“Helsinki Komissiyasının dinləmələrindən sonra Bakıda beynəlxalq konfransın çağırılması gərəkdir”
Helsinki Komissiyasında Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu və bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələrin təşkil olunması ölkəmizdə ciddi etirazla qarşılanıb. Dinləmələr ermənipərəst konqresmen Kristofer Smitin təşəbbüsü ilə təşkil edilib.
Ermənilərin əlinə oynayan və onlara kömək etmək məqsədi daşıyan bu tipli dinləmələrə qarşı addımlar atılması, kontur-arqument olaraq Azərbaycanda da alternativ konfransların təşkil olunmasının vacibliyi barədə fikirlər meydana çıxıb. Helsinki Komissiyasına ən tutarlı cavabın bu yolla verilməli olduğu qeyd olunur.
İqtidaryönlü deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında belə bir dinləmələri Azərbaycan tərəfinin də təşkil etməsinin mümkünlüyündən danışdı: “Xatırlayırsınızsa, Suriyada müharibə başlayanda dünyanın 48 dövləti Londonda böyük konfrans keçirdi. Bunu ”Suriyanın xilası" adı ilə əlaqələndirmişdilər. Deputat kimi o zaman belə bir çağırış səsləndirdim ki, daha çox dövlətləri bu areala qoşmaq üçün münaqişələrdən başlamaq lazımdır. Helsinki Komissiyasının bu dinləmələrindən sonra Bakıda beynəlxalq konfransın çağırılması gərəkdir. Hətta buraya neytrallığı ilə seçilən düşüncə adamlarını, yazıçıları, cəmiyyətə təsir imkanı olan qüvvələri, mühüm televiziya kanallarının nümayəndələrini çağırmaq lazımdır. Bu məsələni geniş formatda ona görə görürəm ki, hansısa bir komissiya səviyyəsində keçirilən dinləmələr daxili auditoriyaya yönələcək. Biz ATƏT-in Minsk Qrupu formatından daha geniş hədəflərə çıxmaq üçün humanitar forumlara Bakı prosesləri statusunda və bir az da ondan yüksək tədbirlərə getməliyik. Bununla prosesləri yeni bir baxışda təqdim etmək imkanlarımız olar. Bu gün erməni mediasında Amerikadakı erməni lobbilərinin, mərkəzlərinin gücü haqqında çox böyük silsilə məqalələr dərc olunur. Onların nümayəndələrinin erməni cəmiyyətinə sanki yeni təqdimatlarını verirlər. Orada diqqət çəkən bir məqam var idi. Onlar deyirlər ki, biz istənilən parlamentariyə və ya diplomata telefon zəngi açıb, Ermənistanın, erməniçiliyin tarixi problemlərini təqdim edirik, onlarla mütləq görüş alırıq, biz mühüm qüvvəyik, bizimlə mütləq hesablaşmaq lazımdır. Halbuki Erməni Milli Komitəsi Konqresin binasının bir addımlığındadır, amma onlar telefon zənglərindən söz açıb, yaxın olduqlarını göstərməyə çalışırlar. Bunları ona görə qeyd edirəm ki, güclü lobbisiz, diasporsuz yaşamağımız çətin olacaq. Çünki bilməliyik ki, hər hansı modeldə belə Qarabağ məsələsi həllini tapsa da, ermənilərlə problemlərimiz uzun çəkəcək. Biz elmi, intellektual savaşa hazırlaşmalıyıq. Qarabağ məsələsi ilə bağlı beynəlxalq konfransın keçirilməsi bizə tribuna qazandırar. Helsinki Komissiyasının ölkəmizdə qazandığı imic hamıya məlumdur. Həmin komissiya bu müzakirələri Vaşinqtonda aparır. Nyu-York onlara çox da uzaq deyil. BMT qətnamələri 90-cı illərin əvvəllərində orada qəbul olunub. Ən uzağı oradan götürsünlər, Qarabağ münaqişəsinin həlli yönündə sənəd, mexanizm axtaran Minsk Qrupuna təqdim etsinlər. Qoy deyilsin ki, Helsinki Komissiyası BMT qətnamələrinə yenidən qayıtmağı tələb etdi. Biz artıq başqa-başqa halların beynəlxalq aləmdə şahidi olmaqdayıq. Təsadüfi deyil ki, Ukrayna deputatlarının iştirak etmədiyi beynəlxalq tədbirlərdə hər hansı bir ingilis, alman və digər bu kimi deputatlar Ukrayna deputatlarının əvəzindən Rusiya ilə ciddi mübarizə aparırlar. Həmin Helsinki Komissiyasında hazırlanan Krımla bağlı sanksiyaların ən sərtini artıq Trampın masası üzərinə qoyublar. Nə əcəb bizim əvəzimizdən bunu bir dəfə edən olmayıb? Bu baxımdan, irəli sürülən təşəbbüsləri dəstəkləyərək, daha da genişləndirərək Bakıda Qarabağ Beynəlxalq Sülh Konfransı kimi görürəm və bunu da parlamentdə dilə gətirməyə hazıram".
Cavanşir ABBASLI






