İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələnin 13-cü günü - Qardaş ölkə belini dikəldir

834 18.02.2023 10:40 Siyasət A A

Seysmoloq: “9-10 ballıqdan aşağı ev tikmək qəbir qazmaq kimidir”

Türkiyədə fevralın 6-da baş verən güclü zəlzələdən 13 gün keçir. Qəzeti çapa hazırladığımız zaman zəlzələ nəticəsində ölənlərin sayı 38 044 nəfərə çatıb. Az qala iki həftə keçməsinə baxmayaraq hələ də dağıntılar altından sağ çıxanlar var.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar zəlzələdə yaralananlarla bağlı məlumat verib. O bildirib ki, 3400 yaralı orduya məxsus üzən xəstəxanalarda müalicə alır. “Zəlzələnin ziyan vurduğu bölgələrdə yaşayan və ya ailəsi burada olan 10 900 hərbçiyə icazə vermişik. ”TCG Sancaktar" və “TCG Bayraktar” üzən xəstəxanalarına indiyə qədər 3 400 yaralı gətirilib. Ümumilikdə 22 cərrahiyyə əməliyyatı gerçəkləşdirilib", - deyə Akar söyləyib.

Qeyd edək ki, Azərbaycan qardaş ölkəyə ilk yardım göstərən ölkədir, bu gün də yardımlar davam etdirilir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hospitallarda ötən günlər ərzində 729 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.

Bu arada, Türkiyə Müəssisə və İş Dünyası Konfederasiyasının məlumatına görə, fevralın 6-da baş vermiş güclü zəlzələlər nəticəsində yaşayış binalarına təqribən 70,8 milyard dollar dəyərində ziyan dəyib: “Daha 10.4 milyard dollar milli gəlir itkisinə səbəb olub. İşçi itkiləri isə Türkiyə iqtisadiyyatına 2,9 milyard dollara başa gələcək”.

Yeri gəlmişkən, fevralın 16-da Türkiyə və dünyadan 213 televiziya və 562 radionun həyata keçirdiyi “Türkiyə - tək ürək” kampaniyası başa çatıb. Kampaniyada AzTV də iştirak edib. Anadolu agentliyinin məlumatına görə, kampaniya çərçivəsində toplanan vəsait 115 milyard lirəni keçib.

İqtisadçı-ekspert Natiq Cəfərli bizimlə söhbətdə qeyd edib ki, Qardaş Türkiyədə “Tək Ürək” yardım kampaniyası çox gözəl, duyğusal təşkil olunmuşdu: “Vizual olaraq hər şey yaxşı düşünülmüşdü, Türkiyə toplumu birliyini, bərabərliyini, çətinliklərə birgə sinə gəlmək bacarığını bir daha göstərdi. Ümumilikdə 115 milyard lirədən çox vəsait toplandı, təbii ki, bəzi suallar da yarandı, məsələn, yardımın yarıdan çoxunu dövlət qurumları və şirkətləri etdi ki, bu, anlaşılan deyil - Dövlət qurumları və şirkətlərinin əlavə qazancı varsa, bu pul zatən dövlətin büdcəsinə ödənilməlidir, ona görə də Mərkəzi Bankın, dövlət banklarının, iri dövlət şirkətlərinin vəsait köçürməsini PR etmələri anlaşılan deyil.

Amma Türkiyədə milli burjuaziya, onların etdikləri yardımlar var, əsas məsələ də budur, həmin şirkətlər (on minlərlə sayda) Türkiyə iqtisadiyyatının dayağıdır, onlar tək belə yardım kampaniyalarında aktiv olmurlar, həm də seçki sürəcinə qatılır, dəyərlərinə və vizionuna inandığı partiyalara maddi yardımlar edirlər, onları dəstəkləyirlər. Yəni milli burjuaziya əsl sabitliyin, siyasi rəngarəngliyin dayağına çevrilir, siyasətin mədəni reyslər üzərinə oturmasına yardımçı olur".

Bu arada “Goldman Sachs” analitikləri sevindirici proqnozla çıxış ediblər. Onların təhlilində deyilir ki, 6 fevral dağıdıcı zəlzələnin ölkənin iqtisadi artımına təsiri çox cüzi - ÜDM üçün dəyəri 1%-dən də xeyli aşağı qalacaq. Prezident Ərdoğan isə tezliklə zəlzələ bölgəsində inşa işlərinə başlanılacağını və bir il ərzində binaların tikiləcəyini deyib. Prezident onu da qeyd edib ki, dağılan binaların 98%-i 1990-cı ilə qədər, yəni AKP iqtidara gələnədək tikilənlərdir.

Lakin tanınmış türk seysmoloq Naci Görür bildirib ki, zəlzələ zonasında mikro-zona işləri həyata keçirilmədən yaşayış sahələri üçün ərazi seçilməməli və tikinti başladılmamalıdır. Bu barədə o, sosial şəbəkə səhifəsində Türkiyə prezidentinə ünvanladığı müraciətində yazıb. “Cənab Prezident zəlzələ bölgəsində daimi mənzillərin tez bir zamanda tikintisinin başlayacağını bildirib. Humanitar baxımdan, əlbəttə ki, bu mövqeyi anlayıram. Lakin acizanə bir tövsiyəm var. Zəlzələnin baş verdiyi zonada mikro-zona işləri həyata keçirilmədən yaşayış sahələri üçün ərazi seçilməməli və tikinti başladılmamalıdır. İnşallah, bu dəfə səsimi lazımi şəxslərə çatdıra bilərəm”, - deyə N.Görür bildirib.

Bəs “mikro-zona” işləri dedikdə nələr nəzərdə tutulur? Azərbaycanda, Bakıda tikinti şirkətləri bu tələbə əməl edirmi?

Yeri gəlmişkən, Türkiyədə zəlzələ nəticəsində uçan və ciddi zərər görən binalarla bağlı aparılan araşdırmalar çərçivəsində indiyədək ümumilikdə 67 nəfər saxlanılıb. Onlardan 15-i “qəsdən adam öldürmə” maddəsi ilə həbs edilib. 22 nəfər barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Haqlarında həbs qərarı çıxarılan “Sözel” binalarının podratçısı Cəlal İrkören və “Dündar” binalarının podratçısı Halil İpek zəlzələ nəticəsində dağıntılar altında qalaraq həlak olublar.

Ənvər Əliyev: “Deputat iş verən, yolçəkən, ağacəkən deyil” - MÜSAHİBƏ

 Ənvər Əliyev

Ekoloq-seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a Türkiyədə tikilən evlərin keyfiyyətsizliyindən söz açdı: “İnsanların qarışqa kimi qırılmasını görmək nə qədər dəhşətlidir. Elə bil o evlər qumdan ibarət olub. Bizim adi kənd evlərimiz o  evlərdən güclü görünür. Bəli, hər bir ərazinin özünəməxsus hansı amplitudda olma xəritəsi olmalıdır. Misal üçün, Qazax 8 ballıq, Qəbələ 10 ballıq, Şamaxını keçdinsə 7-8 ballıq hesablanır. Mən o xəritəni internetdə də yerləşdirmişəm, mikro zonaları göstərən həmin xəritəyə baxmaq olar. Xəritələrə əsasən ora ”mikro zona" deyirlər. Türkiyədə həmin ərazilər seysmik zonada yerləşir. Hər bir ölkənin ərazisində mikro zonalar olur. Demək olmaz ki, Türkiyədə bütün ərazi 10 ballıqdır. Abşeronu deyə bilərəm ki, maksimum 8 ballıqdır. Amma misal üçün, Qubanı keçəndən sonra Şamaxı, Oğuz, Qəbələ Şəkiyə çatmamış o ərazilər 10 ballıq qiymətləndirilir. Dağların ərazisi 10 ballıq sayılır. Türkiyənin zəlzələ olan hissəsi də dünyanın ən seysmik zonalarından biridir. Buranı hətta Yaponiya ilə müqayisə etmək olar. Düzdür, Yaponiyada lap çoxdur, azca fərq var. Hər bir yerin özünəməxsus zəlzələnin hansı amplitudda olma xəritəsi olmalıdır. Misal üçün, xəritəyə baxaraq müəyyən etmək lazımdır ki, bu ərazidə 7 ballıq zəlzələ ola bilər, orada 7-8 bal zəlzələyə davam gətirən evlər tikilməlidir. Mənə qalsa, Türkiyədəki həmin əraziyə 9-10 bala davamlı ev tikərəm. Lap yapon mütəxəssislərini gətirmək bahasına olsa da, bunu etmək lazımdır. Orada 9-10 ballıqdan aşağı ev tikmək qəbir qazmaq kimidir".

Ekspert “Azərbaycanda, Bakıda tikinti şirkətləri bu tələbə əməl edirmi” sualına belə cavab verib: “Bunu mən deyə bilmərəm. Bizdə faciə məmur-vətəndaş münasibətinin iyrənc vəziyyətdə olmasındadır. Bizdə alim qalmayıb, olanlar da vəfat ediblər. Yəni bizim şirkətlərin işinə də bələd deyiləm. Amma hazırda yaşadığım binanın 8-9 bal gücünə davamlı olduğunu bilirəm. Əgər 2000-ci il zəlzələsi olmasaydı, bilmirdik. İnanmırdıq ki, bu bina dözəcək, ya yox. Çünki panellərin arasına rezinlər qoyurlar. Bina oynaqdırsa, monolitdirsə, bu aşa bilməz. Zəlzələ nəyə rast gəlsə müqavimətini qırıb onu dağıdır. Türkiyədə tikilən binalarla bizimki eyni deyil, bunu deyə bilərəm”.

Ötən gün Milli Məclisin iclasında deputatlar Türkiyədəki zəlzələ barədə danışıblar. Deputat Aydın Hüseynov Azərbaycanla Türkiyənin hər zaman bir-birinə dəstək olduğunu bildirib. Deputat Azər Badamov da nəzərə çatdırıb ki, Azərbaycanda Türkiyəyə yardım ümumxalq kampaniyasına çevrilib. Deputat Aqil Məmmədov da Azərbaycan xalqının hər zaman Türkiyənin yanında olduğunu bildirib. Deputat Fazail Ağamalı Türkiyədə baş verən faciəyə Azərbaycanın faciəsi kimi yanaşdığını söyləyib: “Bu faciəyə ilk reaksiya verənlər Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva oldu. Bizim Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Türkiyədə fəlakət zonasında fəaliyyətini də xüsusi qeyd etmək istəyərdim”.

ABŞ və İngiltərədə təhsil alan 30 yaşlı deputat – Kamal Cəfərov kimdir? -  Günün Səsi

Kamal Cəfərov 

Deputat Kamal Cəfərov isə qeyd edib ki, Türkiyənin faciəsindən daxili və xarici siyasi maraqlar üçün istifadə etmək istəyənlər nə azərbaycanlı, nə də türkdür: “Bu faciədən zərər çəkənlərin hisslərinə siyasi məzmun verənləri, bu ağır faciəni siyasi mənfəətə çevirmək istəyən hər kəsi qınayıram. Bu gün birlik, bərabərlik zamanıdır, siyasət zamanı deyil. Siyasəti çirkinləşdirməyin”.

Türkiyədə zəlzələ bölgəsində yaşayan və xəbər ala bilmədiyimiz azərbaycanlıların sayı son məlumata görə 2 nəfərdir. Bu barədə mediaya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7.7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR