İnsanlara hürriyət, millətlərə istiqlal!

Zərərçəkənlər Mövlam Şıxəliyevin müraciət etdiyi generallara məktub yazdı – İndi də Sizləri aldatmaq kimi sərsəm bir işə qol qoyur!

1431 02.03.2023 19:10 Kriminal A A

Keçmiş Milli Təhlükəsizlik Nazirliyi(MTN 2015-ci ildə ləğv olunub – E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyev hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciəti onun cinayət işi üzrə zərərçəkənlərin kəskin etirazı ilə qarşılanıb.

Yada salaq ki, Mövlam Şıxəliyev prezidentin köməkçisi Fuad Ələsgərova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Təhlükəsizlik Şurasının katibi Ramil Usubova, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Bəylər Eyyubova, baş prokuror Kamran Əliyevə, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət ünvanlamaqla əməlində cinayət tərkibi olmadığını iddia etmişdi.

Həbsdəki generalın üz tutduğu məmurlara onun cinayət işi üzrə zərərçəkənlərin bir qismi məktub ünvanlayıblar.

10-dan çox zərərçəkənin imzaladığı məktubda Mövlam Şıxəliyev və onunla birgə məhkəmə qarşısına çıxarılan 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov, şöbə rəisinin müavini Sahib Ələkbərovun cinayət əməlləri sadalanır.

Zərərçəkənlərdən Əhməd Mirzəyevin epizodu üzrə o, bunları diqqətə çatdırır:

-Hörmətli cənablar, Mövlam Şıxəliyevlə başının dəstəsi bizə qarşı cinayət törədiblər və həmin cinayətləri illərlə davam etdiriblər. Konkret olaraq mənə qarşı hansı cinayət olub? Gürcüstanda yaşayan dostum mənə hədiyyə göndərib. Mövlam Şıxəliyev, onun bu gün ortalıqda olmayan cinayətkar müavini Təhsin Ağayev həmin hədiyyəni qaçaqmal elan ediblər və məni qanunsuz olaraq həbs edib qaçaqmalçılıq ittihamı veriblər. Halbuki, həddiyyənin qaçaqmal olmasını sübut edən hər hansı bir fakt yoxdur. Məni, iş üzrə zərərçəkən Zaur Əliyevi, sürücüm Arif Allahverdiyevi qanunsuz olaraq həbsə alıblar. Bundan sonra Mövlam Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstə məndən azad olunmağım üçün yarım milyon dollar pul tələb ediblər. 1 aya yaxın həbsdə saxlamaqla 400 min dollar pul aldılar. Bundan sonra da Mövlam Şıxəliyev məndən əl çəkmədi. 2010-cu ildən düz 2015-ci ilin oktyabrına qədər Mövlam Şıxəliyev təsisçilərindən olduğum “Slavyanka” MMC-dən özünün evlərinə, ofislərinə, MTN-dəki iş yerinə 1 qəpik ödəmədən su daşıyıb. Rəhbəri olduğum “Santexmax” mağazasından illərlə kafel-metlax, hamam, mətbəx üçün aksessuarlar daşıyıb apardılar. O MTN generalı, mən isə sıradan bir iş adamı idim. Məni qanunsuz həbs edənə qədər Mövlam Şıxəliyevin adını belə eşitməmişdim. Bu adam mənim dostum, tanışım, qohumum da olmayıb ki, desin ki, Əhməd Mirzəyev bu qədər pulu, mal-materialı, tonlarla suyu mənə hədiyyə edib. Məni MTN-dən buraxandan sonra Mövlam Şıxəliyev mütəmadi olaraq zəng edirdi. Gah deyirdi telefon lazımdır, al gətir, gah deyirdi kostyum al. Mənə “Stefanno Ricci” mağazasından 25 min dollara kostyum aldırıb. Mağazaya kostyumun pulunu ödəmişəm, amma kostyumu deyil, gedib pulunu götürüb. Bu adamın gözü doymurdu. Hər zəngində nəsə tələb edirdi. İstintaq onun mənə davamlı zənglərinin çıxarışını da əldə edib və cinayət işinin içində də var. Adam 5 il məni təzyiq altında saxlayıb, indi də sizlərin gözünə kül üfürməklə məşğuldur.

Hörmətli cənablar, sizlərin hər birinizdən xahiş edirəm ki, Mövam Şıxəliyevin müraciətinə reaksiya verməzdən əvvəl mənə, digər zərərçəkənlərə qarşı cinayətlərinə diqqət edəsiniz.

Zərərçəkən Hüseyn Səfərov da Mövlam Şıxəliyevin mütəşəkkil cinayətkar quldur dəstənin başçısı olduğunu qeyd edir:

“Mövlam Şıxəliyevə rəhm yox, ağır cəza verilməlidir. Təkcə mənə qarşı cinayətinə görə o, ən ağır cəzaya layiqdir. Mən nə etmişdim? Banka pul qoymuşdum. Mövlam Şıxəliyev başının dəstəsi ilə banka qarşı quldur yürüşü etdilər, bankın xəzinəsindəki pulu daşıyıb apardılar. Məni də bankın bir çox müştəriləri kimi həbs elədilər. Bundan sonra məni və ailə üzvlərimi hesablarımızdakı pullardan əl çəkməyə məcbur elədilər. Üstəlik ailəmdən mənim azadlığım üçün 2 milyon dollar pul tələb edib aldılar. Bu pulu düzəltmək üçün övladlarım evlərini, qızıl-zinət əşyalarını, ələ gələn qiymətli nə varsa hamısını satıblar, banklardan kreditlər götürüb quldurbaşı Mövlam Şıxəliyevə veriblər. Bundan sonra məni azad ediblər. Amma Mövlam Şıxəliyev bundan sonra da məndən əl çəkməyib. Zəng edirdi ki, telefon al, bahalı saatlar gətir. İndi də timsah kimi göz yaşı axıdır. Mənim özümdən, hər bir zərərçəkəndən şəxsən pul tələb eləyib və dəstə üzvlərinin əli ilə alıb. İndi də Sizləri aldatmaq kimi sərsəm bir işə qol qoyur.

Zərərçəkən Zaur Əliyev Mövlam Şıxəliyevin onun qanunsuz həbsinə nail olduğunu qeyd edir: “Mənim evimə basqın təşkil etmişdi. Guya ki, mən qaçaqmalçılıqla məşğulam. Əslində isə heç bir qaçaqmalçılıqdan söhbət getmirdi. Əksinə mənə qarşı dövlətin gücündən istifadə etməklə quldurluq cinayəti törədildi. Məni girov saxladıqları müddətdə ailəmdən 100 min dollar pul aldılar. Bundan sonra qanunsuz olaraq məhkum olundum. Mövlam Şıxəliyev Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə Azərbaycan vətəndaşları üçün təhlükə mənbəyinə çevirmişdi. Bir balaca imkanı olan hər kəsə qarmaq atır, pul almamış azad etmirdilər. Ümid edirəm ki, bu gün onun sizlərə məktub yazıb rəhm diləməsinə əhəmiyyət verməyəcəksiz. Mövlam Şıxəliyevin bizlərə qarşı cinayətləri ona münasibətdə rəhm göstərilməsini istisna edir. Üstəlik dövlətin əsaslarına ziyan vura bilər”.

Zərərçəkən Sərdar İsmayılov qeyd edir ki, Mövlam Şıxəliyev ətrafına topladığı dəstəsi ilə onu bir sahibkar kimi sıradan çıxarıb: “Hörmətli cənablar, mən atamı uşaq ikən itirmişəm. Bakıya gəlib bazarda piştaxta qurub alver etməklə özümə ortabab biznes qura bilmişdim. Çindən Gürcüstana, oradan isə Azərbaycan ərazisindən tranzitlə keçməklə İrana mal aparırdım. Mövlam Şıxəliyevin mütəşəkkil cinayətkar quldur dəstəsi mənə məxsus malı qanunsuz olaraq saxladı, qaçaqmal elan etdi və ələ keçirdi. Məni qanunsuz olaraq həbsə aldılar. Qaçaqmal adı altında guya müsadirə olunan malımı isə bazarda satdırdılar. Ümumilkdə mənə 1 milyon manata yaxın ziyan vurdular. Bu gün də borc içindəyəm. Mövlam Şıxəliyevin müraciətini oxuyandan sonra şoka düşdüm ki, insan bu qədər də yalan danışa bilərmi? Mövlam Şıxəlyev sanki istintaq rəisi olmayıb. Onunla bağlı cinayət işi başdan-başa faktlardan ibarətdir. Bununla belə yalanlarından əl çəkmir, sizlərə kələk gəlmək niyyətindədir”.

Zərərçəkən Əfsəl Həsənəliyev müraciətdə iş üzrə zərərçəkənlərin hər birinin eyni ssenari üzrə azad edilməsinə çəkir: “Uzun illər Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə çalışmışam. Təqaüddə olduğum zaman müxtəlif işlərlə məşğul olub ailəmin ehtiyaclarını qarşılamağa çalışırdım. Məni qanunsuz olaraq həbs elədilər, aylarla həbsdə saxladılar. Evimi ailəmə banka girov qoydurub külli miqdarda pul götürəndən sonra məni azad etdilər. İşi də məhkəməyə göndərib barəmdə qanunsuz hökm çıxarılmasına nail oldular.

Hörmətli cənablar, mən həbsdən çıxandan sonra bildim ki, Mövlam Şıxəliyev və başının dəstəsi mənim kimi xeyli Azərbaycan vətəndaşını qanusuz olaraq həbsə alıb və pul qoparandan sonra xəstəlik adı ilə həbsdən azad ediblər. Hazırda iş üzrə 36 zərərçəkən var. Zərərçəkənlərdən azı 30 nəfəri istintaq dövründə ailələrdən pul qoparılandan sonra həbsdən azad ediliblər. Bundan sonra Mövlam Şıxəliyev və başının dəstəsi öz əməllərinə qanuni don geydirmək üçün qondarma cinayət işlərini məhkəmələrə göndərməklə hökm çıxarılmasına nail olublar. Hörmətli cənablar, hesab edirəm ki, sizlər kifayət qədər həyat təcrübəsinə, hüquqi savada maliksiniz və Mövlam Şıxəliyev kimi mütəşəkkil cinayətkar quldur dəstə başçısının əsassız müraciətinə cavab verməyəcəksiniz”.

Xatırladaq ki, hazırda Bakı Apelyasiya Məhkəməsində Mövlam Şıxəliyev və digər 3 şöbə rəisinin şikayətlərinə baxılır.

Elşən MƏMMƏDƏLIYEV,
Müsavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR