Zahid Oruc Ziyafət Əsgərovla aralarındakı söz savaşından danışdı
Bu atmaca vitse-spiker Ziyafət Əsgərovun etirazına səbəb olub. O, deputata belə cavab verib: “Zahid müəllim, cənab sədr də dedi ki, müzakirə edilən sənədlər deputatlara paylanıb. Sizin tikanlı sözlərinizə ehtiyac yoxdur. Siz vaxt eləyin iclasdan öncə bu sənədləri gözdən keçirin”.
Z.Oruc isə cavabında deyib: “Ziyafət müəllim, mən tikanlı sözlər demirəm. Bilmirəm, siz üzünüzü kimə tutaraq bu sözləri deyirsiniz. Özünüz də bilirsiniz ki, qanunları oxuyan şəxslərdən biri mənəm”.
Bu yerdə vitse-spiker Zahid Orucun sözünü kəsib və deyib ki, aidiyyəti üzrə çıxışını davam etdirməsə, ona söz verməyəcək. Bundan sonra deputat çıxışını davam etdirib.
Baş verənlərlə bağlı Zahid Orucun fikirlərini öyrəndik. O, yayılan xəbərlərin doğru olduğunu bildirdi: “Mən sadəcə bir məsələyə diqqət çəkmək istədim ki, parlamentdə istənilən məsələnin müzakirəsi üçün geniş imkanlar lazımdır. Doğrudur ki, qaldırılan məsələlərə istər spiker, istərsə də başqa əvəzedici şəxslər olsun, geniş imkanlar yaradır.
İclasda belə bir vəziyyət yaranmışdı; bəzi məsələlərin üzərindən tez keçmək mümkün idi. Bu zaman məlum olan ifadələr ortaya çıxdı. Lakin bunu ciddi münaqişə kimi qəbul etmək yersiz olardı. Bir komitənin üzvü olaraq müxtəlif vaxtlarda fikir ayrılıqlarımız olub. Bu vaxt həm hörmətli Ziyafət müəllim, həm də mən dövlət maraqları naminə hüququ müstəvidə həll yoluna çalışmışıq.
Baş verən hal istehlakçıların hüquqları ilə bağlı idi. Qeyd edirdim ki, bu hallar toy və yas mərasimlərində özünü daha çox göstərir. Əsas fikir ayrılığı bu məsələ üzərində idi. Mən də öz fikirlərimi səsləndirmək istədim. Təbii ki, başqa məsələlərin müzakirəsi ilə bağlı da fikirlərim oldu. Mənə də doğru cavablar verildi. Ona görə belə yaşanan halları parlamentdaxili münaqişə kimi qəbul etmək yanlış olardı”.
Zahid Oruc baş verən “söz davası”nın şəxsi münasibətlərə aidiyyəti olmadığını da qeyd etdi: “Ziyafət müəllimlə aramızda heç zaman şəxsi narazılıq olmayıb. Müxtəlif zamanlarda ayrı-ayrı mövzularda kəskin toqquşmalarımız olub. Əslində parlamentarizm budur. Dünyada fikir döyüşləri, polemikalar zamanı gərginliklər normal sayılır. Bu, kabinet fəaliyyətindən tamam fərqlidir. Çünki həddindən artıq insanların psixoloji fərqləri var. Bu belə də olmalıdır. Mən bunları hüquqlarımın pozulması kimi dəyərləndirmirəm. İllərdir ki, parlament fəaliyyətindəyik. Heç kimin şəxsiyyətinə toxunacaq mövqeyimiz olmayıb. Bəzən yaşanan bu cür halları tənzimləməyə çalışırıq və buna nail oluruq”.
Cavanşir ABBASLI






