İnsanlara hürriyət, millətlərə istiqlal!

"Zərbə"dən "İti Qovan"a - Azərbaycanın yenilənmiş PUA-sının imkanları

5718 22.10.2020 16:20 Son xəbər A A

Hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İTİ QOVAN" PUA-nın imkanlarını və texniki göstəriciləri barədə danışıb. Musavat.com ekspertin məqaləsini təqdim edir:


- Davam edən əks hücum əməliyyatları fonunda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən müxtəlif hərbi təyinatlı məhsullar xüsusi əhəmiyyət kəsb edir. Bu məhsullar arasında taktiki-texniki parametrlərinə görə müxtəlif siniflərə aid edilən pilotsuz uçuş aparatları da mövcuddur. Artıq uzun müddətdir ki, MSN-nin müvafiq müəssisəsi bu PUA-ların yaradılması, istehsalı, çatdırılması, həmçinin istismar müddətində texniki qulluq göstərilməsi istiqamətində ardıcıl planlı fəaliyyətlər davam etdirilir. Bu dəfə MSN "İTİ QOVAN" kimi fərqli kod adına malik PUA istehsalı etdiyi barədə sensasiyalı məlumat yaymaqla Ali BAş Komandanın məşhur ifadəsini əbədiləşdirdi.
Bu dəfə Sizə orqinal adı ilə fərqlənən "İTİ QOVAN" pilotsuz uçuş aparatlarının yaranması, təyinatı, taktiki texniki xüsusiyyətləri barədə məlumat veriləcək.

"Zərbə"dən "İTİ QOVAN"a


2016-cı ilin Aprel əməliyyatları zamanı Azərbaycan MSN-nin tərkibində daxil olan müəssisələrdən birində istehsal edilən “Orbiter” ailəsinə məxsus PUA-ların tətbiq edildiyi məlum oldu. Hərbi dairələrdə “Orbiter-1K” kimi təsnifatlandırılan PUA-lar Azərbaycanda istehsal edilir. Yerli istehsalçı tərəfindən ictimaiyyətə “Zərbə” pilotsuz uçuş aparatı kimi ilə təqdim edilən bu pilotsuz vasitələr son günlər "İTİ QOVAN" adı ilə Silahlı Qüvvələrə çatdırır.

Təyinatı

“Gəzən sursat” sinifinə aid "İTİ QOVAN" PUA-ları quruda, dənizdə və havada həm kəşfiyyat, həm hədəflərə zərbə vəzifələrinin yerinə yetirmək üçün nəzərdə tutulub. PUA GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçən yerli mühəndislər məşğul olurlar. Yalnız xüsusi sınaqlardan sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir.


Konstruksiyası


"İTİ QOVAN" PUA-ları konstruksiya ölçülərinə uyğun olaraq kompozit materiallardan hazırlanır. Montaj və quraşdırma prosesi zamanı PUA-ya xüsusi mini optik kamera yerləşdirilir. Aparat xüsusi radioelektron mühafizə sisteminə malikdir, bu isə ona elektron maneə vasitələrinə qarşı dayanıqlı olmağa imkan verir.

PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı başlıqla piyada əleyhinə və müxtəlif texnikalara qarşı effektivdir. Aparat həm katapultdan, həm də xüsusi avadanlıqlarla təchiz edilən yüksək keçicilik qabiliyyətinə malik MRAP tipli vasitə üzərindən buraxıla bilər. Mobil şassi üzərində yerləşən PUA-nın qısa müddət ərzində istəniln istiqamətdə tətbiqi mümkündür.

Operator hazırlığı

İstehsalçı müəssisədə təşkil edilən kurslarda Müdafiə Nazirliyinin PUA operatorları təlim keçir. Bu məqsədlə hər il çoxsayda kursantlar seçilir və təlimə cəlb olunur. Təlim-tədris kurslarını müvəffəqiyyətlə bitirən kursantlara müxtəlif ixtisaslar üzrə sertifikatlar verilib. Bu müdavimlər hazırda müxtəlif pilotsuz vasitələri, o cümlədən İTİ QOVAN PUA-larını idarə etməklə düşmənin bütün hərəkətlərini günün istənilən vaxtında - gecə və gündüz nəzarətdə saxlayaraq, verilən döyüş tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirirlər. Bunu yayılan video kadrlar da visual olaraq nümayiş etdirir.

Taktiki texniki xüsusiyyətləri

Bu PUA ön hissəsində yerləşən partlayıcı yükü daşımaq üçün uyğunlaşdırılan korpusa malikdir. Əvvəlki nəsil aparatların müsbət cəhətlərini özündə birləşdirən "İTİ QOVAN" PUA-sı 30 sm yüksəkliyə, 1 metr uzunluğa və 2.2 metr qanad açılımına malikdir.

5500 metr yüksəklikdə və 50 km radiusda kəşfiyyat xarakterli vəzifələri yerinə yetirən PUA-nın kütləsi 6.5 kq, maksimum sürəti isə 140 km/saatdır. Uçuş müddəti 2-3 saat arasında dəyişir. Bütün görüntülər, əldə edilən video və telemetrik kəşfiyyat məlumatları 12 saatlıq həçmə malik sərt diskə yazılmaqla onlayn rejimdə idarəetmə məntəqəsinə də göndərilir. “Gəzən döyüş sursatı”nın qəlpəli fuqas başlığından ibarət faydalı yükünün kütləsi 2.2-2.6 kq arasında dəyişir.

Qalxma kütləsi: 6.5 kq;
Hündürlüyü: 30 sm;
Faydalı yükün kütləsi 2.2 kq;
Qanad açılımı: 2.2 m;
Uzunluğu: 1 m;
Hərəkət radiusu: 50 km;
Maksimum uçuş hündürlüyü: 5500 m;
Maksimum sürəti: 140 km/saat;
Uçuş müddəti: 2-3 saat.

Texniki imkanları

- Kiçik hədəflərə məsafədən zərbə imkanı;
- 2 kiloqrama qədər xüsusi yük (partlayıcı) daşımaq imkanı;
- Mini EO/IR cihazlarından ibarət kameraların quraşdırılma imkanı;
- Havaya buraxılmanın müxtəlif və sadə üsulları;
- Avtomat paraşüt və təhlükəsizlik yastığı;
- Aşkar edilən görüntülərin yüksək HD formatda onlayn ötürülməsi;
- Analoq və rəqəmsal kommunikasiya üçün nəzərdə tutulan orta mənzilli konfiqurasiya;
- Sistem sənaye standartlarına, o cümlədən video axını üçün H.246, idarəetmə üçün isə NATO-nun STANAG 4586 standartlarına tam uyğun gəlir.

 4.jpg (91 KB)

1.jpg (127 KB)

db04036a-5ec7-4c34-bbf9-3354b59980cd.jpg (69 KB)

4.jpg (91 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR