İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yuxu kimi xatırlayıram"- İki uşağını və özünü binadan atan qadın məhkəmədə ifadə verdi

1850 03.05.2021 21:09 Ölkə A A

İki uşağı ilə birlikdə özünü 4-cü mərtəbədən ataraq intihara cəhd edən qadın hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1991-ci il təvəllüdlü Nigar Cəfərovanın cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmən iclasında ifadə verən Nigar Cəfərova yaddaş pozuntusundan əziyyət çəkdiyini deyib və hadisəni xatırlamadığını bildirib.

Maraqlıdır ki, N.Cəfərova həyat yoldaşı ilə münasibətləri, evdəki durum və başqa suallara “yadımda deyil” kimi cavab verib.

Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan N.Cəfərova başının çox ağrımasından əziyyət çəkdiyini deyib və ümumilikdə yorğun olduğunu söyləyib: “Canım yorğun düşüb. Nələrisə yuxu kimi xatırlayıram. Bilmirəm ki, nələr baş verib”

Məhkəmədə iştirak edən Nigar Cəfərovanın anası Fazilə Manafova bildirib ki, hadisə ərəfəsində qızı özünü yaxşı hiss etmirdi: “Axır vaxtlar halsız olurdu, bütün günü yuxusu gəlirdi. Elə deyirdi ki, “başım ağrıyır, özümü pis hiss eləyirəm”. Həkimə də aparmışdıq, dərmanlar yazmışdı. Yoldaşı aşpaz idi, pandemiyaya görə son vaxtlar işləmirdi. Amma ailədə o dərəcədə problemləri yox idi...”

Nigar Cəfərovanın bacısı Rəhilə Manafova da bacısının son vaxtlar əhvalının olmadığını vurğulayıb: “Nə vaxt zəng eləyirdim, deyirdi ki, yatıram, yuxum gəlir".

Məhkəmə araşdırması davam edir.

Qeyd edək ki, hadisə ötən il dekabrın 20-də Yasamal rayonunda baş verib.

Nigar Cəfərova azyaşlı övladları 2017-ci il təvəllüdlü Hüseyn Cəfərov və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın 4-cü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atıb, daha sonra isə özünü də həmin yerdən atıb.

Nigar Cəfərova və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılaraq həkimlərin müdaxiləsi nəticəsində sağ qalıblar.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Elan olunmuş ittiham məhkəmə araşdırması zamanı sübuta yetirilərsə N.Cəfərova 10 ildən artıq azadlıqdan məhrum edilə bilər.

İlkin məlumata görə N.Cəfərovanın bu addımı atmasına səbəb ailə münaqişəsi olub.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR