İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstandan Azərbaycana qarşı həyasız demarş - həm qazımıza isinir, həm də...

1630 13.01.2024 11:47 Siyasət A A

Politoloq: “Bu sərsəmləmələrlə bağlı etiraz notası təqdim olunmalıdır”

Yunanıstanın xarici işlər naziri Yorqos Herapetritis Ermənistana səfər edib. Səfər zamanı o, bir sıra anti-Azərbaycan açıqlamaları verib, ərazi bütövlüyümüzə və suverenliyimizə hörmətsizlik göstərib, daxili işlərimizə kobud müdaxilə edib. Başından yekə fikirlər söyləyib.

Məsələn, Herapetritis İrəvanda ölkəsinin “Qarabağda xristian ocaqlarının qorunması və onlara dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə Avropa İttifaqı və UNESCO çərçivəsində kampaniyaya start verəcəyi”ni bildirib. Yəni həm də sırf xristian təəssübkeşliyindən çıxış edib.  

Qeyd edək ki, Yunanıstan Azərbaycanın enerji təhlükəsizliyində xüsusi rol oynadığı, bizdən təbii qaz, neft idxal edən tək ölkədir ki, bizə qarşı belə demarşa yol verir, təxribatçı və haqsız mövqe sərgiləyir. Görəsən niyə? Qarabağda Azərbaycan xalqının dini-mədəni irsi erməni vandalları tərəfindən Yer üzündən silinəndə Yunanıstan və onun siyasiləri, diplomatları harda idilər, səsləri niyə çıxmırdı? 

Arayış üçün bildirək ki, Yunanıstan təbii qaza olan ehtiyacının 20 faizini Azərbaycan hesabına ödəyir. Qazla yanaşı bu ölkə bizdən neft və neft məhsulları, azot gübrələri, tütün xammalı da alır. O zaman bu ikiüzlü siyasətin adı nə?

Fikrət Yusifov: 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan  reallıqları

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Yunanıstana etiraz notasının təqdim olunmasının tərəfdarıdır: “Qərb ölkələri Ermənistanla Azərbaycan arasında Qarabağ torpaqlarımızın işğalı səbəbindən yaşanmış münaqişədə on illərdir ki, Ermənistanı dəstəkləyirlər. Bu məsələdə Fransa və Yunanıstanın xüsusi canfəşanlığının və onların bəzən az qala ermənidən daha çox erməni olduqlarını göstərmək cəhdlərinin kökündə bir məsələ - xristian təəssübkeşliyi dayanır. Biz Fransa hökuməti və onun sərsəm prezidenti Makronla artıq layiq olduğu dildə danışmağa start vermişik. Hesab edirəm ki, Azərbaycan hökuməti eyni şəkildə də Yunanıstanın cavabını verməlidir. Bir məsələni daima diqqətdə saxlamalıyıq. Həyatda tarix də göstərir ki, hamı ilə eyni dildə danışmaq heç də yaxşı nəticələrə aparıb çıxarmır. Bu səbəbdən hər kəslə onun anladığı dildə danışmaq lazımdır. Belə olduqda, sən həm də öz mövqeyini davamlı qoruya bilirsən. Bu səbəbdən Qarabağ savaşında öz haqqını bərpa etmiş Azərbaycana qarşı nümayiş etdirilən bu cür siyasi əxlaqsızların qarşısında humanizm nümayiş etdirməyə lüzum yoxdur. 

Fransa və Yunanıstan kimi ölkələr və bu ölkələrdə siyasi hakimiyyətin başında dayananlar anlamalıdırlar ki, Azərbaycansız Cənubi Qafqazda onlar heç nə edə bilməzlər. Bu gün Azərbaycan Cənubi Qafqazın açar dövlətidir, onun iqtisadiyyatının 70%-ə qədərinə sahibdir və bu regionun yeganə neft-qaz resursları olan ölkəsidir. Və nəhayət, bu gün Azərbaycan bütün dünyaya hansı hərbi gücə sahib olduğunu hərb meydanında sübut etmiş bir ölkədir. Bu torpaqlarda mövcud olmağın yeganə yolu Azərbaycanla sivil münasibətlər qurmaqdan keçə bilər. Azərbaycanı bu və ya digər şəkildə şantaj etməklə bu məkanda əsaslanmaq mümkün deyil. Müstəmləkə təfəkkürünə söykənən belə təhdid yolları isə hər kəsi dalana aparıb çıxaracaqdır. 

Baxın, Yunanstan xarici işlər nazirinin “Qarabağda xristian ocaqlarının qorunması və onlara dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə Avropa İttifaqı və UNESCO çərçivəsində kampaniyaya start verəcəyi”nə dair sərsəmləmələri nə vaxt baş verir? Bu bəyanatın ABŞ Dövlət Departamentinin Azərbaycanı dini azadlıqların boğulmasında ittiham etməsindən bir qədər sonra səsləndirilməsi təsadüfi deyil. Bu, ABŞ rəsmilərinin dini azadlıqlarla bağlı Azərbaycana qarşı səsləndirdiyi böhtan xarakterli fikirlərdən sonra həmin baxışların onun Avropadakı vassalları tərəfindən davam etdirilməsi deməkdir. Bu sadəcə ikili standartlar deyil, xristian həmrəyliyidir. Belə olmasaydı, 30 il işğal altında saxlanmış Qarabağ torpaqlarımızda erməni vandalları tərəfindən bütün dini və mədəniyyət abidələrimizin yerlə yeksan edilməsi faktı bu siyasi əxlaqsızların dilindən heç olmasa bircə dəfə səslənərdi. 

Hesab edirəm ki, Yunanıstan xarici işlər nazirinin bu sərsəmləməsinə ən yüksək səviyyədə münasibət bildirilməlidir. Yunanıstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağrılmalı və ona bu sərsəmləmələrlə bağlı etiraz notası təqdim olunmalıdır. Eyni zamanda, Yunanıstan xarici işlər naziri persona non-qrata elan edilməlidir. Bu fikirlər nə qədər sərt səslənsə də, dediklərimin alternativini görə bilmirəm... 

Bütün bunlar bir daha göstərir ki, Qərbin xristian həmrəyliyinə söykənərək türk-islam dünyasına qarşı nümayiş etdirdiyi ədalətsiz münasibətə qarşılıq olaraq türk-islam dünyası daha əzmkar birlik nümayiş etdirməlidir. Baxın, son onilliklər boyu türk-islam dünyasına aid ölkələr Qərb dövlətlərinin xristian həmrəyliyinə söykənərək atdıqları addımlardan nə qədər məşəqqətlər yaşayıblar?

Bütün hallarda bizə qarşı yönəlmiş haqsızlıqlara layiqli cavab verməliyik".

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”  Pravda.az

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli də hesab edir ki, Azərbaycan Yunanıstana xəbərdarlıq etməlidir: “Ermənistan müstəqilliyini bərpa edəndən sonra bu ölkəni ilk tanıyan Yunanıstan olub. Erməni-yunan münasibətləri antitürk mövqeyi üstündə qurulub. Düşmənlərimiz tarixi bizdən yaxşı bilirlər və yaddaşlarında saxlayırlar. Yunan xarici işlər nazirinin İrəvanda anti-Azərbaycan açıqlamalarına gəldikdə isə, buna rəsmi Bakı sərt reaksiya bildirməlidir. Yunan səfiri XİN-imizə çağırılıb ona nota təqdim edilməlidir. Azərbaycan Yunanıstana xəbərdarlıq etməlidir. Bir neçə Avropa ölkəsinə qaz, neft məhsulları veririk, amma istədiyimiz dəstəyi ala bilmirik. Bu problemi aradan qaldırmalıyıq. Bunun üçün də qaz, neft verdiyimiz Avropa ölkələrinə təzyiq etməyə bacarmalıyıq. Əgər onlar bizdən asılıdırsa, biz də bunun səmərəsini görməyə bacarmalıyıq. Ukrayna-Rusiya müharibəsi Avropanın qaz və neftə ehtiyacını çoxaltdı. O cümlədən bu məsələdə Azərbaycana da ehtiyacları var. Fon der Lysyen boşuna Bakıya səfər etməmişdi. Rus qazı və neftindən sözdə imtinasından sonra Azərbaycan neft və qazının Avropaya dəstəyi az olmadı. Bu dəstəyin qarşılığını almağı bacarmalıyıq”.

Azərbaycanın İsraildə səfirlik açması çox vacibdir”

Rusif Məmmədsoy

Politoloq Rusif Məmmədsoy isə Yunanıstanın ölkəmizə qarşı münasibətində həm də Azərbaycan-Şimalı Kipr Türk Respublikası əlaqələrini əsas görür: “Yunan rəsmisinin İrəvanda sərsəm açıqlamalar verməsini təəccüblə qarşılamamalıyıq. Yunanıstan prosesin əvvəlindən sonuna qədər ermənilərin yanında tamamilə obyektivlikdən kənar çıxış ediblər. Yunan rəsmisi Yorqos Qarabağda xristian ocaqlarının qorunması ilə bağlı kampaniyaya start verəcəklərini bildirir. Yorqosa sual vermək lazımdır ki, 3-5 erməninin taleyi ilə bu qədər maraqlanırsınızsa, o zaman 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün taleyi ilə bağlı bir dəfə də olsun fikir bildirdinizmi? Bilirsiniz, biz artıq anlamalıyıq ki, bizim qarşımızda sadəcə Ermənistan deyil, biz həm də dünyanın bir sıra ölkələrinə, bir neçə ölkəni istisna etsək xristian blokuna qarşı mübarizə aparırıq. Yunanıstanın mövqeyinə gəlincə isə, Azərbaycanın Şimalı Kipr Türk Cümhuriyyəti ilə münasibətləri, Türkiyə ilə strateji müttəfiqlik səviyyəsinə gəlməsi də görünür ki, Afinanı ciddi şəkildə narahat edir. Buradan həm də belə bir nəticə ortaya çıxır ki, bizi artıq sadəcə Azərbaycan olaraq deyil, həm də Türkiyə-Azərbaycan olaraq qiymətləndirirlər. Ümumilikdə bu tipli açıqlamalardan narahat olmağa dəyməz. Cənab prezident İlham Əliyevin də dediyi kimi Qarabağ məsələsi tarix olub və biz növbəti hədəflərə baxmalıyıq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR