İnsanlara hürriyət, millətlərə istiqlal!

Zülfüqarlı qardaşları prezidentdən kömək istədilər

12203 16.07.2015 08:50 Ölkə A A

Prezident sahibkarları şəxsən ona məlumat verməyə, məktub yazmağa, müraciət etməyə səslədi. Prezidentin çağırışına Türkiyədə mühacirətdə olan iş adamları Nurəddin və Loğman Zülfüqarlı qardaşları müraciətlə cavab veriblər. Onlar prezidentdən üzləşdikləri qanunsuzluq burulğanından çıxmaqda yardım istəyirlər. 

Nürəddin və Loğman Zülfüqarlı qardaşları müraciətlərində qeyd edirlər ki, öz ailə bizneslərini 1993-cü ilə qədər Rusiyada qurublar. Mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə Azərbaycana dönərək əllərində olan vəsaiti sərmayə kimi istehsal sahələrinə qoyublar. 2002-ci ilin aprel ayında iş adamları ilə görüşü zamanı H.Əliyev “Bakı Elektroştamp” zavodunun özəlləşdirilməsi məsələsini Dövlət Əmlak Komitəsinə tapşırıb, Zülfüqarlı qardaşları açıq tenderdə iştirak edərək tenderin qalibi olublar. 2003-cü ildə isə açıq tenderə çıxarılmış “Bakı Poladtökmə” zavodunun səhmlərinin 96 faizini alaraq, Zülfüqarlılar tenderin qalib olublar. Çökmüş iqtisadiyyatı olan hər iki zavodun işçilərə, dövlətə və müəssisələrə olan borcları ödənilib, müəssisələrə iri məbləğdə sərmayə qoyublar.


Müraciətdə onlar yazırlar ki, investisiya proqramını artıqlaması ilə yerinə yetirilib zavodların fəaliyyəti bərpa edilib, yeni texnologiya və avadanlıqların alınması nəticəsində yüzlərlə insana iş yeri yaradılıb. İşçilərin sosial problemləri sahəsində də xeyli işlər görülüb. 

Zavodlar çökmüş vəziyyətdə olmasına baxmayaraq Dövlət Əmlak Komitəsindən yüksək qiymətə alınıb. Komitənin qoyduğu tələblər yerinə yetirilib. Zülfüqarlılar bildirirlər ki, gecə-gündüz çalışıblar, gərgin əmək, sərmayə sərf ediblər və 2005-ci ildən zavodlar gəlirlə işləməyə başlayıblar...

Ailənin qara günləri bundan sonra başlayıb. 2005-ci ilin dekabrında Nurəddin Zülfüqarlı Dövlət Əmlak Komitəsinə çağırılıb və komitənin sədr müavini Rüstəm Şahbazov ondan hər 2 zavodu könüllü olaraq təhvil verməsini tələb edib. Rüstəm Şahbazov tələbini bununla əsaslandırıb ki, bu biznesə yüksək vəzifəli dövlət məmuru sahib olmaq istəyindədir. Xoşluqla verilmədiyi halda, zor gücü ilə alınacaq. N.Zülfüqarlı zavodlara 10 milyon dollar məbləğində sərmayə qoyduğunu bildirdikdə, o, Zülfüqarlı qardaşlarını azadlıqdan məhrum olunacaqları ilə hədələyib və həqiqətən də bu baş verib.

Daha sonra qurama ilə üzləşdiklərini yazan Zülfüqarlı qardaşları Afət İsi qızı Əliyeva adlı qadının ortaya çıxdığını diqqətə çatdırırlar. 10 dekabr 2005-ci ildə qadının ərizəsi əsasında Nurəddin və Loğman Zülfüqarlı qardaşları və qeyriləri haqda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən CM-in 182.2.1 və 182.3.2-ci maddələri ilə cinayət işi başlanıb. 1 gün sonra isə Zülfüqarlı qardaşları təqsirləndirilən şəxs kimi cəlb olunub və barələrində həbs-qətimkan tədbiri seçilib. Zülfüqarlilar qadının böhtançı olduğunu və planın onların biznesini əllərindən almağa hesablandığını bildirirlər. 

Müraciətdə yazılır ki, onları sorğu-sualsız 4 ay həbsdə saxlayaraq, azadlığın əvəzinə əmlaklarının - “Bakı Poladtökmə” ASC-nin və “Bakıelektroştamp” ASC-nin 80 faizini təhvil verməyi təklif ediblər. Ailə üzvlərinin və çoxsaylı kollektivin müxtəlif instansiyalara şikayətlərinə baxmayaraq, bu heç bir nəticə verməyib. 

Dövlət Əmlak Komitəsinin, digər dövlət rəsmilərinin istintaq təcridxanasına tez-tez gəlməsi və Zülfüqarlı qardaşlarını öz əmlaklarını təhvil verməyə məcbur etməsi nəticəsində, istintaq təcridxanasının rəisi və müstəntiqin vasitəsilə 30 mart 2006-cı ildə zor gücü ilə Zülfüqarlı qardaşlarından hər 2 zavod alınıb. Bundan sonra Zülfüqarlı qardaşları həbsdən tam azad edilib, barələrində istintaq olunan cinayət işi əsassız olduğundan, işə 20 iyun 2006-cı ildə xitam verilib. Zülfüqarlı qardaşlarına tapşırılıb ki, hər hansı dövlət orqanına şikayət etməsinlər, əks halda, yenidən problemlə üzləşəcəklər.

Zülfüqarlılar həbsdən azad edildikdən sonra yenidən zavodların fəaliyyətinin bərpasına başlayıblar, 2010-cu ildə Zülfüqarlı qardaşları 1 milyon manat sərmayə qoyub yeni istehsal xəttini quraşdırıblar. Bu istehsal xəttində bütün Qafqazda analoqu olmayan keyfiyyətdə metal materiallar istehsal ediləcəkdi... 

2010-cu ilin dekabr ayında həmin xəttin istifadəyə verildiyi “Baku Steel Company” şirkətinin direktoru Rasim Məmmədov Zülfüqarlı qardaşlarının ofisinə gedib. Zülfüqarlı qardaşlarının sahib olduğu - “Bakı Elektroştamp” və “Bakı Poladtökmə” zavodunun səhmlərinin 20 faiz hissəsini və zavodu ona təhvil verməyi, özlərinin isə ölkəni də tərk etmələrini tələb edib. Bunun yüksək vəzifəli dövlət məmurunun göstərişi olduğunu açıqlayıb. Deyib ki, razı olmadıqları təqdirdə Zülfüqarlı qardaşları təkrar azadlıqdan məhrum olunacaq. Onlara məxsus zavoddan 18 milyon manat dəyərində xammal da zorla alınıb mənimsənilib,  Zülfüqarlı qardaşları da çarəsiz olduqlarını görüb, ölkəni tərk ediblər.

2011-ci ilin yanvar ayında ölkəni tərk etdikdən sonra Nurəddin və Loğman Zülfüqarlı qardaşları öz hüquqlarının bərpası üçün müxtəlif iddia tələbləri ilə məhkəmələrə üz tutublar...
Yerli məhkəmələrdə ədalətli qərara nail ola bilmədiklərini bildirən Zülfüqarlı qardaşlarının işi hazırda Avropa İnsan Hüquqları Məhkəməsində araşdırılır. 

Zülfüqarlı qardaşları prezidentin müraciətindən sonra bir daha ona müraciət edərək, üzləşdikləri oyundan çıxmaları üçün yardım istəyiblər.

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR