İnsanlara hürriyət, millətlərə istiqlal!

ZÜLFÜQARLILARIN ZAVODUNDA BİABIRÇI “ÜMUMİ YIĞINCAQ” TAMAŞASI

3380 20.12.2011 09:54 Ölkə A A

Bu sözləri əməkdaşımıza “Bakı Poladtökmə” zavodunun qarşısına toplaşan səhmdarlar dedilər. Saat 10:35-də zavodun qarşısında 80-90 nəfər səhmdar olsa da, çoxsaylı mühafizəçilər onları ümumi yığıncağın keçiriləcəyi zala buraxmağa tələsmirdilər. Bunun səbəbini aydınlaşdırmaq və ümumi yığıncaqda iştirak etmək üçün mühafizəçilərə biz də müraciət etdik. Mühafizəçilər bizə administrativ korpusu nişan verib suallarımıza orada cavab tapa biləcəyimizi söylədilər. Mühafizəçilərin rəisi rəhbərliklə əlaqə saxlayıb mətbuat nümayəndələrinin ümumi yığıncaqda iştirak etmək istədiyini dedi. Amma razılıq olmadı. Çölə çıxıb səhmdarlardan ümumi yığıncağının gündəliyindəki məsələlərlə maraqlandıq. Məlum oldu ki, səhmdarlardan heç birinə bu barədə məlumat verilməyib.

Səhmdarlar “Bakı Poladtökmə” ASC-nin qarşısında ümumi yığıncağa buraxılmaq ümidilə gözləyirlər

Təxminən 11:30-da ümumi yığıncağa buraxılan 3-4 səhmdar zavodun binasından çıxıb narazı şəkildə çöldəkilərə “bunlar bizi ələ salırlar” dedilər.
“Məni ləngidib 12-yə işləmiş zala buraxdılar. Zalda əsasən zavodun rəhbərliyində olan və bizim kimi 30-40 səhmi olanlar vardı. Gördüm iclası yekunlaşdırmaq istəyirlər, soruşdum ki, nəyi müzakirə edib nə qərara gəldiniz ki, iclası yekunlaşdırırsınız. Yığıncaqda yeni icraçı direktor təyin olunan Oqtay Rəfiyev dedi ki, zavodun 2010-cu ildə qazandığı gəliri nəsə almağa yönəldəcəklər. Ona görə də bizə divident verilməyəcək. 2010-cu ildə zavodun 1 milyon 400 min xalis gəliri olub. Bura toplaşan 180 nəfərin səhmlərinin cəmi isə üzvü olduğumuz Səhmdar Cəmiyyətin səhmlərinin 3 faizidir. 20 faiz Zülfüqarlı qardaşlarının, qalan 77 faiz isə kiməsə məxsusdur. Yəni 180 nəfər səhmdara 2010-cu il üçün gəlirin elə də böyük hissəsi verilməyəcəkdi. Amma vermədilər, haqqımızı məhkəmə qaydasında tələb edəcəyik” - deyə səhmdar Zahir Beydullayev zavodun qarşısına gələn hüquq müdafiəçisi Eynulla Fətullayevə dedi.

Milli Depozit Mərkəzindən səhmdarlara göndərilən bildirişin surəti

Səhmdarlarla E.Fətullayevin söhbətindən bəlli oldu ki, zavodun gəlirlərinin az olmasına baxmayaraq, rəhbərlikdə təmsil olunanlar özlərinə 10 min manat maaş kəsdiriblər: “İcraçı direktor 10 min, mühasib 7 min, şöbə müdirləri 6-7 min manat özlərinə maaş kəsdirib zavodu qeyri-rəsmi idarə edən Rasim Məmmədovun başçılığı ilə gəlirlərini talan edirlər. Zavodu Zülfüqarlı qardaşlarından alandan sonra ”Baku Stell Compani"dən borca milyonlarla manatlıq mal alırlar. Halbuki zavodun anbarında 40 min tondan artıq metal vardı. Bu metalları bir gecənin içində talan etdilər. Bunu ona görə edirlər ki, sonradan borcun əvəzinə bizim səhmdarı olduğumuz zavodu məhkəmədə “Baku Stell Compani”yə peşkəş etsinlər. Bununla da zavodqarışıq bizim səhmlərimiz də it-bat olacaq".
E.Fətullayev səhmdarlarla danışdıqdan sonra yeni icraçı direktorla da əlaqə saxladı. O.Rəfiyev E.Fətullayevə dedi ki, zavodun qarşısına yığışan səhmdarların yığıncağa buraxılmaması elə də əhəmiyyətli məsələ deyil. Z.Beydullayevə gəlincə isə yeni icraçı direktor bunun yığıncağa gecikməsi ilə əlaqəli olduğunu söylədi. Bundan sonra səhmdarlar pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmələrə müraciət edəcəklərini qərarlaşdırdılar.
ASC-dəki ümumi yığıncağa 20 faizlik səhm paketinə sahib olan Zülfüqarlı qardaşlarının dəvət edilib-edilməməsini öyrənmək üçün vəkilləri Aslan İsmayılova müraciət etdik.
Vəkil səhmdarların iclasa buraxılmamasını özbaşınalıq adlandırdı: "Təsəvvür edin ki, mən öz evimə gəlmək istəyirəm, məni evimə buraxmırlar. Səhmdarın yığıncaqda iştirak etməsi hüquqlarıdır. Onlara yığıncaqda iştirak etmələri üçün sənəd verilib. Yəni rəsmi bildirişlə səhmdarlar iclasda iştirak etmələri üçün ASC-yə dəvət olunublar".
A.İsmayılov bildirdi ki, “Bakı Poladtökmə” ASC-nin səhmlərinin 20 faizi Zülfüqarlı qardaşlarına məxsus “Birlik” MMC-yə məxsusdur. Vəkilin sözlərinə görə, 20 faiz səhmləri olan “Birlik” MMC-nin təsisçilərinə də bildiriş verilməyib.
Yığıncaqda səhmdarların iştirak etmələrinə maneələrin yaradılması ilə bağlı onların məhkəmədə iddia qaldırmalarına gəlincə, vəkil bildirdi ki, səhmdarlar yığıncağın qərarının ləğv edilməsi barədə iddia qaldırmalıdırlar: “Ona görə ki, yığıncaq qanun pozuntusu ilə aparılıb. Həmin iclasda hansı qərar qəbul edildiyi də bəlli deyil. Oradakı iclas protokolundan çıxarış səhmdarların tələbi ilə onlara verilməlidir. Lakin heç kimə sənəd verilməyib”.
A.İsmayılov müdafiəçisi olduğu Zülfüqarlı qardaşlarının əmlaklarının zorla əllərindən alınması ilə bağlı dekabrın 20-də, saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçiriləcəyini dedi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR