İnsanlara hürriyət, millətlərə istiqlal!

Yolların buz bağlaması nəqliyyatda süni qiymət artımı yaratdı

916 02.02.2014 09:44 Reportaj A A


Qardan qazananlar

Son günlər qar yağması nəticəsində yolların buz bağlaması nəqliyyatda süni qiymət artımına səbəb olub. Xüsusilə, axşam saatlarında işdən çıxıb evə gedənlərin sayının çox olması yararlanan fürsətcillər xəbərdarlıqlara məhəl qoymadan sərnişin daşımaçılığına görə qiymətləri az qala iki dəfə  artırırlar.

Bu barədə qəzetimizə məlumat verərək şikayətlənən paytaxt sakinləri bildirirlər ki, aidiyyəti dövlət qurumları bu məsələdə susqunluq nümayiş etdirməklə kifayətlənirlər.
Bəs görəsən sürücüləri qiymət artımına vadar edən nədir?

Vəziyyətdən istifadə etmək niyyəti? Yoxsa vəziyyətin yaradığı çətinlik?

Suallarımızı metronun “Neftçilər” stansiyası yaxınlığında dayanan və 8 ildir ki, taksi fəaliyyəti ilə məşğul olan Qabil Əmirov cavablandırdı. O deyir ki, qarlı-çovğunlu havada Yasamal kimi nisbətən hündürlükdə yerləşən rayonlara getmək çətinləşir: “Gərək bizi başa düşsünlər. Qarlı və buzlu havada heç kəs yola çıxmır. Maşını sürmək olmur. Ya bizim maşını vururlar, ya da ki, biz vururuq. Eyni zamanda normalda 10 dəqiqəyə getdiyimiz yolu belə havalarda  1 saata gedirik. Vaxt itkisi və benzin sərfiyyatını da nəzərə alsaq, 1 manat artıq istəməyimiz məncə normaldır. Onu da hər adamdan istəmirik. Elə adam olur ki, imkanı olmur. Bəzən elə olur ki, yolda qalanı götürüb evinə aparırıq, heç pul da almırıq. Nədənsə bunu demirlər. 50 qəpik artıq istəyən kimi, hay-həşir salırlar”.

Bəzi taksi sürücüləri isə əksini düşünür. Şahvələd Nəbiyev adlı taksi sürücüsü deyir ki, qarlı havada maşın sürməyi bacaran taksi sürücüsü qiymət artırmır: “Çünki o özü bilir ki, müştərinin istədiyi yerə gedib çıxacaq. Bir növ təcrübəsinə güvənir. Məsələn, mən qarlı günlərdə işləyirəm. Neçə ilin sürücüsüyəm. Təcrübəm kifayət qədərdir. Hara deyirlər aparıram. Çalışaram insanlar yolda qalmasın. Bu o demək deyil ki, başıma hansısa bir hadisə gələ bilməz. Mən vurmaram, hansısa naşı sürücü gəlib mənim maşınımı vurar. İndi  elə sürücülərin sayı çoxdur. Çalışıram yolda elələrindən uzaq olum”.

“Qiyməti biz qaldırmırıq”

Avtobus sürücülərindən də süni qiymət artımına münasibət öyrəndik. 48 nömrəli marşrutun sürücüsü Hüseyn Qardaşov deyir ki, məhdud sayda xəttə çıxan avtobus sürücüləri bəzən qiymətləri artırırlar: “Amma, işlədiyim xətdə heç vaxt belə şey olmayıb. Qiyməti biz artırmırıq, nədə ki, biz azaltmırıq. Bizlik bir şey yoxdur”.

Qarlı havada avtobus sürməyin çətinliyindən danışan sürücü sərnişinlərə də xəbərdarlıq etdi: “Qar yağanda rəsmi qurumlar xəbərdarlıq edir ki, marşrut avtobusları saat 22-yə kimi işləyəcək. Sərnişinlər bu xəbərdarlığa məhəl qoymurlar. Yollarda gözləyirlər. Biz də məcbur olub xəttə qayıdırıq”.

Qeyd edək ki, süni qiymət artımı təkcə paytaxt daxilindəki marşrut avtobusları və taksilərə aid deyil.  Sumqayıtdan Bakıya doğru hərəkət edən taksilərdə də xüsusi qiymət artımı müşahidə olunur. Adi günlərdə bir sərnişini 1 manata aparan taksilər indi qiyməti adambaşına 20 manatadək artırıb.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun verdiyi açıqlamaya görə,  onlar yalnız lisenziyalı və taksometrlə təchiz olunmuş taksilərdəki süni qiymət artımına cavabdehlik daşıyır: “Qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlarla isə mübarizə aparırıq və vətəndaşlara da dəfələrlə müraciət etmişik ki, bu tipli taksilərə əyləşməsinlər. Bütün avtobus və taksi sürücülərinə də göstəriş verilib ki, havanın qeyri-sabit keçəcəyi günlərdə süni qiymət artımına yol verməsinlər. Əgər lisenziya ilə fəaliyyət göstərən nəqliyyat vasitələrində belə bir hal müşahidə olunsa, onlara müvafiq protokollar tətbiq ediləcək. Qanunsuz qiymət artımı isə dəllallıqdır”.

Nazirlik sözçüsü bildirib ki, qeyri-qanuni fəaliyyət göstərən taksilərin sayı 10-15 min civarındadır və faktiki olaraq onlarla mübarizə çətindir: “Onların hər birinə bir müfəttiş ayırmaq və qanunsuzluğu müəyyənləşdirmək mümkün deyil. Biz bir növ onlara qarşı mübarizədə çətinlik çəkirik. Gərək əhali özü də bu hallara qarşı mübarizə aparsın və aşkarladığı faktlarla bağlı bizə məlumat versin”.

Fərahim İLQAROĞLU
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR