İyunun 7-də Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Müdafiə Nazirləri Şurasının toplantısı keçirildi. Həmin toplantıda çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu dedi ki, MDB-yə üzv dövlətlər Suriyanın yenidən qurulmasında iştirak etməlidirlər. Şoyqunun sözlərinə görə, Suriyada həyat normallaşıb və infrasturktur çalışmalarına başlamaq olar. Lakin burada əsas nüanslardan biri Bəşər Əsəddir ki, dünya liderlərinin əksəriyyəti onu diktator kimi tanıyır. Belə bir fikirlər var ki, əgər Azərbaycan təklifə qoşularsa, faktiki Bəşər Əsəd rejiminin güclənməsində iştirak edəcək.
Belə olan təqdirdə Azərbaycan hansı halda Suriyaya girib, orada quruculuq işində iştirak edə bilər?
“Yeni Müsavat”a danışan deputat Zahid Oruc bildirib ki, Sergey Şoyqu belə bir tədbiri bilavasitə Putinin adından reallaşdırıb: “Bunun da keçirilmə yeri, forması və əsas ağırlıq mərkəzində türkdilli ölkələrin seçilməsinə rəğmən belə göründü ki, bu, konkret olaraq Kreml strateqlərinin xahişidir. Əlbəttə, biz çox arzulayırıq ki, həmin məsələ üzrə beynəlxalq təşəbbüslər daha da çoxalsın. Xatırlayaq ki, Suriyanın bərpası üçün hələ Obama dövründə Londonda toplantı keçirildi. Nəticənin nə olduğunu isə müzakirə etmək istəmirəm. Çünki o zaman İŞİD bayrağı altında toplaşanlar həddindən artıq çoxluq təşkil edirdi. Qara bayraqlar hökmranlıq etmək istəyirdilər. Son dövrlər isə mənzərə əvvəlkindən çox da fərqli olmasa da, ən azından beynəlxalq qüvvələrin nəzarəti altına keçib və bunun müqabilində əsas terrorçu qüvvələr oradan sıxışdırılıb çıxarılıb. Bu baxımdan, bərpa üçün təşəbbüslər olacağı təqdirdə orada misilsiz işlər görmək olar. Ən azından bununla humanitar fəlakətləri ortadan qaldırmaq mümkündür. Həqiqətən də bu, insanlıq qarşısında böyük bir tələbdir. Çox istərdim ki, bu yöndə olan addımlar siyasi rəng almasın. Əlbəttə ki, bizim burada hər hansı bir yardımımız məhz Rusiyanın və yaxud da ki, İranın səbətinə yardım etmək mənasına gəlməsin. Yaxud da əksinə, ABŞ bu istəkdə bulunacağı təqdirdə bizim gedib orada hər hansı bir hərəkət etməyimiz Suriya rejimi əleyhinə və ya lehinə olan fəaliyyət konteksində dərk edilməsin. Bu reallıqdır ki, Suriya 500 milyard dollardan artıq vəsaitə ehtiyac duyur. İndiki halda münaqişə tərəfləri silahları yerə qoysalar və desələr ki, gəlin bu ölkəni yenidən ən azı fiziki cəhətdən bərpa edək, o zaman 500 milyard dollar lazımdır. Bəs yaxşı, burada bir sual ortaya çıxır: kimdir bu məbləği onlara verən? Hesablanmışdı ki, ABŞ son illər ora 3 trilyon dollara yaxın vəsait xərcləyib ki, o da yalnız neft və qaz amili kimi məsələlərə görə hərəkət etdiyi mövqeyini darmadağın edib. Deməli, ABŞ seçicisinin ianələri, humanitar yardımları doğrudan da dünyada səfalətə və fəlakətə qoyulur. Heç də geri qayıtmır. Yəni heç bir neft və qaz yoxdur ki, bu qədər resursla onu qaytara. Belə olan təqdirdə bərpa istiqamətində Rusiyanın addımları yaraları sağaltmağa imkan verəcəkmi?”
Deputat bildirib ki, bu məsələnin siyasi tərəfi çoxlarını düşündürür: “Yaxşı, Qazaxıstan gedib döyüşmür, Belarus daha əsgər göndərmir, ermənilərdən danışmaq isə mümkünsüzdür. Belə olan təqdirdə heç olmasa müəyyən qədər maliyyə yardımını göstərin ki, cari səviyyədə ən azından bir qəsəbənin bərpası mümkün olsun. Ona görə də açıq deyim ki, humanitar aksiyalarda iştirak etməyin tərəfindəyəm. Baxmayaraq ki, bunların özünə də daxildə sırf elə maddi-maliyyə nöqteyi-nəzərindən müxalif mövqe çəkənlər olacaq. Ancaq deyim ki, bu, dünyada dövlətlərarası münasibətlərin ayrılmaz bir hissəsidir. Həqiqətən də biz xüsusən də sovetlər dövründə onu görürdük ki, Panamada və sair kimi yerlərdə təbii fəlakətlər, yaxud da buna bənzər siyasi faciələr baş verirdisə, obrazlı deyilən ”dünya ayağa qalxırdı" sözü yerinə düşürdü. Hər kəs hərəkətlənirdi, müxtəlif addımlar atılırdı və problemi bunun sayəsində aradan qaldırırdılar. İndiki reallıq isə tamamilə başqadır. Artıq tam əks prosesin şahidi oluruq. Xüsusilə də Suriya vəhşəti dünyadakı insan instinktlərini tamamilə korşaltdı. Nəticədə isə daha artıq dərəcədə humanizm üzərində vəhşət qalib gəldi. Ona görə də hamı artıq hadisələri çox sadə bir şəkildə qəbul edir. Ekranlardan evimizə daxil olan 10 minlərlə ölüm hadisəsi, Yaxın Şərqin portretidir. Bu, artıq elə bil ki, onun vizit kartıdır. Avropanın özündə köçkünə, qaçqına vermək istədikləri pulu gətirib bu adamların doğma yerlərinə xərcləsələr, müəyyən qədər bərpaya kömək olardı. Ancaq Türkiyənin özünə vəd etdikləri 3 milyard avronu heç çatdırmadılar. Ona görə də mənim aləmimdə Rusiyanın quruculuq istiqamətindəki səylərə heç zamanı da yoxdur. Təklif var və yəqin ki, dövlət rəhbərliyi özümüzün regional maraqlarımız kontekstində məsələ ilə bağlı qərar verəcək. Lakin Rusiya təkbaşına, yaxud da MDB ölkələrinin gücü ilə Suriyanı bərpa edəcək gücdə deyil. Xüsusilə də özünün bəlli sanksiyalardan itirdiyi 100 milyardlarla dollar itkilər fonunda. Bu, həm də Rusiyanın Qərbə göstərisidir ki, Suriya məsələsində tək deyil".
Əli RAİS,
“Yeni Müsavat”






