İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yüzlərlə düşmən öldürdük, aralarında ruslar və qaradərililər də vardı” - Keçmiş zabitin döyüş yolu

10862 18.03.2017 19:39 Son xəbər A A

Müharibə illərdə fərarilik çox olurdu. Bəziləri canını müharibdən, ölümdən,yaralanmqdan qurtarmaq üçün Rusiyaya qaçırdı. Amma həmin vaxtlar Rusiyada rahat yaşayışını buraxıb, Qarabağdakı müharibəyə, ölüm ehtimalı böyük olan döyüş meydanına gələn oğullar da var idi. Bugünkü müsahibim də onlardan biridir.

Yasin Rüstəmovun tərcümeyi-halı barədə bir az  sonra danışacağıq.

-Yasin bəy necə oldu Rusiyadakı işinizi, normal dolanışığınızı savaşla əvəzlədiniz? Buna əsas səbəb nə idi?
Vətəni işğal olunan şəxsin utancla gəzməyindənsə...

- Əvvəlcə onu deyim ki, heç bir dünya sərvəti Vətən qədər şirin ola bilməz, vətənsiz də yaşamaq olmaz. Mənim orda yaxşı işim, qazancım, dövlətdən aldığım imtiyazlar vardı. Amma hüzurum yox idi, çünki baş verənləri televiziyalardan izləyirdim və dözə bilməyib döyüşmək üçün Vətənə qayıtdım. Vətəni işğal olunan şəxsin utancla gəzməkdənsə, döyüşə atılmaq daha qürurvericidir. Nə yaxşı ki, dönüb döyüşmüşəm. Buna peşman deyiləm!

“ Hətta kinolarda belə bu qədər dəhşətli kadrlar yoxdu”

Qaldı ki döyüşlərə, 1992-ci ilin mart ayından Gədəbəy rayonunun Başkənd kəndinə yollanmışam. Və beləcə döyüş yolum başlayıb. İlk hücumumuzu Göyəbaxan kəndindən Başkəndi almaq üçün həyata keçirdik. Döyüşdüyümüz ərazi dağlıq olduğu üçün texnikasız idik. Orada ancaq piyada döyüşçülər vardı. Dəhşətli atışmalar oldu. Uğurlu hücum əməliyyatını yüksək səviyyədə başa vurduq. Başkəndi ermənilərdən təmizlədik. Daha sonra Mutudərə Kaftar istiqamətində irəliləməyə başladıq. Ələ keçirdiyimiz ərazilərdə postlar qurub möhkəmləndik. Hücum əməliyyatını itkisiz başa vurduğumuz üçün sevincli idik.1992-ci ildə bölük komandiri kimi, Bakıda Azərbaycan Respublikasının 1-ci hərbi paradında iştirak etmişəm. Daha sonra Ağdam rayonuna kömək məqsədi ilə 1992-ci ilin oktyabr ayında bir batlayonla bizi Ağdama göndərdilər. Həmin batalyon Şəmkir, Tovuz, Ağstafa , Qazax uşaqlarından ibarət idi. Və ilk döyüşümüz Fərrux dağında oldu. Bu döyüş çox dəhşətli oldu.Hətta kinolarda belə bu qədər dəhşətli kadrlar yoxdu. Orda güllələr yağış kimi yağırdı. Hücum əməliyyatımız möhtəşəm hazırlanmışdı. Güclü komandirlər vardı, əsgərlər ürəkli idilər. (Bütün savaşların qalibiyyəti də yüksək ruhdur, bunu unutmayın) Mən burada da bölük komandiri idim, ancaq təəssüflər olsun ki, bölüyüm tağım komandirlərini itirdi. Bəhlul Rüstəmov və iki əsgərimiz şəhid oldu. Əməliyyata başlamazdan əvvəl gecə kəşfiyyata getdik, səhər saat altı radələrində hücuma keçərək erməni səngərlərinə girdik. Əməliyyat bitdi, yüksəklikləri geri aldıq. Başqa bölüklərin də yüksəklikləri tutmasını gözləsək də, bu həyata keçmədi. Ermənilərə kömək gəldiyi üçün əks hücuma keçdilər. Həmin gün mühasirəyə düşdük. 1 sutka ac susuz qaldıq. Ancaq onu deyim ki, 100-ə yaxın ermənini məhv etdik. Bizim isə 4 itkimiz oldu. Daha sonra geri çəkilib Ağdərə istiqamətinə göndərildik. Çıldıran, Sırxavənd istiqamətindəki döyüşlərə qoşulduq. 1992-ci il noyabr ayında Çıldıranı aldıq. Komandirlərimiz (adlar unudulub) Azayev, Şirinov vardı, onlar həqiqi mənada əfsanə idilər. Hər iki tərəfdən itkilər oldu amma biz də az idi. Artıq Çıldıran bizdə idi, sevinirdik.

-Döyüşlərdən danışırsınız. Qollarınızda şəhid olan, son sözünü deyən əsgəriniz, dostunuz heç olubmu?

-Mən bu dediklərinizi çox yaşamışam. Bu gün bunları danışmaq çox ağırdır. (Yasin doluxsunur müsahibəyə ara verir).

***

Gəlin elə bu arada, Yasinin bioqrafiyası ilə tanış olaq. Yasin Allahyar oğlu Rüstəmov 1961-ci il iyun ayının 30-da Şəmkir şəhərində anadan olub. Burda boya-başa çatıb, orta məktəbi bitirdikdən sonra, 1979-1981-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirib Vətənə dönən Yasin bir müddətdən sonra ali təhsil almaq üçün Rusiyanın Rostov şəhərinə yollanıb. Rostov dəmiryolu mühəndislər fakultəsinə qəbul olub. 1987-ci ildə ali təhsilini bitirərək Volqoqrad şəhərinə təyinatını alaraq orada işləməyə başlayıb. Elə həmin illərdə də burada ailə həyatı qurub. 1992-ci ildə Vətənin darda olduğunu nəzərə alaraq ordakı işini buraxıb, ailəsi ilə birlikdə Şəmkir şəhərinə qayıdıb. 1992-ci ilin mart ayında könüllü olaraq, Gədəbəy rayonun Başkənd deyilən ərazisinə yollanıb. Və elə həmin gündən də qanlı-qadalı döyüşlərə atılıb.

***

“Oğlum var, gəlib intiqamımızı alacaq, döyüşü davam etdirəcək”

Söhbətə davam edirik:

- Fərrux dağında tağım komandiri Bəhlul Rüstəmovu qumbaraatanla vurdular, iki ayağı da dizdən yuxarı yox oldu, qalan hissəsi də ifadə olunmayacaq dərəcədə parçalandı. O, son olaraq dedi ki, mən ölsəm də kimsə üzülməsin.O şəhid olanda oğlu 40 günlük idi. ”Oğlum var, gəlib intiqamımızı alacaq, döyüşü davam etdirəcək” , -deyib təcili tibbi yardım maşınında keçindi. Bax, bu mənzərəni ölənə qədər unutmayacam.

Daha sonra, 1994-cü ildə, yanvar ayında Yanşaxda, Meydançayda, Çiçəkdağda döyüşlərdə öz bölüyümdə olmuşam. Orada dəhşətli soyuqlar vardı, 5 silahdaşımı itirdim, onlar güllə yaralarından keçindilər. İkisi vzvod komandiri idi. Şahlar Musayev və Şakir Qarayev. Daha sonra əsgərlərim Alabaşlı kəndində gözəl döyüşüblər. Həmin yüksəklikləri alanda ermənilərlə səngərdə qarşılaşdım, onların üçünü də vurdum. Bu döyüşdü, gərək burada soyuqqanlı olasan.

- Təbii ki , belə vəziyyətlərlə tez-tez rastlaşırdınız. Erməni əsgəri ilə bizim əsgərimizin fərqi nədir?
Muzdlularla döyüşməzdilər...

- Onlarla bizim əsgərləri müqayisə etmək ayıb olardı. Amma bizim əsgərlər öz vətəni üçün döyüşürdü, onlar isə, qatillik edirdilər.Bax bunu demək kifayətdi. Onların muzdlu əsgərləri vardı. Şəmirri əməliyyatında yüzlərlə ermənini öldürdük, onların arasında ruslar və qaradərililər də vardı. Onların şəxsi heyəti yox idi, olsaydı muzdlularla döyüşməzdilər. 

-Siz onların meyidlərini götürdünüz? Bizim onlarda xeylə əsirimiz vardı axı? Bizim əsgərlərdə fərarilik edən var idi?

-Yox bizim o, meyidləri daşımaq imkanımız yox idi amma canlı tutduqlarımızı əsir alıb lazımi orqanlara təhvil verirdik. Bu da bir həqiqətdir ki, fərarilərimiz olurdu. Silahla, silahsız qaçıb gedirdilər. Ona görə bəzən uğursuz olurduq.

-Fərari demişkən, siz könüllü döyüşə gedəndə evli idiniz? Ailədə kiminsə etirazı ilə qarşıladınızmı?

Ukraynalı həyat yoldaşım dedi ki...

-Mən döyüşə gedəndə bir övladım vardı, yoldaşımda ukraynalı idi, dedi “mən də səninlə döyüşə gedirəm”. Bizim kimilər də çox idi, qorxub qaçanlar da. Onu da deyim ki, Xocalı hadisələrində mən Volqoqraddan evimizə gəlmişdim. Süfrədə oturanda anam ağlayıb dedi ki, “ərim sağ olsaydı, indi gedib döyüşərdi”. Atam Böyük Vətən müharibəsində medal alanlardan olub. Anam bu sözləri mənə eşitdirirdi ki, yəni gəl döyüş. Və bu sözdən sonra ailəmlə birlikdə Vətənə qayıdıb döyüşə getdim.

-Yasin bəy, müharibə sizi dəyişdimi?

-Bu yaxşı sualdı. Məncə, bu sualı təklikdə özüm-özümə verməliyəm. İnsan vətən üçün döyüşəndə bir başqa şərəfli olur. Müharibədən əvvəl sovet dövründə əziyyətsiz yaşamışdım, indi isə müharibə görmüşdüm və həyatımda fərqlilik var. Onu da deyim ki, mənim qudam Azərbaycanın ilk pilotudur. Mən 1992-ci ildən 1998-ci ilə kimi zabit kimi xidmət etmişəm. 1996-cı ilə kimi Gədəbəy rayonunda olmuşam, daha sonra Naxçıvan yüksəkliyində xidmət etmişəm. İnanın, həmin yüksəklikdə sentyabr ayında belə qar yağırdı. Buludlar gəlib dağa dirənirdi, qarı üstümüzə boşaldıb gedirdi. Şimşək çaxanda əlimizdəki silahı atırdıq, çünki cərəyanı bizi vururdu .Bax belə xidmət etdiyim günlər də olub. Daha sonra ailə vəziyyətimlə əlaqədar xidmətdən ayrılmağa qərar verdim və tərxis oldum. 

-Dövlətin hansı imtiyazlarından yararlanırsız?

- Dövlət ev verib, pensiya da alıram. Qardaşım da bizneslə məşğuldur, ona kömək edib ailəmi dolandırıram.

- Köhnə zabit kimi gənclərlə maarifləndirmə işi aparırsınız? Azərbaycan gəncinə güvənirsiniz?

-Bəli qazilərlə birlikdə hərbi hissələri, məktəbləri gəzib söhbətlər edirik. Bəli, gənclərimizə də çox güvənirəm. Çünkİ bizimkilər Sovet ordusunda ya tikintidə xidmət edirdi, ya da aşpaz olurdu, silah nədir bilmirdi, amma bugünkü gənclər öz ölkəmizdə qulluq edir, silahla davranmağı bilir və onlar torpaqları azad edəcək.

-Son olaraq gənclərə nə demək istəyərdiniz?

-Tək arzum: Qarabağ işini həll edib, Təbriz məsələsinə girişməliyik. Gənclər vətəni qarşılıqsız sevsin.Gün o gün olsun bayrağımız Xankəndində asaq. Gərək ordumuza, zabitlərimizə güvənək ki, vətəni xilas edə bilək.

Nihat Cəbrayıl

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR