Ermənistanın baş naziri və ya prezidentinin son aylar elə bir parlaq müsahibəsinə rast gəlmisinizmi ki, səs-küy doğursun, həm öz ölkələrində, həm yaxın-uzaq xaricdə, o cümlədən Azərbaycanda müzakirə olunsun? Yəni ki, dəyərli oxucularımızın bu suala cavabı birdir: yox! Amma Azərbaycan Prezidenti İlham Əliyevin hər müsahibəsi hadisəyə çevrilir, dost-düşmən ölkələrin geniş auditoriyasında sərf-nəzər edilir, gündəmin vacib diskussiya obyektlərindən biri olur. Bu mənada dövlət başçısının sonuncu – 14 avqust tarixində nüfuzlu “CNN Türk” televiziya kanalına müsahibəsi də “nöqtəli zərbələr”lə zənginliyi baxımından növbəti dəfə heyrətləndirdi... Çünki deməyə sözü var, olub və bundan sonra da olacaq! Haqlı, həm də qalib olmaq, bax, budur! Bu gün dünyanın ədaləti olsaydı, aparıcı media orqanları Azərbaycanın Qarabağ zəfəri barədə “No comment” yazmaqla kifayətlənərdi, heç bir şərh vermədən...30 il səbr edən, ümidlə gözləyən, dünya birliyindən nicat uman ölkə, onun rəhbərliyi sonda qətiyyətini göstərdi, düşməni darmadağın etdi və indi də arqumentlərini tikan kimi həqiqətlərimizə kor olanların gözlərinə batırmaqdadır, tam haqlı olaraq. Yəni “zərinə görə zoru da var”.
Prezident 30 il ərzində torpaqlarımızın işğal altında olmasını böyük ədalətsizlik adlandırmaqla, torpaqlarımızın işğalının beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozulması kimi qiymətləndirməklə Azərbaycan dövlətinin, ordusunun necə möhtəşəm bir zəfərə imza atdığını bir daha bəyanladı. Eyni zamanda bununla özlərini dünyanın aparıcı paytaxtları, gücləri, ədalət keşikçiləri hesab edən, Qarabağ zəfərindən sonrakı aylarda da min bir oyunlar qurub, terrorçu Ermənistanı dirçəltməyə, yenidən Azərbaycanın üstünə kükrətməyə çalışan mərkəzlərin ciddi xətaya yol verdiklərini xatırlatmış oldu. Hər rübdə bir neçə dəfə yenidən “Minsk Qrupu evciyi” qurmaq istəyən dairələrə də deyiləsi söz deyildi.
Sitat: “Təəssüflər olsun ki, 30 il ərzində Minsk Qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi”. Daha sözü necə deyərlər, neçə dəfə deyərlər?! Başa düşməlidirlər ki, bu qrupdan, bu qrupbazlıqdan bir şey çıxan deyil! Ermənistanı qızışdırıb Gədəbəydən – Naxçıvanadək sərhədboyu istiqamətlərdə atəşi körükləyənlər anlamalıdırlar ki, onların təklif etdiyi variantlar keçərli olmayacaq, Azərbaycan xalqının Minsk Qrupunu, o məlum üçlüyü görməyə gözü yoxdur artıq. Çünki “dabbaqda gönünə bələdik” bunların. Həmsədrlərin azacıq ədaləti olsaydı, Paşinyan onları soraqlamaz, yolara baxmaqdan gözlərinin kökü saralmazdı. Elə bu günlərdə yenə də “Minsk Qrupu gəlsin” deyib, zarıyırdı...BMT, AŞ PA, AP, AB, İKT... qətnamələrini təkbaşına yerinə yetirən Azərbaycan dövlətinin daha heç bir qrupa ehtiyacı yoxdur! Əgər Minsk Qrupunun işsizlik problemi varsa, getsin, Əfqanıstanla məşğul olsun!
**

Ali Baş Komandanın dediyi kimi, Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirib, altı xətt istehkam, müdafiə zolağı quran, “Ohanyan səddi” mifi yaradan Ermənistan ordusunu darmadağın etməklə, ölümün gözünün içərisinə dik baxaraq, zəfərə doğru, aşağıdan-yuxarıya, zirvəyə doğru irəliləməklə dünyaya səsə saldı. Bununla dünyanın 50 ən güclü ordusu arasında təsadüfən yer almadığını isbatlamış oldu! 21-ci əsrin silahları, döyüş ruhu, Vətəni yağılardan azad etmək əzmi, dövlətin qayğısı, büdcə vəsaitlərinin əhəmiyyətli hissəsinin orduya ayrılması, bütün bunlar apardı böyük qələbəyə! Azərbaycan əsgəri yarasını komandirindən gizləyib Şuşaya doğru can atdığı zaman Ermənistan ordusunun 10 mindən çox hərbçisi fərarilik edib, geriyə qaçmışdı o günlərdə, bax, budur fərq! Ermənilər Qarabağı 30 il ərzində dağıtdılar, çünki onların deyildi! Erməni hərbçilər də 44 gün belə, dözə bilmədilər, sağ qalanlar “dabanlarına tüpürüb” qaçdılar, çünki yad torpaqda ölüb, çürümək istəmədilər! Cənab Əliyevin “CNN Türk”ə qəhrəmanlarımızın yazdığı dastan haqqında dedikləri Baş Komandanın hər bir əsgərə necə böyük dəyər verdiyini göstərir. Sitat: “Heç kim inana bilmirdi ki, bizim itkilərimiz cəmi təqribən 3 minin altında olsun. Hər bir insanın həyatı qiymətlidir, ancaq bu miqyaslı əməliyyatda cəmi 2900 şəhidin verilməsi, onu göstərir ki, hər əsgərin canını biz son ana qədər qorumağa çalışırdıq... Hər ölən bizim övladımızdır, hər həlak olanın həyatının qiyməti yoxdur. Onun ömrü təkrarolunmazdır, ölümü yaxınları, valideynləri, anaları, ataları, övladları üçün faciədir. Amma, eyni zamanda, hər gün zəfərlə dolu anlar yaşamışdıq. Yəni, bu 44 gün ərzində bizim həyatımızın, günümüzün yarısı kədərli, yarısı sevincli idi”.
Qətiyyət qürur, sevinc və kədər bir arada...Dinlədikcə duyğulanmamaq olmur...Və bəlkə də müsahibənin “şah beyt”i: “Torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik”. Bu, həm də öz xalqı qarşısında hesabata bərabər tarixi fikirdir. Yəqin ki, çox keçməyəcək, Laçın dəhlizi boyunca, həmçinin mədəniyyət paytaxtımız Şuşanın, ruhumuzun hər an qanadlanıb uçmaq istədiyi Xankəndinin küçələrində insanlarımızı müşayiət edən lövhələri İlham Əliyevin bu kimi tarixi fikirləri bəzəyəcək...
**

İndiyədək kiminsə Zəngəzur dəhlizinin açılmasına şübhəsi var idisə, Azərbaycan Prezidenti bu şübhələrə son qoydu. Sitat:
“Zəngəzur dəhlizinin açılması bir çox məqsədlərə, hədəflərə xidmət edir. Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin - Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır. Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Əfsuslar olsun ki, Ermənistan buna etiraz edir. Son günlərə qədər Zəngəzur dəhlizinin açılmasına etiraz etmişdi. Ancaq biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçməliyik”. Kiminsə sualı varmı? Məncə, olmamalıdır! Bildiniz, Bakıdan avtomobilə oturub, Naxçıvana, Türkiyəyə getməliyik! Yəni ya Zəngəzurla gedəcəyik, ya da gedəcəyik, bu qədər qəti və aydın! Həm də əminlikl deyilmiş fikir!
Rəsmi İrəvanı “hərbi cinayətkar” adlandıran, azərbaycanlıların Qarabağa qayıdışına müxtəlif əngəllər yaradan, hətta basdırılan minalara 10 noyabrdan bu günə qədər 150-dən çox mülki şəxs və hərbçimizin düşdüyünü deyən dövlət başçımız düşmənin mina xəritələrinin saxta olmasına da diqqət çəkib, sözünü əslində “xəritə vasitəçiləri”nə ünvanlamış olub. Yəni sizin bu vasitəçiliyinizin də nəticəsini “gördük”.

Prezident bölgədə növbəti dəfə “status-kvo” oyuncağı qurmaq istəyənlərə sözünü dedi: “Əgər Ermənistan Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Azərbaycanın konkret təklifləri masa üzərindədir. Sülhə nail olmaq üçün ölkəmizin konkret təklifləri masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Bu cür sülh Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq”.
Ermənistan ordusunu silahla təchiz edəcəyini anons edib, erməni müdafiə nazirinə xəncər hədiyyə edənlərin də cavabı verildi. Dövlət başçımız kifayət qədər açıq danışdı. Sitat: “Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu məsələ 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Təəssüf ki, bu günə qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik”.

Hər hansı suala da yer qalmadı sonrakı fikirlərlə. Sitat: “Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir. Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri biz yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır. Bakı şəhərin mərkəzində yerləşən Erməni kilsəsində 5 minə yaxın erməni kitabı var”. Aydındırmı, “sülhəməramlıyıq” deyib də Qarabağda erməniləri bizdən “qorumaq” istəyənlər?! Bakıdakı erməni kilsəsinə, həmçinin burada yaşayan 30 min erməniyə nə etdik ki, ordakılarına nə edək?!

Zəruri xatırlatma, bu dəfə “sahib”inə: “İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur”. Bu da növbəti “nöqtəli zərbə”. Və “Ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun addımlar atacaqlar”.
Mesajlar ünvanına yetişməyəcəksə, o halda...Xatırlatma: “Türkiyə Azərbaycana hərtərəfli dəstək oldu. İlk növbədə, İkinci Qarabağ savaşının ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdir ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verir və verəcəkdir. Bunun çox böyük mənası var idi. Çünki bu, bir çoxlarını məsələyə müdaxilə etməkdən çəkindirdi. Çünki bilmək olmurdu bəzi ölkələr özlərini necə aparacaqlar”.
Təsadüfi xatırlatma deyildi. Üstəlik, indi 10 ay əvvəli deyil, artıq Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi var! Bu halda F 16-lar sadəcə hava limanından “seyr etməyəcək” savaşı...
Düşmən və müttəfiqi unutmasın: Xəzər sahilində ikinci Hərbi Qənimətlər Parkı üçün geniş boş sahə saxlanılır...
![]()
Elşad Paşasoy,
Musavat.com






