İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zaman müxalifətçiliyimizin iflasını bizlərə göstərdi”-Fazil Mustafadan ilginc etiraflar

976 14.06.2023 12:09 Siyasət A A

“Burada mən dahi şəxsiyyət Heydər Əliyev mövzusuna vaxtilə xalq cəbhəsinin ideoloji platformasının hazırlanmasında və təbliğində müəyyən rolu olan bir siyasət adamı kimi qoşulmaq istəyirəm. Məhz həmin obrazda da əsrimizin bu böyük dövlət adamı və siyasətçisi ilə xalq cəbhəsinin təmsilçisi olaraq dəfələrlə üzbəüz müzakirə və mübahisə apardığıma görə fikrimi əsaslandırmaqda yəqin ki, çətinlik çəkmərəm”.

Musavat.com bildirir ki, deputat Fazil Mustafa Milli Məclisdə keçirilən xüsusi iclasdakı çıxışına bu fikirlərlə başlayıb. O xatırladıb ki, Heydər Əliyev ömrünün ən önəmli hissəsi peşəkar çekist kimi fəaliyyətlə bağlıdır:

“Çekistlər yaşamla ölüm arasında məsafəni peşə gərəyi itirmiş nadir şəxslər olurlar. Bəlkə də bu sferadan deyil, pedoqoji sahədən və ya birbaşa partiya yaxud emosional hərbçi sferasından siyasətə gəlsəydi bu qədər amansız dalğaların qarşısında duruş gətirməkdə çətinlik çəkərdi. O, yaşamağa hazırlaşdığı soyuqqanlılıqla ölümə də hazırlaşmışdı. Ona görə də KQB-nin qapalı liderliyindən  Azərbaycan Kommunist Partiyasında açıq liderliyə transferində təcrübə çətinliyi yaşamadı. O, sovet represiyasının mahiyyətini də, stalinizmi də, bağırovçuluğu da dərindən bilirdi, Xruşşov dövrünün aldatmaca yumşaqlığının da, Brejnev dövrünün konformizminin nəticələrini də proqnozlaşdırmaqda çətinlik çəkmirdi. Bəs onda bizlər, yəni hərəkatı təmsil edən liderlər müstəqillik platformasında niyə Heydər Əliyevlə uzlaşa bilmədik və məğlub olduq? Bu, tarixi səhv idi, yoxsa səriştəsizlik? Axı, Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçiləndə iki müavininin keçmiş kommunistlərdən, ikisini də hərəkatçılardan seçərkən siyasi-ideoloji platformada uzlaşma modelini əyani şəkildə təqdim etmişdi. Sonrakı hadisələr göstərdi ki, məhz bu uzlaşmanın olmaması ölkəmizdə daxili qarşıdurmanın, habelə ərazi itkilərinin əsas səbəbi oldu. 

Yox, bu sadəcə bizim öz ideoloji platformamıza aludəçiliklə və real siyasət anlayışından uzaq olmamızla bağlı məsələ idi. Biz Heydər Əliyevin içində yaşatdığı real Azərbaycanı görə bilmədik. Bizim içimizdəki Azərbaycan dünyadan tədric olunmuş xəyali bir məkan idi. Bu məkanı hansısa dövlətin üzərindən gah Cənubla birləşdirirdik, gah da bölgədə sərbəst hərəkət trayektoriyası ilə Turana qoşurduq. Heydər Əliyevin içində yaşatdığı Azərbaycan isə ilk növbədə imperiya mərkəzi olan Moskva ilə münasibətləri ağıllı şəkildə çözməli idi. Bunu çözmədən Azərbaycanın varlığı hər zaman təhlükə altında qala bilərdi. Biz duyğularımızın diqtəsi ilə Moskvadan köntöy formada qopmaq istəyirdik və bunun faciəli nəticəsini proqnozlaşdırmaq ağlımıza da gəlmirdi. Heydər Əliyev isə təhlükəsiz və tədricən üzülüşmə yolunu düşünürdü. Zaman göstərdi ki, məhz bu üzülüşmə yolunun bir müddət sürəcəyini anlayan siyasi düşüncə Azərbaycanın müstəqilliyini daha çox maddiləşdirə bildi”.

F.Mustafa daha sonra bunları söylədi: “Açığı, biz Heydər Əliyevin kommunist partiyası liderindən müstəqil dövlətin liderliyinə transformasiyasına heç cür inana bilmirdik. Yəni dəyişə biləcəyinə inana bilmirdik. Böyük siyasət adamı Çörçill 1927-ci ildə bir radioçıxışında deyirdi: “Dəyişən şəraitlərdə ardıcıl olmanın tək üsulu  - öz əsas məqsədini dəyişməz saxlayaraq şəraitlə birlikdə dəyişməkdir”. Bütün sovet epopeyasının yarı-siyasi, yarı- şəxsi rejimlərində Heydər Əliyev Azərbaycanın varlığını qorumaq və ucaltmaq məqsədini dəyişməz saxlayaraq özünü yeni mühitin lideri olmaq üçün dəyişdirə bildi. O, Azərbaycan DTX-nin başında olarkən də, yerli Kommunist Partiya lideri, imperiya mərkəzində siyasi büronun üzvü olanda da, kommunist partiyasının biletindən imtina edəndə də, və nəhayət müstəqil Azərbaycanın lideri olanda da məqsədi Azərbaycanı ucaltmaq idi. Məhz bu ardıcıllıq keyfiyyətini qoruya bildiyinə görə həmişə uğur qazana bildi. Ona atdığımız təbliğat böhtanların başında əsasən “o, rus ordusunu təkrar Azərbaycana qaytaracaq, Qarabağı heç vaxt qaytarmağa çalışmayacaq” kimi tezislər gəlirdi.

Zaman böyük siyasət adamı Heydər Əliyevə qarşı inkarçılığa, ədalətsiz tənqidə və bəzən də təhqirə qədər varan müxalifətçiliyimizin iflasını bizlərə göstərdi. Nəinki Heydər Əliyevin hakimiyyəti dövründə yad qoşunun Vətənimizə ayaq basmasının şahidi olduq, ardınca  varisi cənab İlham Əliyevin Qəbələ RLS-dən yad qoşunları diplomatik zəka ilə çıxarmasını, ardınca Qarabağ kimi bir “Qordi düyünü”nün “Dəmir yumruq”la çözməsini alqışlayanda anladıq ki, o zamankı mühakiməmiz nə qədər haqsız və naşı idi. Heydər Əliyev həm də öz qoyduğu irs ilə bizim müxalifətçilk anlayışımızı, dövlətçiliyə baxış bucağımızı dəyişdirdi. Dahi Şekspir deyirdi ki: Bəziləri böyük doğular, bəziləri böyüklüyü qazanır, bəzilərinə də böyüklük yapışdırılır. Kiminə görə Heydər Əliyev böyük doğulmuş şəxsiyyətdir. Əlbəttə, bu genetika ilə bağlı məsələyə dəqiq izah verə bilmərəm. Ancaq əmin olduğum bir gerçək var ki, Heydər Əliyev dişiynən-dırnağıynan, xarakteri, zəkası və fırtınalardan sahilə salamat çıxardığı Azərbaycanla böyüklüyü qazanmış şəxsiyyətdir. Ruhu şad olsun”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR