İnsanlara hürriyət, millətlərə istiqlal!

ZİNDANDA VƏ MEYDANDA 100-cü İL

6388 08.10.2011 09:59 Gündəm A A

***

Müsavatın iclas zalının içi də, çölü də dopdolu idi. Zala yerləşməyən vətəndaşlar üçün qərargahın girişində televizor qoyuldu və içəridən canlı yayınla gedişatı izləmək imkanı yaradıldı. Bu arada yada salaq ki, bu tədbir qabaqcadan razılaşdırıldığına görə, “Ambassador” otelinin akt zalında keçirilməli idi. Ortada müqavilə və ödəmə sənədi olmasına baxmayaraq, siyasi hakimiyyətin təzyiqi ilə otel ən son anda Foruma yer verməkdən imtina etdi. Bu səbəbdən də tədbir Müsavat Partiyasının qərargahında keçirildi. Və o dərəcədə möhtəşəm alındı ki, hər kəs Müsavatın ən kritik durumda belə toparlanma, təşkilatlanma qabiliyyətini heyranlıqla qeyd edirdi.

***

Foruma qatılan tanınmış qonaqların sayı da o qədər çox idi ki, hamısını qeyd etməmiz bir az çətin olardı. Amma yenə də bəzilərini yazaq: AXCP sədri Əli Kərimli, sabiq baş nazir Pənah Hüseyn, ADP sədri Sərdar Cəlaloğlu, VHP sədri Sabir Rüstəmxanlı, millət vəkili Vahid Əhmədov, Almaniya səfiri, Türkiyə və ABŞ səfirliyinin nümayəndələri, tanınmış beynəlxalq təşkilatların, Avropa Liberal institutlarının təmsilçiləri, Cümhuriyyət Xalq Partiyasının sədr müavini Osman Faruk Loğoğlu (Azərbaycandakı keçmiş səfir), Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal, Dərnəyin Mərkəzi İdarə Heyətinin üzvü Səlcuq Önal, baş katibi Tuncer Kırhan, Bursa şöbəsinin rəhbəri xanım Handan Askeran Ton, Türkiyədə yaşayan həmvətənimiz Xanım Xəlilova , görkəmli şair Ramiz Rövşən, tanınmış yazıçımız Əkrəm Əylisli, bir çox ziyalılar, sabiq millət vəkilləri, KİV rəhbərləri və təmsilçiləri Forumun dəvətliləri sırasında idilər.

***

Tarix və oxucularımız üçün Forumun gedişatından bəzi fraqmentləri verək.
Tədbiri giriş sözü ilə açan FNF-in Cənubi Qafqaz ofisinin rəhbəri Ərəstun Oruclu bildirdi ki, 100 yaşı olan Müsavat Partiyası dövlətçiliyimizin qurulmasının, onun prinsiplərinin formalaşmasının kökündə dayanan bir təşkilatdır: “Müsavat fəaliyyəti dövründə çətin yollardan keçib. Bəlkə də elə taleyin hökmüdür ki, partiya öz yubileyini elə bu qərargahda qeyd edir. Bütün cəhdlərə baxmayaraq hakimiyyət bu tarixi günün daha geniş yerdə keçirilməsinə mane oldu. Amma Azərbaycanda Avropa dəyərlərinin təsbitinin tarixi günü kimi məhz Müsavat Partiyasının yaradılması qalacaq”.
FNF-in Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri Rene Klaff isə bildirdi ki, Müsavat Partiyasının Azərbaycanın müstəqillik tarixində böyük rolu olub: “Məhz bu partiya 20-ci əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda savaşa atılıb. Əgər Rəsulzadə olmasaydı, Azərbaycanın tarixi başqa istiqamətdə inkişaf edə bilərdi. Bundan başqa, Müsavat Partiyasının indiki başqanı Azərbaycanın çətin vaxtlarında ölkə başçısının səlahiyyətlərini icra edib. Hazırda partiya demokratiya, qanunun aliliyi uğrunda mübarizə aparır”.
Avropa Liberal Demokratik İslahatlar İttifaqının vitse-prezidenti Dik Roşe dedi ki, 100 il yaşı olan Müsavat Partiyası gərgin siyasi mübarizə yolu keçib: “Hazırda Azərbaycan 6 keçmiş sovet respublikasının qatıldığı "Şərq tərəfdaşlığı" proqramının üzvüdür. Bu əməkdaşlıq Azərbaycana Avropa dəyərlərinin gətirilməsi üçün vacibdir. Amma biz görürük ki, qəbul olunan sənədlə Azərbaycan reallığı bir-birinə uyğun deyil. Azərbaycanda hazırda siyasi məhbus problemi var. Bu gün Müsavat Partiyasının rəhbərliyindən Arif Hacılı, Tural Abbaslı siyasi məhbusdurlar. Biz ölkədə siyasi məhbus probleminin olmasını pisləyirik. Söz və mətbuat, sərbəst toplaşmaq azadlığının təmini, siyasi məhbus probleminin çözülməsi mühümdür".
Dik Roşe üzünü “2 aprelçilər”in tədbirin keçirildiyi otağın divarına vurulan şəkillərinə tutaraq “Siz tək deyilsiniz, biz sizi dəstəkləyirik, biz sizinləyik”, - dedi.
Dik Roşenin çıxışını bu cür yekunlaşdırması tədbir iştirakçılarının gurultulu alqışına səbəb oldu.

