. Yoxsa 44 günə Qarabağı azad etməyə böyük güclər imkan verməyə bilərdi. Ancaq prezident diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu.

Müharibənin gedişində informasiya müharibəsində də önə şəxsən özü çıxdı: onlarla telekanal, sayt, agentliyə müsahibələr verdi, Azərbaycan həqiqətlərini çatdırdı. Kimlərinsə təlimatlandırıb, öyrədib göndərdiyi, prokuror kimi davranan xarici media təmsilçilərinə də master-klass keçdi.

Xülasə, cəmi 44 günə “məğlubedilməz” Ermənistan ordusu darmadağın edildi. Onların özünə gəlməsi üçün azı 30 il lazımdır...
Diplomatik masanın da qalibi sözsüz ki, Azərbaycandır. Yoxsa Ermənistan nədən kaputilyasiya elan edirdi ki?! Bilsəydilər ki, təkcə döyüşdə uduzurlar, diplomatik müstəvidə dəstəkləri var, bəlkə son erməni ölənədək dirənərdilər. Amma gördülər ki, hərb meydanı ilə yanaşı, diplomatik müstəvidə də məğlub oldular, ağ bayraq qaldırdılar...

2020-ci beləcə bizim üçün özəl, gözəl bir tarixi il oldu.

Bu ilin 52 həftəsindən biri - artıq başa vurmaqda olduğumuz həftə isə sözün əsl mənasında şanlı həftədir: Ömrümüzdə eşitmədiyimiz, ömrümüz boyu gözlədiyimiz xəbərləri aldıq bu həftə Ali Baş Komandandan: O, noyabrın 8-də Şuşanın azad olunması xəbərini verdi.

1.jpg (106 KB)

Bütün ölkə bayrağa bürünüb, küçələrə axışdı. Bu sevincimizə noyabrın 9-da 71 kənd, 1 qəsəbə və 8 strateji yüksəkliyin də azad edilməsi barədə paylaşılan tvittlər isə xalqı daha da coşdurdu.

Xalq artıq fərqində idi ki, Şuşaya bayraq sancılıbsa, Qarabağ üzərində böyük qələbə bizimdir: Bunu xarici ekspertlər, yerli siyasətçilər də deyirdilər ki, müharibənin taleyi Şuşaya bayraq sancılan gün həll olacaq. Şuşaya bayraq sancan qalibdir.

 

ilham.jpg (48 KB)

Çox çəkmədi ki, bu proqnoz doğruldu: Ermənistan noyabrın 10-da ağ bayraq qaldırıb, kapitulyasiyasını elan etdi!

5.png (675 KB)

Həmin gün Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə bəyanatı imzalandı. Bu sənədə görə, dekabrın 1-nə kimi daha 3 rayon – Kəlbəcər, Ağdam və Laçın Azərbaycana qaytarılır. Artıq Kəlbəcərdən rədd olublar, Ağdam və Laçın da boşaldılmaqdadır.
Bəzilərinə bu 3 rayonun diplomatik yolla, Ermənistanı sülhə məcbur edərək boşaldılması ilk baxışda sadə görünə bilər. Düşünün, təkcə Kəlbəcər rayonu ərazisinə görə təxminən iki Qubadlı boyda yerdir. Kəlbəcər, Laçın və Ağdamda ermənilər daha keçilməz istehkamlar qurmuşdular. Bu rayonları ermənidən onları sülhə məcbur edərək, DÖYÜŞSÜZ almağımız yüzlərlə hərbçimizin evinə sağ-salamat dönməsi deməkdir! Milyonlarla manat hərbi büdcəmizə qənaət deməkdir...

Ən əsası, biz Ermənistanı dizi üstə çökdürüb, kapitulyasiyaya, sülhə məcbur etdik bu zəfər həftəsində.
2020-nin 52 həftəsinin sultanıdır bu həftə. Yüz illər, min illər boyu – dünya durduqca bu həftə bayram, Zəfər həftəsi kimi qeyd olunacaq...
Biz bu günlərədək yalnız Şah İsmayılın, Nadir Şahın zəfərlərindən danışa bilirdik. Onların süqutundan sonra isə Azərbaycan ancaq torpaq itirib, məğlubiyyətlərlə üzləşib...

Düzdür, müxtəlif lokal zəfərlərimiz də olub tariximizdə. Ancaq son əsrlərdə bu miqyasda - Qarabağ boyda qələbəmiz olmamışdı.
Qovuşdurana şükür! Bu zəfərin müəllifinə, icraçılarına isə əlbəttə ki, ömür boyu borcluyuq, minnətdarıq...

Elşad MƏMMƏDLİ
“Yeni Müsavat”

 

Новости автора