Yolda özünü göstərən mədəniyyətimiz
Növbəti dayanacaqda da avtobusu xeyli saxladıqdan sonra isə sürəti artıraraq qəza şəraiti yaradır və artıq sərnişinlər dözmür, aləm bir-birinə qarışır. Ancaq əsəbindən növbəti siqaretinə od vuran sürücü “voobşe getmirəm, düşün ayrı avtobusla gedin” deyə bağırır. Sərnişinlər “Laçın” Ticarət Mərkəzinin qarşısında marşrutdan enir. Sürücü haqda dərhal Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumatlandırılır və o, sürücü ilə bağlı ciddi ölçü götürüləcəyinə vəd verir...
Bu, bir ay öncənin söhbətidir. Amma sonuncu fakt da deyil. Özü də təkcə avtobus sürücüləri də deyil...Ölkədə ciddi şəkildə sürücü mədəniyyəti problemi var. Sürücünün sükan arxasında telefonla danışması, siqaret çəkməsi, təhlükəsizlik kəmərini taxmadan maşın sürməsi, avtoxuliqanlıq etməsi, yersiz səs siqnallarından istifadə etməsi, piyada yolunun üstündə, yaxud dayanacaqdan kənarda, yolun hərəkət istiqamətində maşını saxlaması təkcə qeyri-peşəkarlıq, təhlükəsizlik qaydalarından bixəbərlik deyil, həm də mədəniyyətsizlikdir.
Dəhşətli ölüm statistikası...
Elə mədəniyyət kasadlığının nəticəsidir ki, yol qəzalarında itkilərin sayı azalmır. Statistika dəhşət saçır: 2013-cü ildə Azərbaycanda 2846 yol nəqliyyat hadisəsi baş verib, 1164 nəfər ölüb, 2948 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, bu qəzalarda ölənlərin 81-i, xəsarət alanların isə 268-i uşaqlar olub. Yəni böyüklərin səhvləri uşaqlara da baha başa gəlir. Ötən il Azərbaycanda sərxoş sürücülər tərəfindən 78 yol-nəqliyyat hadisəsi törədilib. Nəticədə 32 nəfər ölüb, 95 nəfər yaralanıb. 2012-ci ildə isə ölkəmizdə baş verən 2892 yol qəzasında 1168 nəfər ölüb, 2997 nəfər də xəsarət alıb. Təkcə 2014-cü ilin ilk 5 ayı ərzində 996 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 404 nəfər ölüb, 1003 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yollar adama cəbhə xəttini andırır – hər gün ölüm, qan-qada...
Sabiq polis rəisi Əlövsət Əliyev deyir ki, Daxili İşlər Nazirliyi (DİN) vəziyyəti yaxşılığa doğru dəyişmək ucun uzun illərdir islahatlara başlasa da, bunun ciddi effekti görünmür. Çünki bu, bir nazirliyin fəaliyyəti çərçivəsində həll olunası məsələ deyil: “Göründüyü kimi nə qanunvericiliyin təkmilləşdirilməsi, nə də ştat vahidlərini saxlamaqla intellektual idarəetməyə çəkilən xərclər hadisələrin sayının azalmasına kömək etmir”. Hüquqşünas hesab edir ki, məsələnin həlli üçün kompleks yanaşma zəruridir: “Hərəkətin təhlükəsizliyini bağçadan tədris etmək lazımdır. Küçələrdə piyada yolları, velosiped yolları, əl arabaları və fiziki qüsuru olanlar ucun yollar dəqiqləşməlidir”. Hesab olunur ki, yol hərəkətini pozanlarla bağlı ciddi ictimai qınaq olmasa, problemin həlli xeyli uzun çəkəcək. Bu mənada davamlı maarifləndirmə tədbirləri aparılmalı, həmçinin insanlar yol hərəkəti qaydalarını pozanları özləri bu pis əməldən çəkindirməyə çalışmalıdır. Ə.Əliyev də təsdiqləyir ki, yalnız sərt cəza effektli nəticə verməyəcək.
Ölümə tələsən piyada
Yollarımızdakı fəlakətli vəziyyət yalnız sürücülərin günahı ilə bağlı deyil. Ötən il piyadaların vurulması ilə nəticələnən 1097 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalarda 398 nəfər ölüb, 784 nəfər yaralanıb. Bir çox hallarda piyada mədəniyyətinin aşağı olması ağır hadisələrə səbəb olur. Bu günlərdə Gürcüstan və Türkiyədə sürücü və piyada mədəniyyətinin nə qədər inkişaf etdiyinin şahidi olduq. Tiflisin Rustaveli küçəsində Bakıdakı keçidlərin heç biri ilə müqayisə olunmayacaq halda köhnə və yararsız olan yeraltı piyada ötürücüsündən keçməkdən ötrü piyadalar uzun yolu qət edir. Yaxud Türkiyədə İstanbul, Ankara və digər şəhərlərdəki müşahidələrimiz piyada-sürücü, sürücü-sürücü münasibətlərinin nə dərəcədə ideal olduğunu deməyə əsas verir. Azərbaycanda isə fəlakətli vəziyyət hökm sürür. Bu ilin yanvar - may ayları ərzində ölkədə baş verən 1035 yol qəzasının 372-sində piyadalar vurulub. Piyadaların vurulması faktının 109-u (25 ölüm, 84 xəsarət) onların təqsiri üzündən baş verib. Əsas odur ki, Bakıda yol ötürücü, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin çox olmasına baxmayaraq piyadaların əksəriyyəti bu keçidlərdən istifadə etmir. Müşahidələr və statistika bunu deyir ki, əksər hallarda piyadalar özləri qəzaya şərait yaradır.
Peşəkar sürücü olan politoloq Ərəstun Oruclunun fikrincə, əvvəlki dövrlə müqayisədə yol polisi sistemində neqativ hallar son dərəcə azalıb: “Şəxsən mən yol polisi əməkdaşının neqativ hallarla bağlı təşəbbüslərinə rast gəlməmişəm. Konkret mən son il yarım ərzində iki dəfə - bir dəfə sükan arxasında telefonla danışdığıma, ikinci dəfə də diqqətsizlik edib ötmə əməliyyatını yanlış həyata keçirdiyimə görə cəzalandırmışam. Yəni artıq inzibati tədbirlər yetərincədir və müəyyən qədər effekt verir”. Amma ekspert sürücü-piyada münasibətlərində ciddi problemlərin olduğu qənaətindədir: “Deyək ki, piyadanın keçməsi üçün maşını saxlayırıq. Amma arxadan söyüş xarakterli siqnallar verirlər, tərbiyəsizlik edirlər. Birinci səbəb maarifləndirmə işinin aparılmaması ilə bağlıdır. Digər səbəb isə odur ki, sürücülərin əksəriyyətinin yol hərəkəti qaydalarından xəbəri yoxdur. Bəzən kobud şəkildə qaydaları pozan sürücüyə irad bildirəndə çox səmimi şəkildə təəccüblənir, çünki bilmir. Yəni robot kimi, qarşısındakı sürücülər necə sürürsə, o cür sürür”.
Avtoxuliqan bəlası...
Azərbaycanda son illər ərzində ən səs-küylü avtomobil qəzalarını avtoxuliqanlar törədib. Radarların günbəgün çoxalması da sürət azarkeşi olan sürücüləri köhnə vərdişlərindən yayındıra bilmir. Hətta avtobus sürücüləri də “avtoşluq” edib insan ölümlərinə bais olurlar. Dünyanın bütün ölkələrində hətta 15-20 sərnişini daşıyan avtobus sürücüləri xüsusi kontingentin nümayəndələri, intizamlı sürücülər olur. Azərbaycanda isə dəfələrlə şahidi olmuşuq ki, rayondan iş üçün gəlmiş vəsiqəsiz, cavan uşaqları sükan arxasında oturdurlar. Hətta bəziləri heç marşrutu da tanımır.
Ekspertlər bu fikirdədir ki, ümumiyyətlə, şəhər nəqliyyatı özəl olmamalı, icra hakimiyyətinə verilməlidir. Çünki özəl şirkətlər özlərini külli-ixtiyar sahibi kimi aparır, elə bilir marşrutun pulunu veribsə, istədiyi kimi davrana bilər.
Metro keçidinin üstündəki... keçid
Qanunda piyadanın vəzifələri deyilən bir anlayış var və piyadalar İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə müvafiq olaraq məsuliyyət daşıyır. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsinə, yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə iyirmi manat miqdarında cərimə edilir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyir ki, piyadalar tərəfindən qaydaların pozulmasının qarşısının alınması məqsədilə DİN-in Post-Patrul Xidmətindən (PPX) 110 nəfər ayrılıb: “Sözsüz ki, piyadaların məsuliyyətdən kənarda qalmamaları qayda pozuntuların qarşısını müəyyən qədər alıb. Son bir ildə ölkə üzrə piyadaların avtomobillərlə vurulması qeydə alınan ümumi yol-qəza hadisələrinin 37 faizini təşkil edir. Əvvəllər bu, 50 faiz təşkil edirdi. Bu da hər il onlarla piyadanın xilas olunması deməkdir. Bundan əlavə, piyadaların yolu təhlükəsiz keçməsi məqsədilə yeraltı-yerüstü keçidlərlə yanaşı nizamlanan-nizamlanmayan piyada keçidləri də salınıb. Xaricdə nəzarət funksiyasını həyata keçirən orqanın təmsilçisi çox nadir hallarda görünür, amma insanlar qaydalara əməl edir. Ona görə yox ki, əraziyə nəzarət olunur, sadəcə o, öz həyatını, sağlamlığını, ailəsini düşünür deyə, qaydalara əməl edir. Burda da camaatın beyninə yeritmək lazımdır ki, ay qardaş, mən niyə nəzarət etməliyəm, axı burda zərər çəkən sənsən, ilk növbədə öz sağlamlığının qeydinə qal”. DYP rəsmisi şübhə etmir ki, bütün bunlar mədəniyyət məsələsi ilə bağlıdır: “İnsanın daxilində mədəniyyət varsa, o, elə yolda da özünü göstərir”.
Görülən tədbirlərlə bağlı K.Əliyev deyir vəziyyəti dəyişmək üçün vətəndaşlar arasında geniş maarifləndirmə-təbliğat işi aparılır: “Bizim kifayət qədər animasiyalarımız var. Piyadaların ictimai nəqliyyatdan enəndən sonra yolun hansı səmtinə keçməsi, yaxud hansı halların yollarda təhlükə yaratması, eləcə də piyadalar tərəfindən qayda pozuntusuna yol verilən vaxt digər hərəkət iştirakçılarının ağır xəsarət alması ilə bağlı animasiyalar hazırlanıb və mütəmadi olaraq televiziyada nümayiş etdirilir. Bundan əlavə ibtidai siniflərdə uşaqların yol hərəkəti qaydalarını öyrənməsi üçün “Yol hərəkəti əlifbası” hazırlanıb və ölkənin bütün məktəblərinə pulsuz paylanılıb. Təkcə keçən il 20 min kitab çap olunub və paylanılıb”.
Metronun “Əhmədli” stansiyası qarşısında apardığımız müşahidələr piyadaların öz həyatı ilə sadəcə oyun oynadığını təsdiqlədi. Əraziyə nəzarət edən Xətai RPİ-nin polis əməkdaşları çavuş Elmar Ağayev və çavuş Elçin Vəlibəyov da vəziyyətdən şikayətçidir. Onlar deyir ki, metro keçidi olduğu halda vətəndaşlar yolu daha çox qadağan olunmuş ərazidən keçməyə cəhd göstərir. Bu səbəbdən Xətai RPİ-nin patrul xidməti ayrılıb. Yolu qaçaraq keçən 16 yaşlı Fuad üzrxahlıq etməklə kifayətləndi. Uşağının əlindən tutub təhlükəli zolaqdan keçən ana “biz illərdir burda yaşayırıq, həmişə də belə keçmişik” deyib polisi borclu çıxarmağa çalışdı. Ağsaqqal piyada isə qeyzləndi: “Bura niyə gəlmisiniz, hanı sizin piyada keçidiniz?” Polis əməkdaşları deyir ki, gün ərzində yüzlərlə belə faktlarla üzləşirlər: “Amma əvvəlkinə baxanda müsbətə doğru irəliləyiş var. Biz adətən cərimələməkdənsə insanları maarifləndirməyə çalışırıq”.
Yeri gəlmişkən, metro ticarətinin yığışdırılması piyadalara əlavə imkan yaradıb. Lakin metro girişlərinin qarşısına piyada keçidinin olması ilə bağlı işarələr qoyularsa, bu, piyadalara kömək olar və bəhanələri aradan qaldırar. Eyni zamanda yaşlı piyadalar metro pilləkənlərinə paralel olaraq eskalator quraşdırılmasını istəyir.
“Xalqlar Dostluğu” tərəfdə isə dəmir maneə belə piyadaların qarşısını kəsə bilmir. Müxtəlif yaş kateqoriyalarına aid piyadalar metro keçidindən istifadə etmək əvəzinə həyatını riskə atıb avtomobillərə məhəl qoymayaraq dəmir “çəpəri” aşıb digər tərəfə keçir...
“Neftçilər” metrostansiyasının qarşısında qadağan olunmuş hərəkət zolağından keçən Lalə Səmədova deyir ki, tələsdiyindən keçiddən istifadə etməyə sadəcə “səbri çatmır”.
“Qaydanı pozma, cərimə də vermə”
Deputat Aqil Abbas deyir ki, Azərbaycanda sürücü və piyada mədəniyyəti yoxdur: “Bütün qəzaların da başvermə səbəblərinin, eyni zamanda tıxacların kökündə bu dayanır: “Brüssel şəhəri Bakı boydadır, küçələri isə Bakı küçələrindən iki dəfə dardır. Hələ tramvay da işləyir, amma orda tıxac yoxdur. Səbəbi sürücü mədəniyyətinin olmasıdır. Qadağan olunmuş yerlərdə maşın saxlamaq ilk dəfə 300 avro, ikinci dəfə 400 avro cərimədir, üçüncü dəfə isə maşın müsadirə olunur. Burda deyirlər ki, cərimələr çoxdur. Qaydanı pozma, cərimə də vermə. Yaxud piyada keçidi qoyub onun yanından yolu ötmək istəyir, nəticədə fəlakət baş verir. Sürücü və piyada mədəniyyətini aşılamaq üçün hələ çox işləmək lazımdır”.
Kəsəsi, biz küll halında mədəni olmalıyıq. Mədəniyyət yoldan başlanır. Yola çıxmışıqsa, gəlin mədəniyyətli olaq. Mədəni olaq ki, ömrümüz də yarıda kəsilməsin…
Elşad PAŞASOY
FOTOLAR: MÜƏLLİFindir
P.S.“Yazı Baş Dövlət Yol Polisi İdarəsinin, Azərbaycan Mətbuat Şurasının və “Polisə dəstək” İctimai Birliyinin “Yol polisi, təhlükəsiz yollarımız” mövzusunda birgə keçirdikləri müsabiqəyə təqdim olunmaq üçün verilir”






