BQP sədri: ““Bütün dünyada bu tipli iclaslarda kiminsə danışığında yumoristik məqamlar olur”
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa ilə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov arasında parlamentin son iclasında kiçik qalmaqal yaşandı. Mətbuatın bu epizodu tirajlamasından sonra məsələ bir az da böyüyüb.
F.Mustafa yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı sənəddə bir sıra məqamlara etirazını bildirib və düzəliş istəyib. O, layihədə nəzərdə tutulan hərbi vəziyyət şəraitində seçkilərin təxirə salınması ilə bağlı müddəa ilə bağlı narazılığını bildirib: “Bəlkə 10 il müharibə gedəcək, hərbi rejim davam edəcək, o halda seçki keçirilməyəcək?”
Deputat bundan başqa, ölkədə hərbi rejim zamanı tətbiq olunan senzura ilə bağlı da yumşaldılmalara zərurət olduğunu bildirib.
MM sədrinin birinci müavini Z.Əsgərov isə F. Mustafanın iradları ilə razılaşmayıb, bütün düzəlişlərdə Konstitusiyaya istinad edildiyini, bütün məsələlərin hüquqi cəhətdən nəzərə alındığını bildirib.
“Başın qarışıb bədii ədəbiyyata, hüquq yaddan çıxıb”, - deyə Z. Əsgərov qeyd edib.
Partiya sədri “Yeni Müsavat”a açıqlamasında vitse-spikerlə olan polemikanın zarafat olduğunu söylədi: “Bütün dünyada bu tipli iclaslarda kiminsə danışığında yumoristik məqamlar olur. Bunu da kimlərsə başqa əhval-ruhiyyə ilə qarşıla bilər. Milli Məclisdə hər hansı bir fikir səsləndirəndə sonradan o fikri yenidən söz almadan əsaslandırmaq mümkün deyil. Hesab edirəm ki, bu məsələdə fərqli bir mühit olmalıdır. Bəzən fikirlərinin doğru olmadığını deyirlər, halbuki sən fikirlərinin doğruluğuna əminsən. İkinci dəfə sənin fikirlərinin doğruluğunu sübut etmək imkanın olmur. Nəticədə belə təsəvvür yaranır ki, sən mövzu ətrafında yetərli əsaslandırma etməmisən. Bəzi hallarda problem buradan qaynaqlanır. Amma bəzi hallar da olur ki, biz də kimlərinsə fikirlərinə yumoristik münasibət bildiririk, siyasi opponentlik edirik. Bu normal qarşılanmalıdır. Parlament fərqli düşərgələrin təmsilçilərinin olduğu düşmən münasibətləri olan yer olmamalıdır. Parlament ciddi məsələlərin müzakirə olunduğu yerdir”.
Deputat medianın bu məsələlərə olan diqqətinə də toxundu: “Medianın bu məsələlərə diqqəti bir qədər fərqlidir. Məsələn, mənə maraqlı gəldi ki, son çıxışımda maraqlı məsələlər ətrafında çıxış etdim. Amma heç birinə diqqət yetirilmədi. Yalnız diqqət yetirilən zarafat epizodu oldu. Cəmiyyətin özü də hər hansı bir ciddi məsələni müzakirə etmək marağında deyil. Mətbuat da yaxşı bilir ki, bu tipli xəbərlər oxunmayacaq. Ən çox oxunan xəbərlər kiminsə kimisə bıçaqlaması, öldürməsi, yaxud kiminsə intihar etməsidir. Nəticədə media da ümumi cəmiyyətin tələblərinə görə öz informasiyalarını formalaşdırır. Nəticədə belə vəziyyət yaranır. Bu yaxşı hal deyil. Media daha çox cəmiyyətin diqqətini daha aktual məsələlərə yönəltməlidir. Çünki müzakirə olunan mövzuların hamısı vacibdir. Hər halda bu mətbuatın öz seçimidir. Buna qarışmaq da doğru deyil. Sadəcə öz tövsiyələrimizi deyə bilərik, iradlarımızı bildirərik”.
F.Mustafa parlamentdə müzakirə mühitinin genişlənməsinin vacibliyindən də söz açdı: “Bəzən yumor hissi zəif olan insanlar bundan inciyə də bilərlər. Olub ki, fikirlərimiz düzgün qəbul edilməyəndə, düzgün şərh verilməyəndə biz də öz kəskin reaksiyamızı bildirmişik. Bütövlükdə parlamentdə müzakirə mühitinin genişlənməsinə daha böyük ehtiyac var. İnsanlar belə hallara təəccüblənməməlidirlər. Mübahisə olmalıdır, hətta münaqişələr yaşanmalıdır ki, parlamentin gerçək üzünü cəmiyyətə çatdıra bilək, mahiyyətinə uyğun Milli Məclis cəmiyyətə tanıdılmalıdır. Türkiyə, Britaniya və Avropa parlamentlərində bu kimi məsələlərin tez-tez şahidi oluruq. Amma orada adi qarşılanır. Bizdə isə hər kəs özünü rəsmi statusda görməyə daha çox meyllidir. Sanki özünü tərsliyə salaraq, qaydalardan kənara çıxmaq istəmir. Bəzən fikirlərini yumoristik çatdırmaq daha doğru görünür, çünki insanlar belə informasiyaları daha tez qavrayırlar”.
Cavanşir ABBASLI
Musavat.com






