İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Orucun sensasiya dolu müəllif yazısına siyasətçilərdən reaksiya

2634 17.09.2020 09:20 Gündəm A A

“Millət vəkili Zahid Oruc ənənəvi olaraq bu məqaləsində də fərqli, əhatəli və əsaslı düşüncələrini paylaşıb. Yaxın tariximizin ən maraqlı məqamlarına fərqli rakursdan toxunub və mövcud iqtidarın anatomiyasının açılışını verib”.

Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bu fikirləri STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucun növbəti sensasion müəllif yazısına münasibət bildirərkən söylədi.

Qeyd edək ki, “İlham Əliyevin yeni hakimiyyəti” sərlövhəli yazıda yaxın tariximizin bir sıra hadisələrindən bəhs olunub,  orijinal şəkildə təhlil edilib, hakimiyyətin siyasəti ilə bağlı özünəməxsus yanaşmalar ortaya qoyulub, Azərbaycanı qarışdırmaq üçün ən müxtəlif oyunlara baş vuran, təxribatlara, hətta qətllərə əl atanlarla bağlı şok məlumatlara yer verilib. 

Müəllif yazır: “Bəli, Əliyev uzun bir yol gedir. Qüdrətli Azərbaycan dövlətini gələcəyə aparan uzun yol. Şərqə və Qərbə, Cənuba və Şimala çəkilən möhkəm magistral yollar! İndi bütün komandasında gələcək naminə vahidliyi təmin etmək, siyasi sistemin və institusional təsisatların, milli ziyalıların və ictimai rəy liderlərinin dövlət orbitinə qaytarılmasına nail olmaq, müxalif partiyalarla siyasi saziş, ictimai müqavilə ilə konsensus tapmaq və parlamentdən kənar qüvvələrin büdcədən maliyyələşdirilməsinə getməklə onların sosial aqressivliyini, xaricdən asılılığını azaltmaq, həmçinin dövlət şuralarında idarəçilikdə iştiraka cəlb etməklə münasibətləri hüquqi müstəviyə qaytarmaq, dialoq mühitini daimi çalışan və qərarlarla irəliyə gedən bir müstəviyə çevirmək, siyasi mədəniyyəti bərpa edərək destabillik doğuran mənəvi terroru durdurmaq, yeni kommunikasiya inqilabının gətirdiyi çağırışlara hazır olmaq Əliyevin qurduğu ”yeni xalq hakimiyyəti"nin ali məramıdır. Burada ən böyük dəst-xətt uğurlu məmur karyerasınıyaşayanları da gölgədən çıxarmaq, milllətinə ləyaqətlə xidmət edənləri  göstərməyi bacarmaq, ictimai fikirdə daşlaşmış “vurulmuş adamlar” gerçəkliyini dəyişdirmək, kadrların rotasiyasını normal hadisə kimi cəmiyyətə qəbul etdirmək və yeni nəslin qarşısında fərqli bir elita olduğunu göstərmək ən böyük vəzifədir! Vahid komanda milli birliyin əsas şərtidir, səmimi adamları qorumaq və şübhəçi ruhun pandemiya kimi yayılmasına imkan verməmək ən düzgün yoldur".

Z.Oruc qeyd edir ki, məmur obrazlarını dəyişərkən, bu adın vətəndaşlarda qorxu və qəzəb doğurmaması üçün sosial pilləkənlər yaxşı işləməlidir: “Kadrların işə, karyera liftlərində irəliləməsinə ənənəvi çətirlər deyil, bilik və bacarıq əsas verməlidir. Əks halda, kimlərsə yenidən özünü tayfa təfəkkürünün daşıyıcısı kimi hiss edəcək, millətləşməni unudacaq və qanunlarla hərəkət arxa plana keçəcək. Müstəqilliyimizin 30-cu yubiley ilinə çatarkən yüzlərlə nailiyyətimiz kimi uğurlu kadrlar qalereyasını da dünyaya göstərməyi bacarmalıyıq. Yoxsa institusional yaddaşı itirmiş olarıq.Hakimiyyətin hansı qolunda olursan ol, özünü qorumaq hissi hüquqa deyil, qəyyumçuluğa dayanacaqsa, dəyişən konyunkturadan asılı olaraq, adamlar bütün etik dəyərləri tapdalayıb sağ qalmaq üçün çarpışacaqsa,  elan etdiyin ideallara və siyasi əqidəyə bağlılıq hamının gözündə əriyib yox olacaqdır. ”Siyasətdə gərək başını deyil, sifətini qoruyasan" kəlamı elə-belə deyilməyib. Heydər Əliyev irsinin saxta müdafiəçilərə ehtiyacı yoxdur".

Z.Oruc bildirib ki, 2017-ci ildə parlamentdə uzun illər humanitar, mədəniyyətlərarası platformada daxildə və xaricdə ölkəmizə böyük nailiyyətlər qazandıran Mehriban xanım Əliyevanın hakimiyyət liderliyinə doğru haqq etdiyi status-Birinci vitse-prezidentliyin  rəsmiləşməsindən sonra islahatların sürəti və effektivliyi qat-qat artdı: “Onun idarəçiliyə gətirdiyi çəki və düzən sonrakı illərdə böyük milli intibahın təkanverici qüvvəsi oldu. Uğurlu siyasi tandemə qarşı hücumların bir gün belə ara verməməsi sübut edir ki, Şərq qadınının dövlətçiliyin möhkəmləndirilməsindəki müstəsna yeri düşmənləri çox qorxudur”.

STM rəhbəri yazır ki, yeni prezidentlik müddəti ilə 2019-cu ildən məmur oliqarxiyasını tamamilə idarəçilikdən uzaqlaşdıran İlham Əliyevin hər addımı, imzaladğı yeni aktlar tarixi xarakter daşıyan “Yeni hakimiyyət”ə vəsilə oldu: “O, əvvəlcə Hökuməti, daha sonra Administrasiyanı yeniləşdirərək, paralel olaraq, antidevalvasiya qərarları, şəhid ailələrinin haqq etdikləri ödənişlərlə həssas təbəqələri  bəd niyyətli qüvvələrdən qoparmağı bacardı. Axı Stolıpinin islahatlarını çara qarşı çevirənlər əbədiyyən sağdılar”.

Fazil Mustafa: “Atamın ruhunu incitdilər” | KONKRET

Fazil Mustafa

Millət vəkili Fazil Mustafa da “Yeni Müsavat”a dedi ki, deputat həmkarı xüsusilə də Prezident İlham Əliyevin kritik anlarda aldığı qərarların strateji baxımdan özünü necə doğrultduğunu ortaya qoyub: “Yaxşı mənada müzakirəyə açıq bir məqalədir, müəllifin analitik təhlili yetərincə yetkindir və bu mövzuda yazılmış ən dəyərli məqalələrdən biridir”.

Elxan Şükürlü yazır:

Elxan Şükürlü: “Yazıda yaxın keçmişimizdə baş verən bir çox hadisələrin gerçək mahiyyətinə işıq salınaraq, açıq çəkildə vurğulanır ki...”

Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü də “Yeni Müsavat”a açıqlamasında Z.Orucun müəllif yazısını yüksək qiymətləndirdi:  “Azərbaycanda analitik düşüncəyə və gözəl yazı qabiliyyətinə malik çox az sayda adam var ki, mənim nəzərimdə Zahid Oruc da onlardan biridir. Üstəlik, xalqdan çıxan, xalqın problemlərini dərindən bilən və mühüm bir quruma rəhbərlik edən adamdır. Bu baxımdan, onun yazıları həmişə mənim üçün maraqlı olub. Bu yazılarda həm gözəl publisistika var, həm dərin məzmun, həm analitika. Günümüzün hadisələri ilə səsləşən tarixi paralelliklər isə xüsusən cəlbedicidir, yazılarına xüsusi rəng qatır. Konkret, son yazısına gəldikdə isə, bu məqaləsi də hakimiyyətin ideoloji sahədəki boşluqlarını doldurmağa xidmət edən təbliğat materialı olmaqla yanaşı, həm də yaxın gələcəkdə atılacaq addımları müəyyənləşdirməyə imkan verən siyasi strategiyanın ictimailəşdirilməsidir. Yazıda yaxın keçmişimizdə baş verən bir çox hadisələrin gerçək mahiyyətinə işıq salınaraq, açıq çəkildə vurğulanır ki, Prezident İlham Əliyevin ölkənin milli maraqlarının müdafiəsinə yönəlik siyasətinə hansı xarici güclər maneçilik törədir. Burada həm müəyyən müxalif qüvvələrin, həm də hakimiyyət içərisindəki qruplaşmaların xarici güclərin diktəsi ilə necə əlbir işlədiklərinin sxemi konkret nümunələr əsasında dəqiqliyi ilə göstərilib. Prezident İlham Əliyevin yaxın aylarda milli maraqlarımızın müdafiəsində xaricdən asılı olmayan müxalifətlə birgə addımlar ata biləcəyinin aydın mesajları da görünür”.

E.Şükürlü qeyd etdi ki, Zahid Orucun yazısında səsləndirdiyi bir çox fikirləri bölüşür və dəstəkləyir: “Hesab edirəm ki, milli maraqlar ətrafında Prezident İlham Əliyevin müxalifətlə eyni masa ətrafında bir araya gəlməsi, birləşməsi bu arada Azərbaycanda qarışıqlıq istəyən güclərə qarşı verilmiş ən sərt və doğru addım olar”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR