İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngilan stadionunu minadan kim təmizləyib?

1650 24.06.2019 10:50 Yazarlar A A

Ermənilər Zəngilanda yeni stadionun açılışını ediblər. Stadion, özü də Zəngilanda! Artıq işğalçı ölkə Dağlıq Qarabağa iddiasını ortaya qoymur, ətraf rayonlarda da infrostrukturun bərpası, hətta idmanın inkişafı ilə bağlı layihələri gerçəkləşdirir.

Mətbuat yazır ki, Zəngilan stadionu ilə bağlı layihəni Birləşmiş Ərəb Əmirliklərində yaşayan Armik Xosrofyan adlı iş adamı maliyyələşdirib. Regionda özünü təcrid vəziyyətinə salmış işğalçılar nə qədər ağır durumda yaşasalar da, yenə ərazi iddialarından əl götürmrlər.

Başqa bir xəbərə görə, avqustda torpaqlarımızda keçiriləcək “7-ci ümumerməni oyunları”nın 3-cü məşəli işğal altındakı Ağdam rayonunun Şahbulaq yüksəkliyində, Qarabağ xanı Pənahəli xanın tikdirdiyi  tarixi qalada alovlandırılıb. Baş separatçı Bako Saakyan da iştirak etdiyi mərasimdə oyunların məşəlini “aprel döyüşlərinin qəhrəmanı” kimi təqdim edilən baş leytenant Artur Aqasyan yandırıb.

Vaşinqtondakı Qarabağ görüşü ərəfəsində min oyundan çıxdılar, təxribatlara əl atdılar. Ancaq həmsədr ölkələr heç nə olmamış kimi tərəflərə “eyni gözlə” baxmaqda davam etdi. Yenə də köhnə bayatılar səsləndi. Sanki Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etdiyi kimi, Azərbaycan da Ermənistan ərazilərini işğalda saxlayır.  ABŞ Konqresində Ermənistana və hətta Qarabağ ermənilərinə maliyyə yardımının artırılması da növbəti əcaib yanaşma oldu. Necə olur ki, Rusiyaya, lap elə qonşu İrana sanksiyalar tətbiq edən, bu sanksiyaları ilbəil uzadan ABŞ qonşusunun torpağını işğal edən Ermənistana maliyyə ayırır? Əslində Konqresdə Ermənistana sanksiyaların tətbiqi ilə bağlı düzəliş müzakirə olunmalıydı. Ancaq “907-ci düzəliş” 1992-ci ildə, işğalçılara qarşı döyüşdüyü üçün (!) Azərbaycana qarşı qəbul olunub və prezident Trampın dövründə də ləğv edilməyib.

ABŞ Konqresindəki son düzəliş nə deməkdir? Ermənistanı pulla ələ almaq cəhdimi? Başqa hal olsaydı, deyərdik bu, ABŞ-ın daxili işidir. Necə ki, deputat Asim Mollazadə deyir öz puludur, kimə istəyir, ona ayırır. Lakin heç kim təminat verə bilməz ki, o vəsait bir gün silaha çevrilib Azərbaycan əsgərinə tuşlanmayacaq. Yaxud Qarabağdakı separatçı rejimə, ərazilərin minalardan təmizlənməsi üçün vəsait ayırmağı planlaşdırır ABŞ Konqresi. O vəsait Qarabağ ermənilərinə ona görəmi ayrılır ki, işğalçılar Zəngilan ərazisini minadan təmizləyib yeni yaşayım məntəqələri, uşaq bağçaları, stadionlar, kazarmalar tiksinlər?!

Görünür, ABŞ Konqresində oturanların tarixdən xəbəri yoxdur. BMT Təhlükəsizlik Şurasının 1993-cü ilin 12 noyabrında qəbul olunmuş 884 saylı qətnaməsini yada salaq: Təhlükəsizlik Şurasının 3313 saylı yığıncağında yekdilliklə qəbul olunan həmin qətnamədə Azərbaycanın Zəngilan rayonunun işğalını qəti şəkildə pislənilir və hərbi qüvvələrin Zəngilan rayonundan və digər işğal olunmuş rayonlardan çıxarılmasını tələb edilirdi. Üstündən 26 il keçəndən sonra ABŞ Konqresi Ermənistanın Zəngilanda stadion tikintisini dolayısı ilə maliyyələşdirən növbəti qərara yaşıl işıq yandırmağa hazırlaşır.

Rəsmi Bakı hələlik ABŞ konqresində təklif olunan layihəyə təmkinli yanaşma sərgiləyir. Ümid var ki, növbəti mərhələlərdə Ermənistanın işğalçılıq siyasətinə dəstək ifadə edən təşəbbüs dəstəklənməyəcək. Bu, həm də Bakı-Vaşinqton münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin, ilk növbədə erməni lobbisinin ortaya atdığı, arxasında dayandığı layihədir. ABŞ hökuməti, Tramp administrasiyası Azərbaycanın bölgədəki roluna böyük qiymət verdiyi halda, nədən öz müttəfiqini incik salan addım atsın, bir ovuc erməniyə görə?

İnanaq ki, rəsmi Bakı müxtəlif səviyyələrdə iş aparmaqla Konqresdəki ermənilərin arzusunu ürəyində qoymağı bacaracaq. Hər halda, ortada Fransa nümunəsi var.

Qarabağ erməniləri Fransanın ayrı-ayrı şəhərləri ilə “dostluq-qardaşlıq” müqavilələri imzaladıqlarını elə sevincək tirajlayırdılar ki. Lakin Fransa məhkəməsi bir-birinin ardınca separatçılarla imzalanmış “sazişləri” zibil qutusuna tullamaqla işğalçı-separatçı qüvvələri yerdən-yerə vurdu. Təbii ki, bu, həm də rəsmi Bakının diplomatik uğuru, Fransa ilə müxtəlif səviyyələrdə aparılan işlərin məntiqi sonluğudur. Nədən belə bir uğur ABŞ-da təkrarlanmasın?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR