İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaur Kamalın 15 yaşlı qıza elçi getməsi haqda: “Azərbaycanın yoluq gəncləri var ki...” - VİDEO

3560 17.11.2017 15:44 Şou-biznes A A

“Xəzər” TV-də yayımlanan “5-də 5” verilişinin “Elçilik” rubrikası tənqidlərə səbəb olub. Belə ki, rubrikanın sonuncu buraxılışında verilişin aparıcısı Zaur Kamal bir neçə məşhurla birlikdə Ağdam rayonunun Quzanlı kəndinə elçiliyə gedib. Çəkiliş zamanı məlum olub ki, elçi gedilən qızın 15 yaşı var və o, 9-cu sinifdə oxuyur. Qızın anası övladının arzuları olduğunu, təhsilini davam etdirmək istədiyini deyib.

Məlumat üçün bildirək ki, ailə qanunverciliyimizdə hazırda cinsindən fərqli olmayaraq Azərbaycanda nikah yaşı 18-dir. Erkən nikahların qarşısının alınması üçün isə müxtəlif layihələr, sosial, məlumatlandırıcı tədbirlər keçirilir.

Minlərlə insanın izlədiyi proqramda 15 yaşlı qıza elçi gedilməsi isə sosial şəbəkədə erkən yaşda baş tutacaq nikahların təbliği kimi dəyərləndirilib. Zaur Kamalın bu addımı tənqid olunub.

Musavat.com məsələ ilə bağlı "Xəzər" telekanalının Musiqili Departamentinin rəhbəri Kənan Bayramov ilə əlaqə saxladıq. O, səsləndirilən tənqid və iradları qəbul etmədiklərini bildirib: “Orada evlilik deyil, elçilikdir. Adət-ənənələrdən də xəbəriniz var. Göbəkkəsmə uşaq yaşlarında edilən elçilikdir. Bu da adətlərimiz arasında var. 15 yaşlı qız evləndirilmir ki, başqa mənalara yozulur. Zaurgil elçiliyə gedib. Üzük taxılmayıb, toy edilməyib. Ailənin münasibəti öyrənilməyə gedilib. Heç nə yazılanlar dərəcəsində deyil. “Elçilik” rubrikası yeni mövsümdən efirə gedir. Kimsə kiməsə elçi düşmək istəyəndə, biz vasitəçilik edirik, tanınmış insanları da sövq etmişik. Heç kim qarantiya vermir ki, biz elçi gedən kimi qızı verəcəklər. Orada müzakirə ediləcək məsələ yoxdur. Sadəcə oğlan evinin niyyəti bildirilib. Biz də bilirik ki, Azərbaycanda nikah yaşı 18-dir. Biz qanunvericiliyə müdaxilə etməmişik. Bizə verilən məlumatda qızın 17 yaşı olduğu deyilmişdi. Orada öyrəniblər ki, qızın yaşı 15-dir, bu məsələni də aydınlaşdırırıq. Sonra deyirlər ki, məşhurlar qızın yaşını bilib, imtina edib. Belə hadisə olmayıb. Qız tərəfi haqda məlumatımız olmur. Onları qapını döyəndən sonra tanıyırıq. Həyatda 14-15 yaşında nişanlanan insanlar o qədərdir ki... Onlar 4-5 il nişanlı qalırlar. Sadəcə, hər şey efirdə baş tutub deyə tənqid olunur. Bu məsələni şişirtmək lazım deyil. Azərbaycanın yoluq gəncləri var ki, kompüter qarşısında oturub, internet qəhrəmanlığı edirlər. Biri şərh yazır, qalanı da onları köçürür. Adı da olur ki, etiraz edirlər. Hamısı qeyrət dağarcığı olub, bomba qız-oğlan olublar. Azərbaycanın rəyini onlar bildirirsə, biabırçılıqdır”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə Zaur Kamalın bu addımı ilə bağlı aidiyyatı qurumlara müraciət edəcəyini bildirib: “Əslində, mətbuatda, telekanallarda bu cür məlumatların yayılması xoşagəlməz kampaniyanın aparılmasıdır. Necə yəni, siz araşdırmadan bir insanın qapısına gedirsiniz, onun 15 yaşlı qızına elçi düşürsünüz? Orada dərhal hüquq-mühafizə orqanlarına müraciət edilməli idi ki, 15 yaşlı qızı ailə qurmağa sövq edirlər. Bunu Zaur bilmədən edirsə, özü maariflənməlidir.  O tip verilişlərin dayandırlılmasını istəyirəm. Onlar əvvəlcədən araşdırmalıdırlar. Deyirlər ki, qız 15 yox, 17 yaşlı olub. Fərqi nədir? Azərbaycan qanunvericiliyinə görə, nikah yaşı 18-dən sonradır. Yəni, verilişin reytinqi üçün hər şeyi ayağınızın altında qoya bilərsiniz. Mən bunun əleyhinəyəm. Elçi gedilən ailə bun məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər ki, ailəmə, özəl həyatıma müdaxilə olunub. 14 yaşlı qızın  psixologiyasını düşünmək lazımdır. Biz də bu məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edəcəyik. Yaxşı olar ki, Zaur bəy verilişlərində erkən nikahların qarşısının alınmasını təbliğ etsin”.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR