N.Yaqublu barəsində seçilmiş həbs qəti-imkan tədbiri analoji qəzalara görə Azərbaycan praktikasında bu günədək rast gəlinməyən bir hadisə olmaqla həbsin siyasi motivləri ilə bağlı şübhələri doğruldur. Nigarın gənc bir xanım olması, cəmiyyət üçün ictimai-təhlükə törətməməsi, istintaqa təsir imkanının olmaması, əvvəllər məhkum olunmaması, iş üzrə şikayətçinin olmaması və Nigarın özünün də qəza nəticəsində ciddi fiziki və psixoloji zədə alması və müalicəyə ehtiyacı olması fonunda həbs qəti-imkan tədbirinin seçilməsi, ictimaiyyətin, ziyalıların, millət vəkillərinin seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciətlərinin nəzərə alınmaması, eləcə də daha ağır nəticələrə səbəb olan digər analoji hadisələr zamanı belə istintaq tədbirlərinin görülməməsi tərəfimizdən təkcə N.Yaqubluya qarşı deyil, fəal, azadfikirli gəncliyə qarşı ədalətsizlik və siyasi təzyiq kimi qiymətləndirilir. Məsələnin ən təhlükəli tərəfi isə, bu hadisənin mənəvi-psixoloji yönü ilə bağlıdır. N.Yaqublunun həbsi Azərbaycan əxlaqında, o cümlədən siyasi əxlaqında müqəddəs olan ailə, övlad, qadın mövzusunda tabuların aradan götürülməsinə yol açmaqla, çox təhlükəli bir presedentin təməlini qoyur. Bu isə keçilməz sərhəddin aşılması ilə cəmiyyətdə gerçək dialoqun başlanmasına acil ehtiyac duyulduğu bir zamanda, siyasi qütblər arasında uçurumun dərinləşməsinə, cəmiyyətdaxili münasibətlərin radikallaşmasına rəvac verir”.
***
22 sentyabrda N.Yaqublunun müdafiəsinə qoşulmuş vəkillər Müsavat Partiyasının qərargahında İsa Qəmbərin iştirakı ilə bir araya gəliblər. Vəkillər N.Yaqublunun məhkəmədə hüquqlarının qorunması üçün atılacaq addımlar və müdafiə taktikası barədə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, N.Yaqublunun müdafiəsi işinə artıq on tanınmış vəkil qoşulub. Onlar Əsabəli Mustafayev, Nemət Kərimli, Osman Kazımlı Aslan İsmayılov, İradə Cavadova, Xalid Bağırov, Elton Quliyev, Yalçın İmanov, Adil İsmayılov və Akif Əlizadədir.
***
Millət vəkili Qənirə Paşayeva da N.Yaqublunun həbsinə münasibət bildirib. O, facebook səhifəsində qeyd edib: “İnsanların, xüsusilə də qadınların, gənc qızların həbsxanalarda olmasını istəmirəm, onları həbsxanalarda görmək istəmirəm. Nigar da gənc bir xanımdır. Üstəlik o da istəməzdi ki, belə bir hadisə olsun. Yəni bu hadisəni qəsdlə törətməyib. Bildiyim qədər ölən insanın ailəsi də şikayətçi deyil. Kaş ki daha yüngül formada bir qərar verilsəydi. Belə bir hadisə mənim də ailəmin başına gəlmişdi. Əmim qızının qızını bir nəfər maşınla vurmuşdu. Yerindəcə keçinmişdi. Əmim şikayətçi olmadı və arqumenti də düşündürücü idi. Bütün ağrılarına, acılarına rəğmən cəza çəkəcək gənci də düşünürdü. Həbsxanada uzun zaman keçirməsini istəmirdi o gəncin və deyirdi ki, ən azı onun həyatı məhv olmasın. Parlamentdə çıxışlarımda da, xüsusilə əfv məsələlərinin müzakirəsi zamanı hər zaman bağışlamanın tərəfdarı olmuşam. Nigar məsələsinə təkrar gəlincə, təbii ki, hər kəs qanun qarşısında cavab verməlidir. Amma kaş ki daha yüngül formada bir qərar verilsəydi.. Ümid edirəm ki, yaxın zamanlar da bu məsələyə özünün müsbət həllini tapacaq”.
“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı da gənc ictimai fəal N.Yaqublu haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsinə çağırış edib. Qurumun bəyanatında deyilir ki, N.Yaqublu haqqında həbs-qətimkan tədbirinin seçilməsi cəmiyyətin müxtəlif təbəqələrində etirazla qarşılanıb. Alyans bu sahədə mövcud praktikanı, hüquqi vəziyyəti, milli-mənəvi dəyərləri, çoxsaylı müraciətləri nəzərə alaraq hakimiyyəti N.Yaqublu haqqında həbs-qətimkan tədbirini dəyişdirməyə çağırır.






