“Ziya Məmmədovun müsahibəsi mənim üçün çox ciddi sensasiya xarakterli məlumatdır” - R. Arifoğlu
Mətbuatın diqqət mərkəzində olan və jurnalistin döyülməsində qardaşı oğlunun adı hallanan Nəqliyyat Naziri “Unikal” qəzetinə müsahibə verib. Nazir mətbuata məlum olmayan bir çox məsələlərə üstüörtülü aydınlıq gətirib. Nazirin dediyinə görə, mətbuatda yazılanların əksəriyyəti yalandır. Nazir hətta jurnalisti döyməkdə adı keçən idmançıya istintaq idarəsində təzyiq olunmasını da qeyd edib. Görüntülərin əksəriyyətinin kollaj olduğunu deyən nazir, bütün bunların ona qarşı kampaniya olduğunu qeyd edib.
Deyerler.org-a müsahibə ilə bağlı fikirlərini bölüşən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib ki, nazirin müsahibəsində çox önəmli etiraflar var: “Bu müsahibə mənim üçün sensassiya xarakterli məlumatdır. Orada çox önəmli etiraflar var. Ziya Məmmədov etiraf edib ki, bizim yazdığımız kimi, Aynar Məmmədov istintaqa ifadə verib. Bizə məlum olmayan və heç yerdə getməyən bir məsələni də açıqlayıb. Deyib ki, "idmançı" təzyiq nəticəsində sifarişin Aynar Məmmədovdan gəldiyini yazıb. Mən daxili işlər naziri, DİN istintaq idarəsinin rəisi ilə görüşmüşəm. Onlar bu barədə heç nə demədilər. Tam əksinə, bildirdilər ki, burada Aynar Məmmədovluq bir iş yoxdur; lakin yenə də istintaqı ədalətli aparacaq, bütün nüansları işləyəcəklər. Bizim əməkdaşımız Fərahim İlqaroğlu onu döyən adamla - Feyruz Termişi ilə üzləşib. O da heç vaxt qeyd etməyib ki, istintaqda Aynar Məmmədovun adını da verib. Görünür, Ziya Məmmədovda daha dəqiq məlumatlar var. Çünki bizim də iddia etdiyimiz kimi, istintaq müdaxilə edir. Lakin mənim fikrimcə, Z. Məmmədovun dediyi "idmançı" həbsdəki F.Termişi deyil. Çünki, F.Termişi F. İlqaroğlu ilə üzləşib, onun verdiyi ifadəni jurnalistimiz də, vəkili də oxuyub. Orada Aynar Məmmədovun adı yoxdur. Deməli, Ziya müəllim istintaqa və bizə məlum olmayan bir xüsusatdan danışır. Hesab edirəm ki, söz ikinci idmançıdan - Termişiyə pul verib, Fərahimi sifariş edin ikinci idmançıdan - Aynar Məmmədovun dostu və işçisi Tural Bayramovdan gedir. Nazir bu cümlə ilə bizim iddiamızı təsdiqləyir ki, istintaq qeyri-rəsmi də olsa, Tural Bayramovdan da ifadə alıb. Və o, gerçəyi söyləyib.
Hörmətli nazirin müsahibəsindən bir məsələ mənim üçün daha da aydınlaşır ki, doğurdan da bu cinayətdən nə Ziya Məmmədovun, nə də Elton Məmmədovun xəbərləri olmayıb. Biz elə əvvəldən də o cür düşünürdük ki, bu cür düşünülməmiş bir hərəkəti ağılı başında olan kimsə həyata keçirə bilməz. Bu, gənc Aynar Məmmədovun planıdır və qəzəbidir. Onun haqqında yazan jurnalistə və qəzetə cəza vermək istəyidir. Lakin istintaqa Z. Məmmədovun müdaxiləsi həmin müsahibədən də görünür. Ziya müəllim bu cinayət əməlini özünə qarşı hakimiyyətdaxili savaşla əlaqələndirir, ortada istintaqa da demək olar ki, şər atır. İnanıram ki, DİN bu ağır ittihamlara rəsmi cavab verəcək. Lakin mənim sualım var - əgər Tural Bayramov Aynar Məmmədovun adını çəkibsə, niyə onu həbs etmirlər? Aynarın yerində bir deputatın yox, hansısa müxalifət liderinin oğlu olsaydı, istintaq onu da bu cür qoruyacaqdımı?
Videoların montaj olunması iddiasına gəldikdə isə, burada heç bir montaj yoxdur. Maşının video-qeyd edicisindən götürülən cinayət anının fraqmentidir. Ziya müəllimin şübhələri varsa, istintaqa müraciət edib, ekspert istəsin ”.
/Deyerler.Org/






