İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc: “Korrupsionerlərə qarşı mübarizə asan deyil”

2346 24.06.2020 08:45 Siyasət A A

“İqtisadi, sosial, enerji hesabatlarında adı öndə olan Azərbaycanın insan haqları məsələsində 170-180-ci sıralarda dayanması nonsensdir”

Deputat, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun “Yeni Müsavat”a müsahibəsinin ikinci hissəsini təqdim edirik:

Əvvəli burada

- Zahid bəy, parlamentin ötən çağırışlardakı icaslarında fəallığınızla daim diqqət çəkirdiniz, hətta bir sıra hallarda keçmiş spiker Oqtay Əsədovla məhz danışmağa görə mübahisələriniz olurdu. Maraqlıdır, bugünlərdə Oqtay müəllimlə həmin günləri birgə yada salırsınızmı, yoxsa koronavirus yaxın münasibətlərə imkan vermir?

- Parlamentin əvvəlki fəaliyyətində bizim çalışmalarımızı o cür dəyərləndirdiyiniz üçün təşəkkür edirik. Həqiqətən də Milli Məclisin tribunasından aktiv şəkildə dövlət və xalq mənafeləri üçün cəhdlər göstərmişik, ideya və təşəbbüslərimizi açıq gündəmə gətirmişik, bəzən bunları bağlı qapılar arxasında da söyləmişik. Bir sözlə, zaman  bizim doğruluğumuzu sübuta yetirdi.

Ölkə rəhbəri 10 mart tarixində yeni çağırış parlamentarilərin qarşısında çıxış edərkən çox vacib strateji sayıla biləcək proqramın müddəalarını irəli sürdü və onun içərisində qanunverici orqanın üzərinə düşən çox böyük işlər vardı. Zənn edirəm ki, onlar hər  dönəmdə bizim üçün “Parlament manifesti” adlandırılmalıdır və dönmədən ona əməl edilməlidir. O üzdən konkret kimləsə təzədən üz-üzə əyləşib, o dövrün fəaliyyətini indiki şəraitlə sinxronlaşdırmaq və yeni statuslarda qiymətləndirməyə lüzum görmürəm. Bir daha qeyd edirəm ki, biz haqlı olmuşuq, düzgün yol tutmuşuq, yanlışa yol verməmişik və parlament həqiqətən də dövləti və milli mənafelər yönündə çağırışlara cavab versəydi, onun fəaliyyəti konstitusion müddəti başa vurmadan buraxılması ilə nəticələnməzdi.

- Milli Məclisin yeni tərkibi və parlamentin yeni rəhbərliyi barədə fikirlərinizi bilmək istərdik. Açıqlamalarınızdan birində “Milli Məclisin sədri əvvəlki rəhbərlikdən fərqlənir” demişdiniz. Bu fərqliliyi konkret olaraq nələrdə görürsünüz?

- İlk növbədə, anlayış mühitinin yaradılması üçün bütün çalışmaların yeni rəhbərlik tərəfindən ortaya qoyulması çox önəmli bir məsələdir. Çünki səmimiyyət və anlaşılma, təşəbbüslərin qiymətləndirilməsi, ortaq nöqtələrin tapılması, komandalı çalışma mühüm bir hakimiyyət qolu kimi Milli Məclisi xarakterizə etməlidir və ondan da irəli hər kəsin şəxsiyyətinə ehtiram, hörmət göstərilməsi vacib şərtdir. Digər tərəfdən, sədarət bir qədər obrazlı desək, müəyyən qədər plenar salonda əyləşdikləri yerə və tribunaya görə hündürdədir və bu, bütün məsələlərdə də diqqətlilik, ehtiramlılıq, xoş görüləri əldə tutmağı tələb edir. Əks halda, daim yarğılama mövqeyi kəskin qütbləşmə və əks reaksiyalar doğurur ki, bu da bir çoxlarının nəzərində “aşağılar və yuxarılar arasında konflikt” kimi təzahür edir. Halbuki şəxsimi tanıyanlar bilirlər ki, mən dövlət və xalq üçün çalışanlara doğru hər zaman iki addım çox atır, fəaliyyətlərini də qiymətləndirərkən obyektiv olmağa çalışıram. Bununla bərabər, yeni çağırış parlamentin qarşısında dayanan mühüm vəzifələri elə Məclisin 5 may tarixli iclasında da söyləmişəm və oradakı tezisləri yenə də sizin tribunadan cəmiyyətimizə çıxarmaq istərdim.

zahid oruc.jpg (115 KB)

“Müstəqillik illərimizdə millətimizin yüksək rütbə daşıyan generallarının xalqın canına, qanına qənim kəsilmələrinə ixtiyarları yox idi”

- Buyurun.

- Orada qoyulan məsələlər qəti şəkildə özündə o ideyanı daşıyır ki, əgər Milli Məclis gözləntiləri doğrultmasa, onun ictimai rəğbət qazanması və yaxud da onu qoruyub saxlaması çətin olacaq. Bu isə dövlət institutlarının legitimlik böhranının hakimiyyətin digər sistemlərinə doğru yönəlməsinə, başqa alternativ mexanizmlərin Məclisi əvəz etməsinə, parlamentin zəif bəndə çevrilməsinə yol aça bilər. Ona görə də istər Milli Məclisin sədri hörmətli Sahibə xanım Qafarova, istərsə də birinci vitse-spiker hörmətli Əli Hüseynli tərəfindən son üç ayda pandemiya kimi bəşəri təhlükə şəraitində aparılan çalışmalar, gündəlik təmaslar yeni qanun layihələrinin hazırlanması, həmçinin Milli Məclisin hər bir üzvünün potensialından düzgün istifadə olunması ideyasına xidmət edib və sevindiricidir ki, “aşağıya” əl uzadılır, dəstək istənilir, şübhəsiz ki, bu da özünün müsbət nəticələrini verəcək.

- Zahid bəy, adətən ölkədəki problemlərin Milli Məclisdə açıq şəkildə dilə gətirilməsini və onların həlli istiqamətində addımların atılmasını zəruri sayırdınız. Vəzifəyə təyin olunmağınız, həmçinin Milli Məclisin İnsan hüquqları komitəsinin sədri olmağınız baxışlarınızda korrektələr etməyib ki? Fikirlərinizi söyləməkdə özünüzü əvvəlki kimi azad hesab edirsiniz?

- Şübhəsiz ki, iki mühüm vəzifəni daşımaq bu və ya digər məsələlərdə hədsiz həssaslıq, konflikt maraqlarının baş verməməsini daim gözləmək, balanslı mövqeni qoruyub saxlamağı bizdən tələb edir. O üzdən xüsusi ambisiya sahibi olmamışıq ki, bir tərəfdən qanunverici sistemdə çalışmalarımız olsun, digər tərəfdən, publik-hüquqi statusa baxmayaraq idarəetmə sisteminə yaxın olan bir təsisatda çalışaq. Lakin hazırkı reallıq belədir, gələcəkdə ölkə rəhbəri hansı qərarı verəcəksə, təbii ki, vahid bir komandanın içərisində yer aldığımıza rəğmən o yöndə də fəaliyyətimizi davam etdirəcəyik. Yalnız onu deyim ki, problemlərin açıq qoyulması istiqamətində bizim son üç ayda Məclisin tribunasından dilə gətirdiyimiz məsələlərin sayı 15-dən artıqdır.

- Qənaətbəxşdir?

- Əlbəttə, bunun digərləri ilə müqayisədə yuxarı, yoxsa aşağı olduğunu demək doğru olmaz, subyektiv görünər. Həmçinin də keçmişdə dediyimiz problemləri kəskin şəkildə qoyarkən də, indi daha qəbuledilən və uyarlı bir mövqenin seçildiyi zamanda da qəti bir prinsipial pozisiyamızdan çəkinmirik. Zənn edirəm ki, az öncə verdiyimiz cavablarda göstərməyə çalışdıq ki, Prezidentə təəssübüm və ona sevgim qəti şəkildə Sosial Tədqiqatlar Mərkəzinə reallığı olduğu kimi görməyə mane olmayıb. Hər halda, belə mövqenin düzgün olduğunu düşünürəm. Dövlətin birinci şəxsinin də gözləntiləri gerçəkliyi rəngli təqdim etmək və qeyri-obyektiv sənədlərlə çıxış etmək tapşırığından ibarət olmayıb. O üzdən pandemiya bitəndən sonra da Məclis çərçivəsində komitə sədri statusu ilə çalışmalarımız bir sıra yeni addımlarla müşayiət ediləcək.

- Konkretləşdirə bilərsinizmi? 

- Xüsusilə insan haqları üzrə beynəlxalq reytinq cədvəlləri bizi narahat edir və mənə elə gəlir ki, dövlət-hökumət sistemimizdə də yanaşma bundan ibarətdir. Ona görə də komitənin fəaliyyət  konsepsiyasını hazırlamışıq. Bunu da ayrıca qeyd edim ki, bu, Milli Məclisin illərlə göstərdiyi fəaliyyət içərisində yeni bir addımdır. Düşünürəm ki, belə də olmalıdır, əslində bunu xüsusi bir igidlik hadisəsi kimi təqdim etmirik. Onun içərisində bütün beynəlxalq indeksli təşkilatlarla görüşlər də yer alır. Biz razılaşmalıyıq ki, iqtisadi, sosial, enerji məsələlərində müxtəlif hesabatlarda adı öndə olan Azərbaycanın insan haqları məsələsində 170-180-ci sıralarda dayanması nonsensdir. 

Ona görə də publik sektorda vəzifə tutmağım prinsipial mövqeyimizin unudulması kimi nəticə doğurmayıb. Hər halda, son çıxışlarımızda, konkret desək, dövlət büdcəsinin icrası ilə bağlı məsələlərdə 2019-cu ildə yer alan siyasəti qiymətləndirərkən ən başlıcası, məmur burjuaziyası və ya məmur biznesi fəaliyyətinin azalmasından tutmuş, bölgələrin inkişafı ilə bağlı həyata keçirilməsi istənilən tədbirlərə, büdcə vəsaitlərinin şəffaf icrasına, tender layihələrinə və sair məsələlərə geniş şəkildə toxunmuşduq. Mənə elə gəlir ki, bunun özü də sualınıza cavabdır.

- Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə istiqamətində tədbirlər davam edir. Düzdür, nazirliklərlə keçirilən əməliyyatlar, yaxud icra başçılarının həbs dalğası son vaxtlar səngiyib, amma hakim partiyadan deyirlər ki, prosesin davamı olacaq. Sizin baş verənlərə münasibətiniz necədir? Həbslər ölkədə korrupsiyanın kökünü kəsəcəkmi, yoxsa, digər vasitələr və üsullar da tətbiq edilməlidir? Məsələn bəzi həmkarlarınız məmurların maaşının artırılmasını təklif edirlər...

- 2015-ci ilə qədərki dövrdə İlham Əliyevin əsas qayğısını Azərbaycanın regional və beynəlxalq mövqelərinin gücləndirilməsi, iqtisadi müstəqilliyə nail olunması, təhlükəsizlik problemləri, ordu quruculuğu, mühüm strateji silahların alınması, bölgəsəl miqyasda tərəfdaşlarımızın  genişlənməsi və s. təşkil edirdi. Lakin qeyd etdiyimiz zamandan sonra komandadakı durum önə çıxdı və bu zaman bir neçə məsələ həllini tapmalı idi.

İlk növbədə, obyektiv informasiya verilən hər bir cari və strateji qərarların əsas nüvəsini təşkil edir. O zaman bəlli oldu ki, milli təhlükəsizlik orqanları  böyük cinayətlərlə məşğuldur və fikrimizcə, bu addımın atılması miqyas və siyasi məna etibarilə tarixi əhəmiyyət daşıdı. Çünki  keçmişdə istər ittifaq tərkibində yaşayanda da,  ondan əvvəl çarizmin bir hissəsinə çevriləndə də deyirdik ki, bizi idarə edənlər başqalarıdır. Lakin müstəqillik illərimizdə millətimizin yüksək rütbə daşıyan generallarının xalqın canına, qanına qənim kəsilmələrinə ixtiyarları yox idi. Faktiki olaraq cənab Prezidentin onlarla çıxışlarında bu və bənzər ağrılı ifadələr yer almağa başladı, hətta sonuncu həbslər fonunda işlədilən “milli xainlər” ifadəsinin də üzərində xüsusi dayanılmalıdır.

 Lakin burada bir haşiyə çıxaq - bütün ziyalılar, qələm adamları, yazıçılar birlikləri və din xadimləri, cəmiyyətdə aktiv ictimai fəaliyyət sahibləri və institutları bu prosesin mahiyyətini düzgün təhlil etməlidirlər və gündəlik kommunikasiyada cəmiyyətimizə çatdırmalıdırlar. Paralel şəkildə, dediyimiz kimi 2018-ci ildə prezident İlham Əliyev  kadrlar problemini köklü şəkildə həll etmək qərarını verib. O üzdən 2019-cu ildə biz hökumət sistemində istər baş nazirin, istərsə də bir neçə nazirin dəyişməsi fonunda yeni hökumətin qurulduğunu gördük. Ardınca struktur tədbirləri genişləndirildi, daha sonra administrasiyada istər yaş amili, istərsə də siyasi səbəblərdən dəyişikliklərə gedildi və bu özlüyündə bütün hakimiyyət qollarının yeniləşməsi və fərqli bir elitanın formalaşması demək idi. Cənab Prezident məhz ona görə vurğulayırdı ki, 20-ci əsrin düşüncələri ilə yeni minilliyin qarşısında Azərbaycan dövlətinin idarəetmə strukturlarında çalışmaq olmaz. Açıq demək lazımdır ki, islahatlar çox ağrılı prosesdir, ona görə Stolıpindən ta Qorbaçova qədər böyük sindrom xarakterində olan problemlər hər kəsə bəllidir və bəzən onu həyata keçirənlərin əleyhinə yönəldiyini də görmək lazımdır. Lakin dünyada onlarla uğurlu islahatlar nümunəsini göstərmək mümkündür. O üzdən Prezident  iqtisadiyyatı məmurlardan ayırmağa, ardınca müxtəlif sahələrdə struktur dəyişiklikləri hesabına  külli miqdarda büdcə vəsaitlərini qoruyub saxlamağa şərait yaratdı, sadə xalqla dövlət arasındakı təmasları gücləndirdi, ən ucqarda dayanan insanımızın qəlbində yer alan düşüncələrin Birinci şəxsin leksikonunda əksini tapmasını təmin etdi və orta həlqələrdə öz maraqları üçün hərəkət edən diversant qüvvələrin də meydanını daraltdı və onlara zərbə oldu.

Korrupsionerlərə qarşı mübarizə asan deyil, gördüyünüz kimi, təkcə Beynəlxalq Bankın çevrəsində nə qədər xarici qüvvələr bu prosesin üzərində əllərini qızdırırlar. Bir tərəfdən həmin çirkli pulları özlərinə götürmək, qaytarmamaq, yaxud da həmin vəsaitlərin bir hissəsini mənimsəmək vasitəsilə o adamlara “təhlükəsizlik zolağı” yaratmaq, üçüncülər isə sırf onun vasitəsilə dövləti vurmaq üçün işlər aparırlar. Ona görə də hakimiyyət və kontur hakimiyyət, elita və əks elita fenomeni kompleks baxışda olmalıdır ki, işlər müsbət nəticə versin, nəticədə insanlarımız ondan qazansın.

- Deyirdiniz korrupsionerlərə qarşı mübarizə asan deyil. Deməli...

(Davamı növbəti sayımızda)

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR