İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlimxan Yaqub: "Bir görək o ərşi-əlada nə var" - Murad Köhnəqala: "Şairin nəyi var, bəladan özgə?" - DEYİŞMƏ

2629 12.10.2019 11:00 Mədəniyyət A A

Bir neçə gündən sonra 60 illik yubileyi qeyd olunacaq şair-yazıçı Murad Köhnəqala sosial şəbəkədəki səhifəsində maraqlı bir paylaşım edib, klassik aşıqların deyişməsi üslubunda yazılmış iki şeir parçasını izləyicilərinin diqqətinə yetirib. Musavat.com şairin təqdimatını və paylaşdığı şeirləri oxucularıına çatdrır.

***

Bu yaxında arxivimi çinləyərkən, böyük şairimiz Zəlimxan Yaqubla deyişməmizi tapdım. Zəlimxan Qağa bu şeiri o vaxt "Xalq qəzeti"ndə çap etdirmişdi. Mən yazdığım cavabı şairin özünə oxusam da şeir indiyədək mətbuatda yayımlanmayıb. Dedim, bir keçənləri yad eləyək...

Zəlimxan Yaqub:

Ay Murad, sehrinlə qır tilsimləri,
Bir baxaq o köhnə qalada nə var?
Haqqın dərgahına qaldır bizləri,
Bir görək o ərşi-əlada nə var?

İtirdi nurunu göz ağlamaqdan,
Füzuliyə döndü söz ağlamaqdan.
Görən nə tapmışıq biz ağlamaqdan,
Bu qədər ağrıda, bəlada nə var?

Həm toydan xəbər al, həm yasdan soruş,
Hər köhnə kişidən bir dastan soruş.
Dünyanın rəngini Yunusdan soruş,
Yaşılda, qarada, alada nə var?

Dəmir əsalara sözünü dedi,
Dəmir çarıqları daş yollar yedi.
Saxla bir anlığa bu gethagedi,
Bu qədər çuxurda, çalada nə var?

Baxmadı çəkdiyin amana, aha,
Dövrün sitəmindən yoruldun daha.
Nə çox boylanırsan qadir Allaha,
Baxdığın o Allah-təalada nə var?

Murad Köhnəqala:

Oxudum şeirini Zəlimxan Qağa,
Bir söz tapammadım “əla”dan özgə.
Qala dikəldibsən söz kərpicindən
Başqa yerimiz yox, qaladan özgə.

Xəyalımdan bəri, röyamdan bəri
Baş vurdum ən qədim əyyamdan bəri
Füzulidən bəri, Xəyyamdan bəri
Şairin nəyi var, bəladan özgə?

Haqqın kürəsində əriyib söndük,
Eşqə tapınıban dinlərdən çöndük,
Qarğıtək yonulub bir neyə döndük,
Neydən nə çıxar ki, nalədən özgə?

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR