2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması davam edib.
Musavat.com xəbər verir ki, məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub.
Sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən Nadir İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq prokuror N.İsmayılovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Məlumata görə, iş üzrə 4 nəfər zərərçəkmiş var. Onlardan biri tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur. O, Nadir İsmayılovdan 5 milyon tələb edir. Onun zərəri ödənilməyib.
Nadir İsmayılov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. N.İsmayılov 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır. Onun ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir. N.İsmayılov Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq maddələri ilə ittiham edilir.
Xatırladaq ki, N.İsmayılovun adı başqa bir cinayət işində də keçirdi. Belə ki, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovdan şikayət etmişdi. Elnur Məmmədov Rövşən Heybətova 200 min manat pul verərək Türkiyəyə aparmasını istəmişdi. R.Heybətov Türkiyədə hücuma məruz qaldığını, pulun oğurlandığını bildirirdi. Lakin Elnur Məmmədov buna inanmayaraq R.Heybətovdan şikayətçi olmuşdu. Bu cinayət işi üzrə məhkəmə araşdırması davam edən zaman Nadir İsmayılov məhkəmədə şahid qismində dindirilmişdi. Həmin prosesdə N.İsmayılov barəsində qanunsuz köçürmələrə görə araşdırma aparıldığı üzə çıxmışdı.
İlkin Muradov
Musavat.com






