İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəfərin bir ili tamamlandı, növbəti bir ildə bizi nə gözləyir? – Pənah Hüseynlə “Canlı debat”

419 08.11.2021 11:55 Siyasət A A

Şuşanın işğaldan azad edilməsinin 1 ili tamam oldu. Azərbaycan bu gün Zəfər Gününü qeyd edir. Qələbənin 1 ili tamam olur. Azərbaycan heç kimin gözləmədiyi, kimsənin inanmadığı bir iş gördü. Torpaqların böyük hissəsini işğaldan azad etdi. Qələbənin 1 ilini başa vurduq. Bəs indən sonra hədəf nədir? Növbəti 1 ildə bizi nə gözləyir? Hazırda Azərbaycan böyük bir cəbhədə - diplomatiya və siyasət cəbhəsində var gücü ilə vuruşur, çalışır. Yerdə qalan torpaqları – Xocalını, Xankəndini, keçmiş Ağdərə rayonu ərazisini və s. – geri almağa çalışır. Proses çətin gedir, amma bir an olsun belə dayanmır Azərbaycan dövləti və onun rəhbəri. Bəs bu çətin işin öhdəsindən gələ biləcəyikmi?

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrup konkret qərarlara nail olur. Bu barədə RF baş nazirinin müavini Aleksey Overçuk noyabrın 5-də Ermənistan baş naziri Nikol Paşinyanla görüşdə bildirib.

Onun sözlərinə görə, oktyabrın 22-də Üçtərəfli İşçi Qrupun 8-ci iclasında tərəflər konkret qərarlara nail olublar: Onlar yollar üzərində suverenliyin bu yolların ərazisindən keçdiyi ölkələrdə qalmasına əsaslanır", deyə Overçuk bildirib.

Overçuk qeyd edib ki, digər iki baş nazir müavini ilə daim əlaqə saxlayır. Onlar səkkiz görüş keçiriblər, bu görüşlərin dördü əyani formada keçirilib. Onlar, demək olar ki, hər gün telefonla danışırlar, hamı üçün məqbul olacaq marşrutları tapmaq üçün müxtəlif variantları müzakirə edirlər.

"Biz bu nəzarətin paritet əsaslarla həyata keçirilməli olduğu barədə razılığa gəlmişik", deyə "Sputnik Armenia" Overçukdan sitat gətirir.

Paşinyan öz növbəsində qeyd edib ki, Ermənistan regionda bütün nəqliyyat əlaqələrinin və iqtisadi əlaqələrin açılmasına aid 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarda maraqlıdır və onlara sadiqdir.

"Ermənistan Azərbaycan ərazisindən avtomobil və dəmir yolu kommunikasiyaları əldə etməlidir, Azərbaycan Ermənistan ərazisindən avtomobil və dəmir yolu kommunikasiyaları, o cümlədən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyalar əldə etməlidir", deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, gömrük nəzarəti, fitosanitar nəzarət, sərhəd nəzarəti və digər mümkün nəzarət növləri ilə bağlı məsələlər razılaşdırılmalıdır, deyə Ermənistan hökumətinin məlumatında bildirilir.

Beləliklə, bu məlumatdan aydın olur ki, Azərbaycan Laçın dəhlizi, Ermənistan isə Naxçıvana gedən yol (Zəngəzur dəhlizi) üzərində sərhəd, gömrük nəzarəti və digər nəzarətə malik olacaq.

Overçukun Yerevana səfəri, görünür, əldə olunmuş razılaşmaların yekun təsdiqinə xidmət edir. Çox güman ki, yaxın günlərdə Bakıya da analoji səfər baş tutacaq.

Məlumatlara görə, noyabrın 9-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderləri regionda kommunikasiyaların açılmasını və Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası prosesinə başlanmasını nəzərdə tutan yeni sənəd imzalayacaqlar.

"Cənab Prezident İlham Əliyev və möhtərəm Prezidentimiz Rəcəb Tayyib Ərdoğan gələcək nəsillərə sülhü vəsiyyət etmək üçün çox konstruktiv yanaşma nümayiş etdirərək, sabitliyə və əməkdaşlığa əsaslanan yeni dövrün qapısını açıblar".

Musavat.com-un xəbərinə görə, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

"Biz Ermənistan hakimiyyətinin mövcud siyasətlərini bir kənara qoyub bu tarixi fürsətdən, o cümlədən bizim "altılıq" formatında əməkdaşlıq təklifimizdən istifadə etmələrini gözləyirik. Hər kəs bilməlidir ki, gələcək kin və nifrət üzərində qurula bilməz. Ermənistan düşmənçilikdən əl çəkib gələcəyə baxmalıdır. Bu anlayışla tarixi məsuliyyətimiz çərçivəsində bölgəmizdə sülh, əmin-amanlıq və sabitlik üçün səylərimizi davam etdirəcəyik”, - H.Akar bildirib.

Bu və gündəmdəki digər mövzuları bu gün saat 12.00-də Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR