İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzurun hava qapısı -sərnişinlər arasında erməni də olacaqmı?

2117 20.10.2022 14:54 Yazarlar A A

Günün hadisəsi Zəngilanda yaşandı – Zəngəzurda Beynəlxalq Hava Limanının açılışını iki Türk dövlətinin liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan reallaşdırdılar. Türkiyə Prezidentinin təyyarə trapındaca ayaq saxlayıb, sağ-sola baxandan sonra Azərbaycan qısa müddətdə həyata keçirilən quruculuq işlərini ƏLA işarəsi ilə dəyərləndirməsi möhtəşəm an idi.

27 illik işğaldan sonra azad olunan Zəngilanın azadlığının ikinci ilinin tamamında baş tutdu bu, möhtəşəm mərasim. Bir il öncə Füzulidə Qarabağın hava qapısının açılışı olmuşdu, budəfəki açılış törəni Zəngəzurun hava qapısında reallaşdı. Azərbaycan tarix yazır. 44 günlük Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin, Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuzun canı, qanı bahasına yazdığı şanlı səhifələrin davamını quruculuq işləri ilə davam etdirir dövlətimiz! Nə xoş ki, quruculuq işlərində, Qarabağın, Şərqi Zəngəzurun dirçədilməsi, həyata qaytarılması prosesində qardaş Türkiyə də yanımızdadır, çiyin-çiyinə addımlayır iki qardaş ölkə, iki qardaş lider! Cənab Ərdoğanın Zəngəzurdakı hava limanının açılışını simvolizə edən qırmızı lenti kəsərkən əlindəki qayçını göstərib, “altundandırmı”, deyərək zarafatyana sualına Azərbaycan liderinin “siz kəsəndən sonra altundan da qiymətli olacaq” söyləməsi də möhtəşəm anlar idi. Doğrudan da bu, nəhən layihələrin dəyəri altundan da qiymətlidir, Turana açılan qapılardan daha birinin açılış törəni reallaşdı. Ermənistanın 30 ilə yaxın dönəmdə darmadağın etdiyi Zəngilanda cəmi il yarıma beynəlxalq statuslu aeroport tikilərək, istifadəyə verildi. İstisna deyil ki, çox keçməyəcək, Azərbaycan və Türkiyə liderlərini Laçındakı hava limanının açılış törənində yanaşı addımlayan görəcəyik. Artıq bu kimi tədbirlər ənənə halını alıb, Füzuli, Rize, Zəngilan... Rəcəb Tayyib bəyin “Ay Laçın” dediyini xatırlayırsınızmı?..

ilham_aliyev_recep_erdogan_zengilan_201022_6.jpg (93 KB)

Türk düşmənləri yasa batıb, Zəngəzurda qurulan bu, möhtəşəm TOYu seyr edərkən. Dünyada azca ədalət olsaydı, müqayisə edə bilərdi, Ermənistanın hansı yuvanın (bay)quşu olduğunu aydınlaşdırardı. Bayquş xislətlilər illər boyunca darmadağın etdilər Azərbaycanın işğal altında saxladıları yurd yerlərini. Livandan, Suriyadan, İraqdan terrorçuları köçürdülər bu ərazilərə, Azərbaycan dəfələrlə çağırışlar etdi, missiya göndərin, ermənilərin maddi-mənəvi-mədəni irsimizi məhv etməsini, qanunsuz köçürmələr həyata keçirməsini araşdırın, dedik. Amma özlərini eşitməzliyə vurdular. Amma baxın. 13 sentyabrdan təxribatlarına cavab verilməsindən sonra Avropa ölkələri, təsisatları yarışa giriblər Ermənistana müşahidəçi göndərmək üçün, Avropa İttifaqından 40 əvəzinə, 400 müşahidəçi göndərilib, indi də ATƏT öz heyətini yollayır. Nə baş verir? Terrorçu, müharibə cinayətləri törətmiş ölkəni niyə bu qədər əzizləyirlər? Normalda beynəlxalq müşahidəçi, təftişçilər Gəncə şəhərindəki dinc insan qırğınını araşdırmalı və məsələ Beynəlxalq Tribunala çıxarılmalı idi. Rusiyanı terrorçu dövlət elan edən mərkəzlər erməni terrorçularını bağrına basmaqda davam edirlər, terrorçuları da çeşidləyirlər. Belə bir zamanda təbii ki, onlardan ədalət gözləməyə dəyməz. Heç şübhəsiz Azərbaycanın dövlət başçısı ölkəmizə beynəlxalq missiyanın gəlməsinə məhz bu baxımdan zərurət görməyib, çünki “dabbaqda gönlərinə bələdik”.

