İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlimxan Məmmədli: “Azərbaycan və Gürcüstan arasında bir-birilərinin maraqlarını qorumağa məhkum edən sazişə ehtiyac var”

520 23.07.2019 08:25 Siyasət A A

Gürcüstanda aksiyalar səngiyir, lakin...

Üç həftədən çoxdur ki, Gürcüstanda parlamentin qarşısında aksiya keçirilir. Sonuncu aksiyaların tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefası idi.

“Yeni Müsavat”a danışan Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyevin sözlərinə görə, artıq aksiya iştirakçılarının sayı xeyli dərəcədə azalıb. Deputat bildirib ki, aksiya iştirakçılarınn nə istədikləri ona da məlum deyil. Onun sözlərinə görə, aksiyanı təşkil edənlər Gürcüstana zərər vurmaq, iqtisadiyyatını zəiflətmək yolunu tutublar. Tələblərin bir qismi yerinə yetirilib və aksiyaya çıxanların sayında kəskin azalma olduğu söylənilir. Deputat onu da bildirmişdi ki, aksiyalarda azərbaycanlılara da rast gəlinir.

Onu da qeyd edək ki, iyulun 22-də Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar və gürcülərin birgə yaşadığı Qambori kəndinin sakinləri etiraz aksiyası keçiriblər. Sakinlər kənddə içməli su probleminin həll olunmasını tələb ediblər.

Kəndin mərkəzi avtomobil yolunu bağlayan sakinlər 15 ildir susuzluqdan əziyyət çəkdiklərini bildiriblər. Onların sözlərinə görə, problemlə bağlı Saqareco bələdiyyəsinə dəfələrlə müraciət olunsa da, məsələ həll olunmamış qalıb. Polisin müdaxiləsindən sonra etirazçıların bağladığı yolda hərəkət qismən bərpa olunub. Qambori sakinləri Saqareco bələdiyyəsinin rəhbər şəxsləri ilə görüş tələb edirlər.

“Yeni Müsavat”a danışan “Borçalı” Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli bildirdi ki, orada baş verən prosesləri daimi şəkildə izləyirlər:

“Hazırkı hakimiyyətin gəlməsi ilə anti-Azərbaycan, anti-türk ovqatı sezilir. Həm ”Elat bayramı"nın yasaqlanması, həm də bizim ora girişimizə qadağa qoyulması çox şeydən xəbər verir. “Elat bayramı”nın əleyhinə 2014-cü ildə  hətta Gürcüstanın televiziya kanallarında qara piar aparılırdı. Mənim guya separatçı olmağımla bağlı materiallar verilirdi. Soydaşlarımızın arasında onların mədəniyyət tədbirlərinin  yasaqlanması ilə bağlı saxta imzalar da toplanırdı. Sonrakı mərhələlərdə iki dövlətin əməkdaşlığına cavab verməyən bir sıra addımlar atıldı. Bütün bunlar hesab edirəm ki, sistemli fəaliyyətdir və İvanaşvili hakimiyyətinin Rusiyanın himayəsi əsasında gəlməsini göstərir. Artıq buna şübhə edənlərin də sayı çox azdır. Regionda Azərbaycan və Gürcüstan xalqları bir-birilərinə dayaq ola bilərlər. Bu ölkələrin insanları və siyasiləri də zaman-zaman qeyd etdiyim istiqamətdə bəyanatlar veriblər. İki dövlətin yaxınlığı Qafqazın gələcəyinin parlaq olmasına işarədir. Əgər bu dövlətlərin, xalqların yaxınlığı pozularsa, Rusiyanın hərtərəfli formada bütün maraqları təmin olunur. Strateji olaraq bizim münasibətlərin korlanması, Cənubi Qafqazın yenidən qan gölünə çevrilməsi Rusiyanın istəyinə uyğun gəlir. Bunun üçün də addımlar atılır. Hələ Gürcüstanda  Xocalı abidəsi ilə bağlı məsələləri demirəm. Birdən-birə Keşikçidağ məsələsi gündəmə gəldi və yeni seçilən prezidentin ilk səfərinin Azərbaycana olması və bundan sonra da belə hadisənin baş verməsi, olayın 3-5 nəfər provokatorun işi olmadığını göstərir".

Məmmədli bildirib ki, Gürcüstanda keçirilən aksiyalarda səslənən şüarların əksəriyyəti Azərbaycanın əleyhinədir: “Gürcüstan siyasətində oturuşmuş bu zehniyyətin zərərli olması qənaətindəyəm. Ona görə də özümüzü aldatmayaq ki, Keşikçidağda da bir neçə nəfər provokator gəlib, belə bir addımlar atdı. Əslində isə hesab edirəm ki, məsələ idarə olunan prosesdən ibarətdir. Onları həbs etdilərmi? Nə üçün Gürcüstan tərəfi həmin adamların adlarını bizim cəmiyyətə vermədi? Bu, dövlətlərarası münasibətləri pozmaq, eyni zamanda Azərbaycanı daha çıxılmaz vəziyyətə salaraq, Rusiyanın diqtələrini ölkəmizə qəbul etdirmək istəkləri var. Hər halda, mən belə düşünürəm. Ona görə də məsələlər Gürcüstan tərəfinə aktiv şəkildə qoyulmalıdır. ”Borçalı" Cəmiyyəti olaraq biz də öz təkliflərimizi hazırlamışıq və bu yaxınlarda cəmiyyətə təqdim edəcəyik. Kompleks formada yanaşma ortaya qoyulmalıdır ki, Azərbaycan və Gürcüstan arasında bir-birilərinin maraqlarını qorumağa məhkum edən sazişə ehtiyac var. Bu, bizə ona görə lazımdır ki, üçüncü dövlətlərin münasibətləri pozmasında saziş qarant olsun. Eyni zamanda düşünürəm ki, dövlətlərarası yeni komissiyanın da yaradılmasına gərək var. Orada alimlər, mütəxəssislər, siyasilər və ictimaiyyət nümayəndələrinin olmasına ehtiyac var. Çünki biz küçələrdə onların zaman-zaman ürək bulandıran çıxışlarından cəmiyyəti qurtarmalıyıq".

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR