İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzurdan keçən dəmiryolu Azərbaycana məxsusdur-Bunu Paşinyan da bilir...

4275 08.06.2023 19:30 Yazarlar A A

 

Kimsə Ermənistan rəhbərliyindən soruşmur ki, 30 il ərzində 1975-ci il xəritələri niyə yada düşmədi, indi dil boğaza qoymadan həmin xəritələrdən danışırsınız? Bəli də, aydınlıq gətirsinlər, niyə indi yada düşdü, torpaqlar döyüş yolu ilə minlərlə şəhidimizin qanı hesabına azad ediləndən sonra?! Nikol Paşinyan iddia edir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, hətta 1991-ci ildən sonra... “Tanıdığı” üçün torpaqlarımızda bu qədər cinayət törədiblər?!  Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü guya 90-lardan sonra tanıyıbsa, onda 1975-ci il xəritəsini niyə ortaya atıb? Bu, nə məntiq(sizlik)dir? Düzdür, hiyləgər gediş etmək istəyir, Qarabağın yuxarı hissəsi ilə bağlı, amma keçməz, hətta 1977-ci ildə qəbul edilmiş konstitusiya belə, Paşinyanın arzusunu gözündə qoyur. Amma bu müzakirənin aparılması, Ermənistanın şərtlə danışacaq qədər səsini qaldırmağa cəhd etməsinin özü belə, absurddur, bu həyasızlığın sərt şəkildə cavabı verilməlidir...

Sosial şəbəkələrdə, mediada məlumatlar tirajlanır, hər kəs görür ki, Ermənistandan Qarabağa, yaxud geriyə mülki sakinlər sərbəst  şəkildə gedib-gəlirlər. Hətta bir çox ölkələrin sərhəd-gömrük məntəqələrində belə, bu qədər səliqə-sahmanlı, normal ab-hava yoxdur. Di gəl ki, yenə də Laçın yolunun guya bağlanlanması, ermənilərin “blokadada saxlanılması” kimi gic-gic iddialar səslənir. Azərbaycan sərhədçiləri iyunun 7-də mülki geyimdə olan bir ermənini ifşa edib, onun hərbçi olduğunu yəqinləşdirib və ölkəmizin ərazisinə buraxmayıb. Yenə hay-küy qaldırıb hay dəstəsi. Əslində Azərbaycan dövlətinin nümayəndəsi həmin erməniyə münasibətdə ifrat humanizmə yol verib. Erməni hərbçinin əl-qolu qandallanmalı, birbaşa sorğulanmağa gətirilməli idi. Pis hava şəraitində yolu azıb Ermənistan ərazisinə keçən hərbçilərimizin başına açılanların üstündən heç iki ay keçməyib...Eyni münasibəti təkrarlamayan Azərbaycan sərhədçisinin əlindən öpməli olan ermənilər yenə də narazı qalırlarsa, onlarla bizimki qiyamət gününədək alınmayacaq...

Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşdə yenə də “irəliləyiş”dən danışıb. “Nəqliyyat kommunikasiyalarının açılması üzrə işçi qrupun son iclası zamanı nəzərəçarpacaq irəliləyiş qeydə alınıb və mən bundan çox məmnunam” - deyən Paşinyana yenə də kimsə sual vermir ki, yaxşı, Azərbaycan həm Zəngilan istiqamətində, həm də Naxçıvanda dəmiryolu və avtomagistralın çəkilişi ilə bağlı işləri sürətlə davam etdirir, bəs, sən, Ermənistanın baş naziri olaraq cəmi 44 km-lik Zəngəzur dəhlizində daşı daş üstə qoymusanmı? Bir müddət əvvəl deyirdi dəmiryolunun bərpası üçün 250 milyon avro lazımdır. Ermənistanın pul-parası yoxdursa, necə olur öz büdcəsindən hər ilə azı 350 milyon dollar Qarabağdakı separatçı rejimə vəsait yollayır? Deməli, pul söhbətini ortaya atmaqla sadəcə dilənmək, öz görməli olduğu işi başqalarına gördürmək istəyir.

Bəlkə Nikol Paşinyan da fərqindədir ki, bu yol Azərbaycana məxsusdur, ona görə xərc çəkmək istəmir? Məsələnin məğzi nədən ibarətdir? Açaq:

2019-cu ilin aprelində Zəngəzur dəhlizindən keçən dəmiryolu ilə bağlı araşdırma aparmışdıq. (Yazının linki burada: https://musavat.com/news/azerbaycanin-mehriden-kecen-demir-yolunu-azad-etmek-huququ-var-resmi-qurumlardan-reaksiyalar_609571.html )

Qısaca xatırladaq ki, o zaman “Azərbaycan Dəmir Yolları” QSC-dən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bunları bildirmişdilər: “Horadiz-Ordubad sahəsində yerləşən dəmir yolu və onun infrastrukturu, o cümlədən Ermənistan Respublikası ərazisindən keçən 43,4 km dəmir yolu xətti Sovet İttifaqı dövründə Azərbaycan Dəmir Yollarının balansında olmuşdur. Dağlıq Qarabağ müharibəsinin başlanması və dəmir yolu xəttinin keçdiyi ərazilərin işğal altına düşməsi ilə əlaqədar olaraq Horadiz-Ordubad xəttinin istifadəsini mümkünsüz etmişdir. Qeyd edilən dəmir yolu xəttinin və ona aid infrastrukturun geri qaytarılması ilə bağlı hər hansı beynəlxalq quruma müraciət olunub-olunmaması ilə bağlı məlumatımız yoxdur”.

Kifayət qədər aydın və sadə dildə rəsmən deyilib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsini birləşdirən dəmiryolu sovet dövründə də Azərbaycana məxsus olub. Hələ o vaxt Qarabağ və Zəngəzur bölgəsi işğaldan azad edilməmişdi. Bu günsə fərqli vəziyyətdir və Zəngəzur dəhlizinin açılması “olmazsa, olmaz”a çevrilib. Hətta 10 noyabr üçtərəfli bəyannamənin 9-cu bəndi olmasaydı belə, Azərbaycan qatarı Mehridən keçib, Naxçıvan istiqamətinə gedəcəkdi. Çünki bu, Azərbaycana məxsus yoldur!

Heç şübhəsiz, bunu Ermənistanda da bilirlər. İstisnalar olsa da...Ermənistanın ictimai xadimi, publisist Vahram Atanesyan bu günlərdə özünün “Facebook” səhifəsində ilginc etiraf etmişdi. Sitat: “Ermənistanda bir nəsil yetişib və bilmir ki, Arazdəyən-Culfa-Mehri dəmir yolu sovet illərində, Azərbaycan dəmir yollarının Cənubi Qafqazdan ayrıldığı 1967-ci ildən başlayaraq Ermənistan SSR-in yox, Azərbaycan SSR-in inzibati idarəetməsi altında olub”. Ordu.az saytının yaydığı məlumata görə, Atanesyan qeyd edib ki, həqiqətən də ölkə haqqında etibarlı faktlara əsaslanaraq təsəvvürə malik olmaq lazımdır. “Bir də bilmək lazımdır ki, onilliklər ərzində bir adam Ermənistandan Azərbaycana daxil olub, Mincivan vağzalına, oradan da Qafana çatmalı idi. Otuz il Zəngilanda qoşun saxlamaq Ermənistanın heç bir problemini həll etmədi, SSRİ-dən miras qalmış köhnə çətinliklərə yeni problemlər əlavə etdi”, - Atanesyan bildirib.

İstisna deyil ki, Nikol Paşinyan bu həqiqəti bildiyi üçün Zəngəzura pul xərcləmək istəmir, düşünür ki, ya Azərbaycan xərcini çəkəcək, ya da Avropa, ya Amerika “əlini cibinə salacaq”. Əgər Ermənistanda Zəngəzurdan keçən dəmiryolu xəttinin Azərbaycana məxsus olduğunu bilməsəydilər, hesab etsəydilər ki, ordakı infrastruktur Ermənistana məxsusdur, o halda işğal dövründə Araz çayı boyunca 44 km-lik dəmir relsləri niyə tar-mar edirdilər, stansiyaları yağmalayırdılar ki? Özü də ermənilər özləri etiraf ediblər ki, hətta 90-cı illərin əvvəllərində, Qarabağın dağlıq hissəsindən kənar əraziləri işğal etdikdən sonra Horadizə, ordan da Xankəndi istiqamətində yanacaq, digər yüklər daşınırmış dəmiryolu ilə. Sadəcə, sonralar “türkə məxsus dəmiryoludur, məhv edək, yanaşması ilə infrastrukturu dağıdıblar.   

Artıq vaxt-vədə yetişib, nəinki Zəngəzur dəhlizinin açılmasına qarşı maneələrə son qoyulmalıdır, həmçinin Ermənistan Azərbaycan dəmiryoluna vurduğu zərəri ödəməli, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz marşrutu üzrə üzərinə düşən öhdəliklərin icrasına başlamalıdır. Azərbaycanı Laçın yolundan sərbəst keçən ermənilərə görə ittiham edən beynəlxalq “hakimlər” də özlərinə gəlsinlər, Azərbaycanın yarım milyonluq əhalisinin ölkənin əsas hissəsi ilə 30 ildən çoxdur kəsilən əlaqəsinin bərpası haqda düşünsünlər. Zəngəzur torpağı Azərbaycanın tarixi sərvəti olduğu kimi, onun üzərindən çəkilən dəmiryolu xəttinin də sahibi BİZİK! Paşinyan masaya 1975-ci il xəritəsini qoymaq istəyirsə, biz də 1828-ci, 1903-cü, 1918-20-ci və nəhayət, dəmiryolları ilə bağlı gerçəkliyi əks etdirən 1967-ci il xəritələrini qoya bilərik. Nəinki Xalq Cümhuriyyətinə aid, hətta Çar Rusiyası və Sovet İttifaqına aid xəritələr də Azərbaycan həqiqətlərinin təsdiqidir.

Artıq məndə əminlik yaranıb ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına müqavimətinin əsasında 44 km-lik dəmiryolu xəttinin sovetlər dövründə Azərbaycan Dəmir Yollarının balansında olması amili dayanır. Rəsmi İrəvan narahatdır ki, Azərbaycan bu bölgədə mövqelərini gücləndirəndən sonra masaya sənədləri qoya və işğal dövründə Ermənistanın nəzarətinə keçən dəmiryolunun sahibi olduğunu əbədiləşdirə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR