İnsanlara hürriyət, millətlərə istiqlal!

Yüksəkliklərdəki Azərbaycan, “ovcumuzun içindəki” Ermənistan və döyüş əmri gözləyən komandoslar

1653 25.06.2023 23:55 Yazarlar A A

 

Səhəri xoş xəbərlə açdıq! İyunun 25-də Laçın şəhərinə daha bir köç karvanı yol aldı! Şükürlər olsun bu günə, 31 il əvvəl od-alov işində olan Laçını tərk edənlər, onların övladları, nəvə-nəticələri bu gün böyük sevinclə yurd-yuvalarına dönürlər! Bu dəfə Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən daha 15 ailə - 53 nəfər Böyük Qayıdışın sevincini yaşadı...

Möhtəşəm tariximizin növbəti səhifələri yazılır: Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaq laçınlılar.  Köç davam edəcək, hələ ki, 70 ailə - 266 nəfər öz evinə dönüb...Bu il Şuşa başda olmaqla digər ərazilərimizə də tarixi köç olacaq! Qayıdırıq, əbədi yaşamağa, var olmağa! Bütün bunlara görə şəhidlərimizə, qazilərimizə, qüdrətli ordumuza və tarix yazan Sərkərdəyə borcluyuq!

Bu günlər həm də onunla əlamətdardır ki, 23 apreldə Laçının başlanğıc nöqtəsində, Həkəri çayının üzərində qurulmuş sərhəd nəzarət və gömrük postu beynəlxalq hüquq, təcrübə və qaydalara uyğun fəaliyyətə başladıqdan sonra Ermənistanın xain təxribatına cavab olaraq qapadıldı, beton sədlər qoyuldu və Laçına qayıdan vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlər qətiyyətlə həyata keçirilməkdədir.

456190343_0_47_1000_610_1920x0_80_0_0_6f03753fbcf26d94530c0488a1484919.jpg (119 KB)

Prezident İlham Əliyevin iyunun 23-də - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105-ci ildönümü ərəfəsində - Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çox önəmli mesajlar verdi. Təsəvvür edin, 1918-ci ildə Azərbaycan ordusu bir neçə minlik heyətlə qurulmuşdu. Bu gün onun bir birləşməsinin sayı dəfələrlə çoxdur. Cümhuriyyət yarananda Ordumuzun ilk zəfərləri Qarabağda, elə Zabux istiqamətində, Andronikin dəstəsinin darmadağını ilə başlamışdı. Bu gün Zabux öz sakinlərini qarşılamağa hazırlaşır. Azərbaycan möhtəşəm bir yol qət edib, Baş Komandanın, şanlı ordumuzun sayəsində...Prezident Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində yaradılan Komando Qüvvələrində komandoların sayının gündən-günə artdığını məmnunluqla söylədi. Bildirdi ki, artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. 44 günlük Vətən Müharibəsindən sonra düşmənin yuxusunu qaçıran Xüsusi Təyinatlı Qüvvələrimizin yanında indi komando birlikləri var, bunu Azərbaycan torpaqlarına iddiasından əl çəkmək istəməyən düşmən bir an unutmamalıdır! Ali Baş Komandan da söylədi ki, İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərib, bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu olub. Amma durmaq yox! Azərbaycan dövləti təhlükəsizliyini əbədi təmin etmək üçün əlindən gələni edir. İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesinin daha geniş vüsət aldığını ölkə başçısı da söylədi. Bildirdi ki, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var.

16875108692324219188_1000x669.jpg (378 KB)

Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşsa da, görüləsi xeyli işlərimiz var qarşıda. Özü də bu, təkcə Qarabağdakı erməni terrorçuları, Ermənistan ordusunun tör-töküntüləri ilə bağlı deyil...

Prezident bu ifadələrlə hədəflərə konkretləşdirib: “Dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün kompleks tədbirlər görülür”. Bir nömrəli vəzifə! Bəli, Qarabağın böyük hissəsinin, Şərqi Zəngəzurun Ermənistanın işğalından azad olunmasına baxmayaraq, ordunun daha da gücləndirilməsi dövlətin qarşısında prioritet məsələdir. Təsadüfi deyil ki, qardaş Türkiyə ilə hərbi təlimlərin sayı ilbəil artırılır, bu günlərdə biri uğurla başa çatdı, növbəti təlimlərə hazırlıqlar görülür. Vətən Müharibəsindən sonra dövlət başçısı elan etmişdi ki, Türkiyə ordusu modelində ordu qurulacaq. Dünyanın ən güclü orduları sırasında olan Türkiyə ilə yanaşı addımlamağımız düşmənə gözdağıdır. Qardaş ölkənin müasir hərbi sənayesinin böyük uğurları bütün dünyanı heyrətə gətirməkdədir. Azərbaycan və Türkiyənin müştərək addımlar atması ölkələrimizin gücünə güc qatır, zəfərlərimizi əbədi edir. Həmçinin NATO standartlarının sürətli tətbiqi əlavə üstünlüklər qazandırır. Bu mənada həm qardaş Türkiyə, həm də digər dost, müttəfiq ölkələrlə yeni hərbi müqavilələrin imzalanması olduqca mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçımız da çıxışında diqqəti yeni müqavilələrə yönəltdi. 

Sitat: “Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”.

Böyük dağıdıcı qüvvəyə malik raketlər...Azərbaycan kimi sülhsevər ölkə niyə böyük vəsaitlər hesabına silah-sursat alınmasını davam etdirir? Cavab bəllidir. Elə bu aylarda Fransanın hansısa ikinci, ya üçüncü ölkələr vasitəsilə Ermənistana raket sistemləri yollamağa cəhd göstərməsi, bəzi məlumatlara görə, artıq bir sıra gizli sövdələşmələrin yekunlaşması Azərbaycanı priventiv addımlar atmağa vadar edir. Təsəvvür edin, Fransa prezidenti sülh danışıqlarında iştirak etməkdən ötrü “əldən-ayaqdan” gedir. Amma keçirilən görüşlərdən daha çox Paşinyanın qulağına nələrsə pıçıldamaqdan ötrü istifadə edir, ardınca da İrəvan istiqamətinə yol alan növbəti fransız silah-sursatı barədə xəbərlər alırıq. Deməli, ənənəvi məkrli siyasət davam edir – 30 illik “vasitəçi”lik dövründə Azərbaycanın başını danışıqlara qatmaqla Ermənistanın Qarabağda daha da möhkəmlənməsinə yardımçı olan, işğalçılar üçün bunkerlərin tikilməsi prosesində iştirak edən, hər cür təxribatçı davranışlara əl atan - Senatda qətnamələr qəbul etməkdən tutmuş, separatçılar üçün “sərbəst mina daşıma yolu”nun açılmasına cəhdlərədək - əlindən gələni edən bu ölkə indi də dağıdıcı raketlər göndərir işğalçı ölkəyə. Digər ölkələr də var, üzdə “dost-qonşu” kimi görünməyə çalışıb, arxada erməniləri qızışdırırlar, gizli şəkildə hərbi yardım edirlər. Elə bu günlərdə Ermənistan gərginliyi tətikləyən bəyanatlar verir, həmçinin şərti sərhədlər boyunca təxribatlarını davam etdirir. Təbii ki, cavabını dərhal alır, diplomatik müstəvidə və ön xətdə. Amma havadarları bu ölkəni genişmiqyaslı savaşa çəkməkdən ötrü çeşidli planlar qurmaqdadırlar. Azərbaycan heç şübhəsiz bütün bunları görməzdən gələ bilməz. Məhz buna görədir ki, 2023-cü ilin parlament müzakirələrində təhlükəsizliyimizlə bağlı büdcə vəsaitlərinə yenidən baxıldı. Eyni zamanda Qarabağa qayıdış proqramı çərçivəsində də əlavə vəsaitlər ayrıldı. Prezident də qeyd etdi ki, uğurlu iqtisadi siyasətimizi, ölkəmizin artan gəlirlərini nəzərə alaraq, dövlət büdcəsinə əlavələr edilib. “Uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Cari ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Dövlət büdcəsində iki əsas istiqamət müəyyən edilmişdir - birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi, hərbi potensialımızın gücləndirilməsi;

2215988.png (469 KB)

Dövlətimiz qayıdış və təhlükəsizlik məsələlərinə xüsusilə önəm verir və bir-birindən ayırmır, bunun alternativi də yoxdur”. Prezidentin komando hərbi birliklər qarşısında söylədiyi bu fikirlər dövlətimizin, xalqımızın və ordumuzun qarşısında qoyulan ali hədəflərin xülasəsi də sayıla bilər.

Paralel qaydada Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Ali Baş Komandan əminliklə vurğulayıb ki, hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcək. Burada da hərbi nailiyyətlərə sahiblənmiş dövlətlərin təcrübəsinə önəm verilir. Eyni zamanda yeni döyüş birləşmələrinin, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir. Bu, perspektivdə peşəkar ordunun yaradılması deməkdir. Ali Baş Komandanın əminliklə bəyan etdiyi kimi, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Həm də bu gün Silahlı Qüvvələr vahid proqram əsasında inkişaf etdir. Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayının xeyli dərəcədə artırılması da çox ciddi amildir. Düşmən ölkə 44 günlük savaşda 12 min fərarini “qarşıladı”. O zaman Azərbaycanın Xüsusi Təyinatlıları haqda etiraflar edən düşmən hərbçiləri böyük sarsıntı keçirdiklərini gizlətmirdilər. Bundan sonra onların durumunu təsəvvür etmək çətin deyil. Üstəlik, Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Ölkə rəhbəri onu da qeyd etdi ki, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb və bütün bu böyük qüvvə bir məqsəd güdür, ərazimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi...

Və...Baş Komandan qətiyyəli şəkildə perspektiv planların konturlarını elan etdi: “Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir”.

Dövlət başçısı Azərbaycana özlərinin kağız parçaları – qətnamələri, yaxud da şərti sərhədlər boyunca düzülən casusları ilə gələn ölkələrə də xəbərdarlığını məhz güvəndiyi komando birliklərinin qarşısında etdi: “Azərbaycan müstəqil siyasət aparmaq iqtidarındadır. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaq. Azərbaycan Ordusu onların məkrli planlarını alt-üst etdi. İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də Azərbaycan oldu. Bu gün regionda proseslər yenə də Azərbaycanın təklifləri əsasında cərəyan edir. Vaxtilə erməni işğalını əbədiləşdirmək üçün səylər göstərmiş Minsk qrupu artıq gündəlikdə yoxdur, tarixin arxivindədir. Hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər...Güclü siyasi iradə. Azərbaycan-Ermənistan şərti sərhəd istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşadıqları Qarabağ bölgəmizdə hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. Bu gün Azərbaycan bölgədə söz sahibidir. Bu gün biz öz şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik”.

İlham Əliyev onu da bildirildi ki, bu gün sülhün imzalanması daha çox Ermənistana lazımdır, çünki yüksəkliklərdə Azərbaycandır! Yəni Ermənistan ovcumuzun içərisindədir, unutmasınlar!  Üstəlik, Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, müsbətə doğru atılan bir addım olsa da, bundan sonra həmin bu ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Ölkə başçımız qeyd etdi ki, belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. İndi Ermənistan və havadarları seçimlərini etsinlərlər, vaxt gözləmir!

Azərbaycan ərazilərinə boylananlar 44 günlük dərsi unutmasınlar! Gələcəkləri varsa, görəcəkləri də var! Azərbaycandakı diplomatik korpusun təmsilçiləri də Laşın postuna səfər etdi və diplomatlar real mənzərəni öz gözləri ilə gördülər. İndi buyursunlar, paytaxtlarına məruzə etsinlər, əgər ədalət hisslərini itirməyiblərsə...

Heç kim unutmasın: Döyüş bayrağını əmanət olaraq alaraq and içən cəngavər komandoslar Ali Baş Komandandan əmr gözləyir!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR