Bəs məsələdə Əli Kərimli niyə susur...
AXCP sədri Əli Kərimlinin keçmiş müavini, hazırda partiyanın Rəyasət Heyətinin üzvü olan Fuad Qəhrəmanlı və yazar Zümrüd Yağmurun qızı Sənay Yağmurun zorlandığı barədə səslənən tükürpərdici ittiham ətrafında yaranan qarşıdurma böyüyür. Buna əsas səbəb də, Z.Yağmurun qızının bacısı oğlu Əsgər Ağazadə tərəfindən təcavüzə məruz qaldığı barədə səsləndirdiyi şok iddiadır.
Bu ittihamın ardından həbs edilən Ə.Ağazadənin ailəsi ittihamları qətiyyən qəbul etmir, övladlarının şərləndiyini durmadan dilə gətirirlər. Günlər öncə bununla bağlı Ə.Ağazadənin valideynləri - atası Yusif Ağayev və anası Sürəyya Ağayeva Müsavat.TV-nin efirinə çıxaraq bütün ittihamları rədd etmişdilər.
Son olaraq, xalası qızını zorlama ittihamı ilə həbs edilən Ə.Ağazadənin Almaniyada yaşayan həkim bacısı Humayxanım Ağayeva video-müraciət yayaraq qardaşının suçsuz olduğunu, bu işlə bağlı 2 dəfə bəraət aldığını, onun şərləndiyini bildirib. Onu da deyib ki qardaşının qaraciyərinin 25%-i işləyir və bu səbəbdən içəridə saxlanıla bilməz.
Bu durumda qızın xalası oğlu tərəfindən zorlanmadığını necə isbat etmək olar?
Bu olaydan sonra diqqətçəkən bir məqam da var. Belə ki, bir vaxtlar böyük qızı Selcan Yağmur, həyat yoldaşı Zümrüd Yağmurla yaşadığı olaydan sonra ailəsindən qalmaqallı şəkildə ayrılan F.Qəhrəmanlının funksioneri olduğu partiyanın sədri Əli Kərimli hər gün efirdə danışır, amma Fuad Qəhrəmanlının ətrafında baş verənlərdən danışmır. Mühafizəçisi Niyaməddin Əhmədovun ədalətsiz yerə tutulduğunu deyir, yazır, amma 28 yaşlı bir gəncin haqsız yerə həbs olunması iddialarına bir dəfə belə mövqe bildirməyib. Halbuki, o vaxt F.Qəhrəmanlı ailəsi ilə məlum rəzaləti yaşayandan sonra mətbuata xəbərlər sızmışdı. Həmin xəbərlərdə məlum olurdu ki, Kərimli o dövrdə müavini olan F.Qəhrəmanlıya istefa ərizəsi yazdırmışdı. Bəs indi nə oldu? Bu olaya Əli Kərimli nə üçün susur?

Niyaməddin Orduxanlı
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bununla bağlı “Yeni Müsavat”a danışdı: “Baş vermiş hadisəni mətbuat və sosial şəbəkə üzərindən izləyirik. Hər iki tərəfin bir-birinə qarşı çox ağır ittihamları var. Bu məsələ artıq baş prokurorun nəzarəti altındadır. Xalası qızını zorlama ittihamı ilə Əsgər Ağayev həbs olunub və istintaq gedir. Bundan sonra Ağayevin həm anasının, həm də Almaniyada yaşayan həkim bacısı video-müraciət yayaraq, qardaşının suçsuz olduğunu, bu işlə bağlı 2 dəfə bəraət aldığını, onun şərləndiyini bildiriblər. O iddia edir ki, qardaşının qaraciyərinin 25%-i işləyir və bu səbəbə həbsdə qala bilməz. Düşünürəm ki, bu məsələ birbaşa hörmətli baş prokuror Kamran Əliyevin nəzarətində olduğu üçün bütün lazım olan istintaq hərəkətləri aparılacaq və obyektiv hüquqi qiymətini alacaq. Bunun böhtan və ya həqiqət olduğu istintaqın yekununda və məhkəmədə ortaya çıxacaq. İşin obyektiv aparılmasına heç bir şübhəm yoxdur. Əgər həqiqətən də zorlanma faktı təsdiqini tapacaqsa, qanunla ən ağır cəza verilməlidir, yox , bu məsələ şərləmə, böhtan xarakterlidirsə və ya başqa məqsədlərlə gündəmə gətirilibsə, o zaman da hüquqi qiyməti verilməlidir.
Məsələ ondandır ki, bu insanlar bir-birilərinə doğma adamlardır. Söhbət iki bacının övladlarından gedir. Burada hansısa siyasi çalarlar axtarılmamalıdır və bunu siyasiləşdirmək doğru deyil. Ən böyük mənəviyyatsızlıq odur ki, öz övladını siyasi müstəviyə çəkəsən və ondan öz çirkin məqsədlərin üçün istifadə edəsən. Fərqi yoxdur bunu kim edir. Bu hamıya aiddir. Siyasətdə övladından istifadə etmək yolverilməzdir. O ki qaldı Əli Kərimli hər gün efirdə danışır, amma onun partiyasının əsas funksioneri olan Fuad Qəhrəman ətrafında baş verənlərdən danışmamasına, görünür burada Kərimlinin başqa məqsədləri var və ona görə də susur. Bir daha qeyd etmək istəyirəm ki, heç bir gəncin həyatı ilə oynamaq olmaz və o günahsız yerə ən ağır cəzaya layiq görülə bilməz. Mətbuat orqanını bu məsələdə günahlandırmaq da doğru deyil. Siz baş vermiş hadisəni cəmiyyətə çatdırırsınız. Qarşı tərəfin fikirlərini yaymaq niyə narahatçlıq yaratmalıdır ki? Ancaq sonda onu da deyim ki, baş vermiş hadisə biabırçılıqdır".

Adəm Məmmədov
Vəkil Adəm Məmmədov Ə.Ağazadənin azad olunma şanslarının qaldığını qeyd etdi: “Məhkəmə tibbi ekspertizasından sonra ekspert rəy verməlidir. Əgər onun ağır xəsarəti, xəstəliyi varsa, həbsdən azad oluna və barəsindəki cinayət təqibi dayandırıla bilər. Sağalandan sonra cinayət təqibi yenidən aparıla bilər. Bir sözlə, bu məsələ ekspertin rəyindən asılı olan bir məsələdir. Bu barədə heç kim heç nə deyə bilməz. Apelyasiya Məhkəməsinin qərarından sonra belə həmin şəxsin ”ev dustaqlığı"na buraxılma şansı var. Bununla bağlı müraciət etməlidir. Digər tərəfdən, ekspertiza rəy verə bilər ki, onun xəstəliyi ağırdır, istintaq dayandırılsın, həbsdən azad olunsun. Bunun üçün müvafiq sənədlər toplanılmalı, təqdim olunmalı və göstərilməlidir ki, barəsində ekspertiza keçirilsin. Eyni zamanda, həbsdə qalmasının mümkün olub-olmaması barədə suallar qoyulmalıdır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






