İnsanlara hürriyət, millətlərə istiqlal!

Zakir Həsənovun gözlənilən Çin səfərində əsas hədəf

“Azərbaycan-Çin hərbi əməkdaşlığının perspektivi böyükdür”

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekin şəhərinə gedəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumatda deyilir ki, işgüzar səfər çərçivəsində müdafiə nazirinin ÇXR-in hərbi-siyasi rəhbərliyinin rəsmiləri ilə görüşləri planlaşdırılır.

Qeyd edək ki, müdafiə naziri Zakir Həsənov ötən ilin aprelində də Çinə səfər etmişdi. Ekspertlər hesab edir ki, növbəti səfər Azərbaycanla Çin arasında hərbi əməkdaşlığı dərinləşdirəcək, müdafiə sənayesi sahəsində ciddi razılaşmaların əldə olunmasına gətirəcək.

Müdafiə sənayesi üzrə dünyanın ən nəhəng 20 şirkətinin 7-si Çinə məxsusdur. Belə ki, ötən il bu şirkətlərin hər biri əsasən Çin hökuməti və ona bağlı hərbi qurumlarla olmaq üzrə ümumilikdə 5 milyard dollardan çox hərbi sənaye satışı həyata keçirməyə nail olublar. Məlumata əsasən, sözügedən şirkətlər AVIC, CETC, “NorInCo”, “SoInCo”, State “Shipbuilding Corp”, “Shipbuilding Corp”, CASC və CASIC kompaniyalarıdır.

Çin hərbi mənbələrinin məlumatına görə, sadəcə SoInCo korporasiyası 22 milyard dollar gəlir əldə etməyi bacarıb ki, bu baxımdan o, ölkə lideridir.

Azərbaycanla Çin arasında hərbi əlaqələr 2004-cü ildən mövcuddur. Son illərdə hərbi-texniki münasibətlər sürətlə inkişaf edir. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri Çində keçirilən müxtəlif təlim kurslarında iştirak ediblər. Eləcə də Çin Hərbi Akademiyalarında təhsil almış zabitlərimiz var. Onların arasında general da var. Çin Azərbaycanla hərbi əməkdaşlığın müxtəlif aspektlərinə maraq göstərir. Son illərdə Bakıda keçirilən “ADEX” sərgilərində Çinin müxtəlif hərbi müəssisələri iştirak edib. Çin ölkəmizə hərbi yardımlar da edib. 2011-ci ildə 951 min dollar, 2014-cü ildə isə 485 min dollar dəyərində təmənnasız hərbi yardım edib.

Zakir Həsənov Çinə ile ilgili görsel sonucu

Hərbi ekspert Ramil Məmmədli bildirdi ki, Çin dünyanın inkişaf etmiş müdafiə sənayesinə malikdir: “Region ölkələrinə silah-sursatların, müxtəlif təyinatlı hərbi avadanlıqların ixracını həyata keçirir. Türkmənistan hərbi-texniki parkının silahlanmasını Çinin hesabına qurub. Eləcə də Qazaxıstana hərbi məhsullar satır. Azərbaycanın aldığı ”Polonez" reaktiv yaylım atəş sistemləri Belarus-Çin birgə istehsalıdır. Onun raketləri Çinin M20 bazasında yaradılıb. Bu da Çin texnologiyasıdır. Eləcə də Çinin uzaq mənzilli raketləri, tank əleyhinə mübarizə kompleksləri, hərbi texnikası və radioelektron mübarizə vasitələri Azərbaycanın diqqətini cəlb edir. Çin şirkətlərinin radioelektron mübarizə vasitələri sahəsində də böyük təcrübəsi var. Həmçinin JF-17 döyüş təyyarəsini Çin Pakistanla birgə istehsal edir. Çinlə hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük perspektiv var. Bu baxımdan ordumuzun güclənməsi üçün silahlanma coğrafiyasının bir qədər diversifikasiyası lazımdır. Çin istehsalı olan silahlar, hərbi texnikalar qiymətinə görə də əlverişlidir.  Çin hərbi sənaye kompleksinin məhsulları dünyanın müxtəlif regionlarında istifadə olunur və özünü doğruldub".

Digər hərbi ekspertlər bildirirlər ki, Çin hərbi sənaye üzrə Fransa, İngiltərə, İsrail kimi ölkələrin hərbi sənayesi ilə açıq rəqabət aparan və bu bazarlarda irəliləyən imkanlara sahibdir. Azərbaycanın Çindən ala biləcəyi qırıcılar siyahısında J-10B “Çendu” xüsusi qeyd olunur. İsrail və Rusiya texnologiyalarından bəhrələnərək hazlrlanan qırıcı sırf Çin istehsalıdır və onun istənilən hava şəraitində istifadə edilə bilməsi, əsasən dağlıq ərazilərdə fəaliyyət göstərəcək Azərbaycan HHQ üçün çox vacib xüsusiyyətdir. Çindən 4+ nəslə mənsub qırıcıların alınacağı ehtimalı çox yüksəkdir.

Hazırda Azərbaycan Ordusunda istifadə edilən “WS-1B” YARS və ya Çinin lisenziyası ilə Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal olunan T-300 “Qasırğa” YARS silahları təlimlərdə və döyüşlərdə öz texniki xüsusiyyətlərini təsdiq edən reaktiv artilleriya qurğuları sırasındadır. Düşmən müdafiəsinin dərinliyində hərbi bazaları, komanda məntəqələrini, rabitə qovşaqlarını, inzibati və hərbi sənaye müəssisələrini məhv etmək üçün nəzərdə tutulan kompleksin 36 ədəd qəlpəli fuqasın güclü yaylım atəşi 1 km radiusda canlı qüvvəni məhv edir. Azərbaycanın gələcək əməliyyatlarda düşmən ehtiyatlarının daimi dislokasiya yerlərindən açılma xətlərinə çıxışını və döyüşə soxulmasını önləmək üçün bu tip YARS və onların geniş sursat ehtiyatının yaradılmasına ehtiyacı olduğu realdır.

Ekspertlər həmçinin hesab edirlər ki, Çinlə hərbi əməkdaşlığın digər istiqamətlərindən biri WS-1B YARS komplekslərinin alınması ola bilər. İstənilən halda Çindən hərbi sənaye kompleksinin inkişafı baxımından öyrənilməli çox şeyin olduğunu da ekspertlər bildirirlər. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Noyabr 2019

BÜTÜN XƏBƏRLƏR