***

Müsavat başqanı İsa Qəmbər çıxışında 100 il əvvəl yaranan partiyanın qarşısına Azərbaycanın müstəqilliyini, vətəndaşının azadlığını, ölkəmizin Avropanın bir hissəsi olmasını məqsəd qoyduğunu dedi: “Bugünkü tədbir Müsavatın doğru yolda olduğunu göstərir. Hazırda Müsavat demokratik düşərgədəki müttəfiqləri ilə demokratiya uğrunda mübarizəsini davam etdirir. 100 il əvvəl Məhəmməd Əmin Rəsulzadənin qarşısına qoyduğu ən böyük hədəfə-Azərbaycanın müstəqilliyinə xalqımız 90-cı illərin əvvəllərində Əbülfəz Elçibəyin rəhbərliyi altında nail oldu. Bugünkü tədbirdə müsavatçılıq ideologiyasının Türkiyədə davamçısı olan Cəmil Ünal əyləşib. Mən onu salamlayıram. Partiyamızın yubileyi ilə bağlı çoxlu təbrik məktubları alırıq. Onları sabah keçiriləcək (bu gün-red) tədbirimizdə elan edəcəyik. Müsavat Partiyası yarananda xeyli sayda ziyalı onun sıralarına qatılmışdı. Onlara misal olaraq Üzeyir Hacıbəyovu, Əhməd Cavadı, Yusif Vəzir Cəmənzəminlini, Cəfər Cabbarlını və başqalarını göstərmək olar. Hazırda da Müsavat Partiyasının sıralarında ölkənin tanınmış ziyalıları təmsil olunub. Bir müddət əvvəl partiya rəhbərliyinə daxil olan şəxslərə həbs cəzasının verilməsinə etiraz əlaməti olaraq bir qrup gənc yazıçı Müsavat sıralarını seçdilər. Hazırda Müsavat Partiyası İctimai Palatada demokratiya uğrunda mübarizə aparır. Mən apardıqları mübarizəyə görə həbsxanada olan tərəfdaşlarımızı da buradan salamlayıram”. İsa Qəmbər Arif Hacılının yubiley münasibəti ilə təbrik məktubu yolladığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Müsavat başqanı bildirdi ki, Azərbaycan müstəqil ölkə olsa da, təəssüf ki, çağdaş dünyada mövqeyini müəyyənləşdirə bilməyib: “Azərbaycan Vaşinqtonla Brüssel, Moskva ilə Tehran arasında var-gəl etmək siyasətinə son qoymalıdır. Azərbaycan dövlətçilik maraqlarına uyğun olan Avroatlantik məkana inteqrasiya kursunu seçməlidir. Azərbaycana milyardlarla neft və qaz pulları gəlməsinə baxmayaraq, ölkə vətəndaşları işsizlikdən əziyyət çəkirlər. Azərbaycanda çoxlu sayda otellər tikilməsinə baxmayaraq, ölkənin 100 yaşı olan partiya üçün tədbir keçitilməyə yer tapılmır. İlham Əliyev Varşavadan dönən kimi orada öhdəliklər götürməsinə baxmayaraq, siyasi təzyiqləri daha da artırır, siyasi məhbus problemini dərinləşdirir. Məhz bunun nəticəsidir ki, həbsə YAP-çı kimi salınan Ülvi Quliyev bu gün Müsavat sıralarını seçir. Mən ölkə gəncliyini, ziyalıları hakimiyyətə qarşı mübarizə aparmağa çağırıram”.

Müsavat Divanının üzvü Nəsiman Yaqublu “Müsavat - azadlıq və müstəqilliyə bağlı 100 il” mövzusunda çıxış etdi. N.Yaqublu bildirdi ki, hazırda dünyada yaşı 100-ü ötmüş siyasi təşkilat olduqca azdır. Bugünkü tədbirin Almaniya təşkilatı tərəfindən düzənləndiyinin təsadüfi olmadığını deyən N.Yaqublu vurğuladı ki, müsavatçılarla almanların münasibətlərinin və ilişkilərinin dərin tarixi var. 1950-ci ildə ABŞ-ın dəstəyi ilə Münhendə yaradılan və SSRİ-ni öyrənməklə məşğul olan institutun əsas fəalları müsavatçılar olublar: “Müsavat Partiyası təkcə Azərbaycan xalqının demokratik azadlıqları uğrunda deyil, bütün xalqların hüquqlarının qorunması uğrunda mübarizə aparıb”.

***

Forumun növbəti mərhələsində “Azərbaycanda liberalizmin gələcəyi” adlı mövzu ilə bağlı çıxışlar oldu. Demokratiya və Azadlıq Uğrunda Xalq Partiyasının təmsilçisi Yan Drik Blau bildirdi ki, Niderlandın siyasi həyatında liberal dəyərlər hələ 14-cü əsrdə formalaşmağa başlayıb. Cənubi Qafqaz və Mərkəzi Asiyadakı ölkələrdə dövlət gəlirlərinin böyük hissəsinin kiçik zümrələrin əlində toplandığını deyən avropalı qonaq liberalların məhz bu cür mənfi hallara qarşı mübarizə apardığını qeyd etdi.
Gürcüstan Respublikaçılar Partiyasının sədri David Usupaşivili isə bildirdi ki, demokratiyanın bərqərar olunması Cənubi Qafqazda bütün problemlərin həlli baxımından vacibdir. D.Usupaşvili hesab edir ki, demokratiyanın boğulması və insan haqlarının pozulması bölgəni parçalayır. Azərbaycanda bu günün qəhrəmanlarını məhz hazırda həbsdə yatan şəxslər olduğunu deyən GRP lideri vurğuladı ki, Gürcüstan heç də ilk baxışdan göründüyü kimi tam demokratik deyil. Partiya sədri ötən il Cənubi Qafqaz ölkələrinin liberal partiyalarının bəyannaməsini xatırladaraq qeyd etdi ki, bu sənədin imzalanması tarixi bir hadisə idi.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, tez-tez hakimiyyət düşərgəsindən Azərbaycanın demokratiyaya hazır olmadığı arqumenti səslənir: “ Gürcüstanın da demokratik təcrübəsi azdır. Lakin orada demokratiya uğrunda addımlar atılır. Ermənilər tez-tez bu arqumenti gətirirlər ki, Azərbaycan bizə yüksək muxtariyyət vəd edir, amma Azərbaycan hakimiyyəti öz vətəndaşlarının hüquqlarını kobud şəkildə pozur. Ən azı bu arqumenti ermənilərin əlindən almaq üçün Azərbaycanda demokratiya uğrunda addımların atılması vacibdir”.

Daha sonra tədbir iştirakçıları mövzu ilə bağlı çıxışçılara suallarını ünvanladılar. AXP lideri Pənah Hüseynin replikası tədbiri canlandırdı və rəng qatdı. Azərbaycanda Gürcüstandakı demokratiya modelinin bir nümunə kimi qəbul olunduğunu söyləyərək, Gürcüstan təmsilçisinin çıxışını xatırlatdı. “Demokratik Saakaşvili avtoritaramı çevrilib”, ritorik sualına cavab olaraq Usupaşvili bildirdi ki, həqiqətən də Gürcüstanda hazırda demokratiya ilə bağlı çoxlu uğurlarla yanaşı, bir sıra problemlər də yaşanır: “Görünür, sizin dövlət başçısı Saakaşviliyə pis təsir etdi. Çünki o, hakimiyyətinin əvvəllərində olduğu kimi demokratik dəyərlərə sadiq deyil”.
Gürcüstandan olan başqa bir təmsilçi Pata Sisilidze də müzakirəyə qoşularaq bildirdi ki, ölkədə islahatlar çox sürətlə başlasa da, daha sonra bu proses səngidi. Siyasi sahədəki islahatlar iqtisadi islahatlarla müşayiət olunmadı. Təkrar söz alaraq, debatlara qatılan Müsavat başqanı İ.Qəmbər bildirdi ki, Müsavat üçün ən böyük dəyər azadlıqdır: “Məhz buna görə Rəsulzadə "Millətlərə istiqlal, insanlara hürriyyət" deyib. Dünyada azadlıqdan yüksək dəyər yoxdur. Bütün problemlərin həlli də azadlıqdan keçir".

Tədbirin üçüncü hissəsində isə iqtisadçı ekspertlər, Müsavat Partiyasının Divan üzvü, İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu, İqtisadi Təşəbbüslər Mərkəzinin sədri Azər Mehtiyev və Dik Roşe məruzə ilə çıxış etdilər. Ekspertlər bildirdilər ki, Azərbaycanda iqtisadiyyat azad deyil. İqtisadiyyatın böyük hissəsi beş-altı məmur-oliqarxın əlində cəmləşib. Q.İbadoğlu bildirdi ki, “Ambassador” və “Hyatt Regency” otellərində forumun keçirilməsinə razılıq verilməməsi bunu sübut edən faktlardan biridir.
Sonuncu müzakirə paneli “Avropanın siyasəti - Regional əməkdaşlıq üçün strategiya axtarışı" mövzusu ətrafında oldu. Avropa Parlamentinin və ALDE qrupunun üzvü Anneli Yaateemaki mövzu ətrafında çıxış etdi.

Ə.Oruclu mövzu ətrafında danışaraq bildirdi ki, ölkədə avtoritarizmin qalması beş Qarabağ problemindən də təhlükəlidir: “Kriminal rejimlər dünyanı islam radikalizmi ilə təhdid etdi. Bu rejimlər çökdü. Amma həmin ölkələrdə islam radikalizmi görünmür. Sən demə, bu, heç yox imiş. Bölgədə demokratikləşmə paralel getməlidir ki, rejimlər bir-birini qoruya bilməsinlər, bölgənin müqəddəratı bir-iki avantüristin hakimiyyəti qorumaq cəhdindən asılı qalmasın. Zorakılıq yolu ilə seçilən hakimiyyət münaqişəni həll edə bilməz. Avropa ölkələrinin bugünkü çiçəklənməsinin qarşısında qanunun aliliyi dayanırsa, biz Avropadan bu dəyərləri istəyirik. Qalan şeyləri özümüz edəcəyik”.
AXCP sədri Əli Kərimli Müsavat Partiyasını yubiley münasibəti ilə təbrik etdi: “Müsavat və AXCP ortaq siyasi görüşləri olan partiyalardır. Biz birlikdə Azərbaycanı müstəqilliyə qovuşdurmuş xalq hərəkatını həyata keçirmişik, birlikdə iqtidar olmuşuq, birlikdə avtoritarizmə qarşı Azərbaycan cəmiyyətinin müqavimətini təşkil etmişik. İnanıram ki, birlikdə də iqtidar olacağıq”.

Ə.Kərimli bildirdi ki, Cənubi Qafqazın Avropaya inteqrasiyası artıq başlayıb: “Bunda Avropa Birliyinin özü də maraqlıdır. Region ölkələri 93 il əvvəl Avropa seçimini ediblər. Avropa inteqrasiyanı şərtləndirən üçüncü faktor Xəzərin və Orta Asiyanın böyük enerji mənbələrinə olan ehtiyacla bağlıdır. Azərbaycanın üzvü olduğu Avropa təşkilatlarına inam sarsılıb. Azərbaycan üzrə məruzəçi Qross deyirdi ki, Azərbaycandakı çirkli pullar Avropa Şurasının koridorlarına da ayaq acıb. Soyuq müharibə dövründə yaradılan ATƏT isə yalnız Minsk Qrupuna görə tanınır. ATƏT-in fəaliyyəti demək olar ki, yox səviyyəsindədir. Azərbaycan demokratiyaya təzə-təzə qədəm qoymur. Azərbaycan demokratiyadan avtoritarizmə qədəm qoyub. Bu gün azadlıq naminə on səkkiz nəfər həbsdədir. Müxalifət partiyalarında o cür fədakar insanların sayı minlərlədir. Aydın məsələdir ki, heç də hər şey Azərbaycan daxilində həll edilmir. Beynəlxalq təşkilatlar, Avropa ortaya konkret mövqe qoymalıdır. Üç-dörd gün əvvəl Avropa Birliyində öhdəliklər götürən İlham Əliyev ölkəyə dönən kimi siyasi rəqiblərini zindana göndərdi. Biz müqavilə və öhdəliklərin ağ kağız üzərində qalmasından yorulmuşuq”.
Daha sonra Gürcüstan Respublikaçılar İnstitutunun təmsilçisi İvliyan Haindrava Varşava sammitinin nəticələrindən danışdı.
Tədbirdə eks baş nazir P.Hüseyn də çıxış etdi. Pənah bəyin enerjili və nikbin çıxışı tədbir iştirakçılarının xüsusi təqdiri ilə qarşılaşdı. Onun “Azərbaycanda müsavatçıların sayı Müsavat Partiyası üzvlərinin sayından dəfələrlə çoxdur”, - sözləri isə alqışlarla qarşılandı. Qeyd edək ki, sonuncu panelin moderatoru "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev idi. Mehman bəyin çıxışlararası yorumları və replikaları da iştirakçılar tərəfindən maraqla qarşılandı.
İsa Qəmbərin yekun sözündən sonra möhtəşəm tədbir başa çatdı. Bu gün saat 11-də Müsavat Partiyasının qərargahında daha bir yubiley tədbiri keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR