Zığ sakini: "Bizim qəsəbənin işi Allaha qalıb, heç kim baxmır" - VİDEO, FOTOLAR
Məsələn, Zığ qəsəbəsi... Qəsəbə sakinləri kasıblıqdan, işsizlikdən əziyyət çəkirlər. Bir çox ailələr ya bir nəfərin maaşı, ya da təqaüdü ilə dolanır. Ona görə də, kommunal xərclərini ödəməkdə də çətinlik çəkirlər.
Bütün bunları musavat.com-un reportyoruna qəsəbə sakinləri deyiblər.
"Oradan-burdan 10 manat borc tapdım, nəvəmə ayaqqabı aldım"
Zığın ağsaqqalarından biri olan Əhməd Tağızadə sakinlərin maddi vəziyyəti ilə bağlı bunları dedi: "Bizim kəndimizin işi Allaha qalıb. Kəndimizə baxan yoxdur. Suyumuz indi-indi düzəlməyə başlayıb. Yollarımız illərdir asfalt üzü görmür. Qəsəbədə iş yeri də yoxdur. Burada 3-4 ədəd avtobus parkı var. Heç biri işləmir. Ya oranı açın ki, camaat işləsin, ya da başqa bir məqsəddə istifadə edin. Fərq etməz, əsas odur ki, iş olsun. Camaat acından ölür. Kommunalı güclə, gücənə-gücənə, təqaüdümüzlə veririk. Bəzən ödənişi tam verə bilməyəndə, gəlirlər xətti kəsirlər. A bala, pulumuz olsa, niyə verməyək ki? Yoxdur. Nəyimiz varsa, onu veririk.
Bu cavanlar neyləsinlər? Oğurluq etsinlər? Bəzən telekanallarda baxırıq. Tez-tez oğurluqla bağlı xəbərlər verirlər. Filan rayonda, filankəs mal apardı, qoyun apardı. Hamısı olmasa da, çoxu məcburiyyətdən buna əl atırlar. Evdəki uşaq "yoxdur" sözünü başa düşmür axı. Atasına deyir ki, "Mənə yemək ver". Mən iki yetim nəvə saxlayıram. Biri 6-cı sinifdə, o biri 8-ci sinifdə oxuyur. 120 manat təqaüdümlə həm onlara baxıram, həm evin xərclərini ödəyirəm. İş olsa, qızım işləyər. Amma iş yoxdur. Keçən dəfə qızım deyir ki, "Ata, uşağın ayaqqabısı cırılıb". Oradan-burdan 10 manat borc tapdım, nəvəmə ayaqqabı aldım. Vəziyyətimiz belədir".
"İcra başçısı qəsəbəyə 1 metr də olsun, asfalt salmayıb"
Qəsəbənin yaşlı sakinlərindən biri olan Nakif Babayev təqaüdü hesabına yaşadıqlarını, buna görə də maddi durumlarının çox ağır olduğunu vurğuladı: "Cavan-cavan uşaqlar küçədə avara-avara gəzirlər. Bir dənə də olsun, iş yeri yoxdur. İcra başçısı qəsəbəyə 1 metr də olsun, asfalt salmayıb. Qəsəbədə deputat yaşayır. Onun qapısına asfalt çəkiblər. Ondan bizə nə? Hər il hesabat verirlər. Guya nəsə iş görüblər. Həmin işləri biz niyə görmürük? Oğlumun 30-dan çox yaşı var. Amma iş tapa bilmir. Onun da 2 balaca oğlu var. Hamısına təqaüdümlə baxıram. Öz dərmanlarımı güclə alıram. Bəzən pulum çatmır, dərmanlarımın hamısını ala bilmirəm. Nə sosial yardım verirlər, nə də başqa bir şey... Mən 2 əsgər böyüdürəm. Onları əsgər aparmağa gələndə, aparmağa imkan verməyəcəyəm".
Məhəmməd Türkmən,
Fotolar və video müəllifindir.