Bütün fitnə-fəsadlara, maneçiliklərə baxmayaraq, Azərbaycan öz işindədir, Şuşa başda olmaqla, bütün Qarabağ və Zəngəzurda tikinti-quruculuq işləri həyata keçirilir. Zəngilan hava limanına ilk enən xarici ölkə təyyarəsi qardaş Türkiyəyə məxsus oldu, Zəngəzurun şərq hissəsi böyük qarşılanma-buluşmaya şahidlik etdi. Ancaq hava yolunun açılması o demək deyil ki, quru yol – Zəngəzur dəhlizi – arxa plana keçə bilər, qəti şəkildə! İki liderin bir arada olması o deməkdir ki, Zəngəzur hədəfindən heç zaman imtina edilməyəcək, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan və ardınca Türkiyə arasında quru əlaqə təmin ediləcək! Özü də Zəngəzurdan keçməklə!!!

Şübhəsiz ki, Türkiyə və Azərbaycan liderlərinin Zəngilan hava limanının açılışını reallaşdırmasını Arazın o tayındakılar da izləyirdilər. Qardaş-bacılarımızın qürurla izlədiklərinə əminik, necə ki, 44 günlük savaşdakı hər qələbəmizə ürəkdən sevinirdilər. Türkiyə-Azərbaycan düşmənlərinin münasibəti bəllidir. Azərbaycan Arazın üstündən dostluq körpüsü atdığı, hətta İrandan keçməklə alternativ yolun çəkilməsi istiqamətində layihələrə başlanıldığı halda, İran ordusu hərbə-zorba təlimləri keçirdi. Bu da qalsın yadlarında. Amma Azərbaycan belə hədələrdən çəkinsəydi, bayrağını Şuşa qalasına, Göyçə-Zəngəzur dağlarına sanca bilməzdi.

Fransanın Azərbaycandakı səfiri Zakari Qrosun bəyanatını oxudum. “Yaşasın Fransa-Azərbaycan dostluğu! Qoy, tezliklə Ermənistanla Azərbaycan arasında sülh əldə olunsun!”, - yazıb. Təəccübləndim həm də. Makronun dedikləri, sərsəm fikirləri hara, Qrosun “yaşasın”ı hara? Biz də istəyirik yaşasın. Təkcə Fransa-Azərbaycan dostluğu yox, bütün ölkələrin dostluğu. Hətta Qarabağdakı ermənilərə də “yaşasın”lar deyib dövlətimiz. Amma Makron kimilər imkan vermirlər, bu, faktdır. Əslində ermənilərin qənimi “bacı” dedikləridir...

Necə miskin durumda olduqlarını hələ də anlaya bilmirlər. Göyçədəki ermənilər qaçır o bölgədən, arayikkimilər hələ də zənn edir ki, rus hərbçilərinin kölgəsində istədiklərinə nail olacaqlar. Ona qalsa, Gümrüdə Qarabağdakından beşqat artıq rus hərbçiləri var, Ermənistan sərhərlərini də qoruyan Rusiyadır. Adamda – həm də millətdə - gərək azca ağıl olsun...

Qarabağdakı qondarma qurum on illər ərzində Xankəndidəki hava limanının açılışını reallaşdıra bilmədi, Azərbaycan dövləti buna imkan vermədi. Ora uçacaq təyyarənin “ilk sərnişini” olacağını vəd edən erməni prezident hansı küllükdə eşələnir, bilən yoxdur. Qalib Azərbaycan həm Qarabağda, həm Zəngəzurda beynəlxalq aeroport tikib istifadəyə verdi. Hələ qarşıda nələr var, nələr...Makron və digərləri daşı ətəyindən töksələr, ermənilərin başına ağıl qoysalar, şübhə etmirəm ki, Füzuli və Zəngilan hava limanına uçan təyyarələrin sərnişinləri arasında Azərbaycan vətəndaşları olan ermənilər də yer ala bilərlər. Zəngəzur dəhlizi ilə bağlı mənasız müqavimətə son qoyulsa, Mehridən qatara da minmək şansları olar. Əks təqdirdə, Zəngilandakı “Zəngəzura xoş gəlmişsiniz” sözlərini Mehrinin 20-ci km-liyində də oxuyacaqlar. Ya olacaq, ya da olacaq!!!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR