İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ ola bilər

3430 24.01.2014 08:08 Yazarlar A A
Keçən il kosmik peykimizi uçurdanda yalan-gerçək deyirdilər bunun rabitə xidmətlərinin keyfiyyətinə müsbət təsiri olacaqdır, qiymətlər ucuzlaşacaqdır. Bəs nə oldu? Əksinə, ev telefonlarının abunə qiyməti qaldırıldı, dövlətin inhisarında olan internet xidməti isə olan-qalan keyfiyyətini də itirdi. İnanmırsınızsa “Bakinternet” provayderinin istifadəçilərindən soruşun. 

Ara yerdə 200-300 milyon dövlət pulu havaya sovruldu getdi. Peyk bizim nəyimizə lazım idi? Ondansa 200 milyon manata kartof alıb soyutma eləmək, xalqa yedirtmək xeyirli idi. Küldə basdırma da pis olmazdı. Mən ciddi yazıram. Belə qeyri-ciddi rejimdə yaşadığımıza baxmayın, zarafat eləməyə halımız qalmamışdır. Üstəlik, çoxdandır cənab prezident yeraltı keçid açılışı da eləmir. Bununla hara gedəcəyik? 

Bir Elçin Xəlilov adlı satirik var idi. Asudə vaxtlarında zəlzələşünas da işləyirdi. Guya zəlzələni qabaqcadan bilirdi. Sözüm bunda deyil. Adamları cin qovalayan məmləkətdə nə desən mümkündür. Tektonik silahdan, Ceday qılıncından, nə bilim, Uçan Spagetti Canavarından dəm vurub bizdə publisist, alim, deputat, hətta lazım gəlsə prezident də olarsan. Təki, necə deyərlər, xalq tələb eləsin. Ancaq Xəlilov mənim yadımda daha çox bir deputat seçkisində (tarixi unutmuşam, deyəsən, 2005 seçkilərində olmuşdu) telekanalizasiyadan xalqı hədələməsi ilə qalmışdı. Demişdi ki, əgər Yasamal camaatı seçkidə ona səs verməsə, zəlzələ olanda xəbər verməyəcək. Qısa desək, mənə mandat qıymırsınız, di gedin qırılın. Onu da unutmuşam ki, yoldaş Xəlilov zəlzələ xəbərini təkcə Yasamal camaatına bildirməyəcəkdi, yoxsa bizim, məsəl üçün, Binəqədi və Ağcabədi xalqlarının yaşamaq şansları qalırdımı? 

Sonra Xəlilovu seçmədilər, şükürlər olsun, zəlzələ də baş vermədi. Görünür Yasamal camaatı daha uzaqgörən olmuşdu, tektonik prosesləri aydın görmüşdü. Uzun sözün qısası, ondan sonra Xəlilov sakitləşdi, mən onu öz radarlarımdan itirdim. Son günlərə qədər. 

Bir-iki gün qabaq xəbər lentində yenidən Elçin müəllimin parlaq adını gördüm, çox sevindim. Məlum oldu ki, bəy ötən illərdə boş dayanmayıbmış, xalqımıza xidmət edirmiş. Müdafiə Nazirliyi Bakı ətrafında bir məxfi hərbi hissə yaradıb ona komandirlik eləməyi məhz Xəlilova tapşırıbmış. Böyük ehtimalla Səfər Əbiyev orda tektonik silahlarımız olan “Köstəbək-1", ”Uçurum-2", ya da “Dombalaq-3" hazırlayırmış. Bəs necə, bizim Müdafiə Sənayesi Nazirliyinin istehsal elədiyi yaba və zibilqabılar dünyada məşhurdur. Zibil qabda iylənir, nəticədə düşmən ölür. (Qısa özəti budur, lazım gəlsə təsvir edərəm, ancaq hərbi sirdir, məni çox danışdırmayın).

İndi isə Səfər bəy Lazım bəyi gözləmədən işdən çıxarılıb. Söz vaxtına çəkər, yazının bu yerində istefada olan polkovnik Azər bəy zəng vurdu, deyir Əbiyevin Lazıma xəyanəti haqda köşə yazmaq lazımdır. Halbuki polkovnikin xəbəri yoxdur, bu saat Əbiyev partizan dəstəsi yığır. Sevinirmiş ki, nazir vəzifəsi daha əl-qolunu bağlamır, patriot hisslərini sərbəst büruzə verəcəkdir. Partizan dəstəsinin meşədə sup bişirəni vəzifəsini böyük ehtimalla Eldar Sabiroğlu tutacaqdır.
 
Əlqərəz, Səfər bəy işdən çıxarılıb, onun yerinə gələn Zakir müəllim isə Elçin Xəlilovun rəhbərlik elədiyi hərbi hissəyə yoxlama göndəribmiş. Orada ciddi qanun pozuntuları, yeyinti aşkar edilibmiş.

Məncə, Zakir müəllim həm özü, həm vətənimizlə risk edir. Bu boyda təxribat olmaz. İndi Elçin Xəlilov ayağını yerə bir az bərk vursa zəlzələnin qabağında kim duracaq? Sənə bu lazım idi? Niyə imkan vermirsən camaat evində-eşiyində otursun?
 
Hərçənd Xəlilovun tektonik araşdırmalarından Zakir müəllim də nəsə fayda götürə bilərdi. Odur, Tovuzun sərhəd kəndlərində iki gün qabaq baş verən atışmadan sonra yerli icra hakimiyyəti dağılan ev-eşiklərin təmir-bərpası üçün büdcədən pul ayırdı. İndi hər güllə yerinə alkopon üzlük çəkiləcək, yaxşı yemək olacaq. Sən də gördün zəlzələdir, bir yeri tərpət, pul qazan. 

Çörəkli kişi ayrıdır ey...


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR