İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol kənarlarındakı “ölüm dəmirləri”: Avropada və bizdə - REPORTAJ (FOTOLAR)

8373 19.09.2015 10:30 Son xəbər A A

Sentyabrın 17-də Sumqayıt yolunda baş verən dəhşətli qəza yol kənarlarında olan dəmir sədlərin böyük təhlükə mənbəyi olduğunu göstərdi. Yol kənarında olan dəmir arakəsmə qəza törədən avtomobilin içərisinə girərək sərnişinlərin əksəriyyətinə ciddi bədən xəsarətləri yetirdi. Qəza zamanı 3 sərnişin dünyasını dəyişdi, 9 nəfər isə ağır yaralandı. 

Faciəli qəzadan sonra yol kənarlarındakı dəmir sədlərin beton arakəsmələrlə əvəz olunması məsələsi gündəmə gəlib. Ekspertlər də yol kənarlarındakı dəmir sədlərin düzgün quraşdırılmadığını, baş verə biləcək yüngül qəzalarda belə ağır faciələrin yaşandığını deyirlər. 

Qəzaların belə böyük faciələrlə nəticələnməsinin birinci səbəbi kimi dəmir arakəsmələrin yolun hərəkət istiqamətinə çox yaxın olması göstərildi. Ekspertlər deyir ki, beynəlxalq təcrübədə isə bu belə deyil. Sədlər ən azı yolun hərəkət hissəsindən 1 metr məsafədə olur. Sürücü idarəetməni itirdikdə, qarşısına hər hansı mane çıxdıqda həmin an səddə çırpılmır. Kənarlarda məsafə olduğundan maşının istiqamətini dəyişmək olur. Ancaq bizdə isə bu mümkün deyil. 

Dəmir arakəsmələri daha da təhlükəli edən əsas səbəblərdən biri onların başlanğıc formasının düzgün və təhlükəsiz formada qoyulmamasıdır. Yəni, yol ayrıclarında, döngələrdə dəmir arakəsmələrin başlanğıcı və sonluğu maili şəkildə qurulmur. Bu isə dəmirlərə çırpılan avtomobilin ciddi zərər görməsinə, nəticədə isə daha böyük faciələrin yaşanmasına səbəb olur.    

Yol inşaatçılarından olan Şamil Məmmədov musavat.com-a açıqlamasında yol kənarındakı dəmir sədlərin düzgün quraşdılma formasını belə izah edir: “Arakəsmələrin maşının salonuna girib insanları parçalamasının səbəbi yol ayrıclarında, döngələrdə dəmirlərin maili şəkildə sonunclanmamasıdır. Hansısa qeyri-peşəkar mütəxəssisin üzündən Azərbaycanda yollarda arakəsmələrin başını torpaq səviyyəsinə endirmirlər. Avropada arakəsmələrin qurtaracaq hissəsini elə formada- maili qururlar ki, maşın ona dəyəndə, dəmir içəri girmir, maşının altında qalır, avtomobil dəmirin üstünə çıxıb onu altında qoyur. Azərbaycanda isə arakəsmələrin nə başlanğıcı, nə də sonuclanması maili şəkildə olmur. Avtomobil də ona dəyəndə salona girir. Belə qəzalar məhz arakəsmələrin sonuclandığı yerlərdə baş verir. Sonuclanma olmayan yerlərdə isə o dəmir qəzalarda ölüm riskini azaldır. Yəni maşın yoldan çıxanda ona yandan dəyərsə, elastiklik hesabına maşında ölüm riski olmur. Əksinə, o arakəsmələr olmasa, maşın yoldan çıxıb ağaca, betona və ya əks istiqamətdən gələn maşına çırpılanda ölüm daha çox olur”.

Yol kənarlarındakı dəmir sədlərin bəzən yararsız, əyri, parçalanmış vəziyyətdə olmasının da şahidi oluruq. Bunun səbəbi də baş verən qəzalardan sonra həmin dəmir sədlərin yenisi ilə əvəz olunmamasıdır. Qeyd edək ki, yol kənarındakı dəmir sədlərə qəza zamanı dəyən ziyanı hadisəyə səbəb olan avtomobilin sürücüsü ödəməlidir. 
Yol kənarlarında olan dəmir sədlərin sökülməsi ilə bağlı iddialar səsləndirilsə də bu real görünmür. Çünki yenidən bu qədər vəsaitin ayrılması mümkünsüzdür. 

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli musavat.com-a açıqlamasında bildirdi ki, hazırda təmir işləri aparılan Bakı-Quba yolunda dəmir arakəsmələr yığışdırılır. Səbəb isə sürücülərin yol hərəkəti qaydalarını ciddi şəkildə pozması və yaranan qəzalar zamanı dəmir arakəsmələrin sıradan çıxmasıdır. 

A.Nəcəfli Bakı-Quba yolunda dəmir sədlərin beton pillələrlə əvəz olunduğunu bildirdi: “Beton pillələrin qoyulması həm iqtisadi səmərəlilik baxımından, həm də təhlükəsizlik baxımından daha əlverişlidir. Qəzaların belə faciəli olmasının səbəbi sürücülərin məsuliyyətsizliyidir. Dünyanın bir çox ölkələrində bu dəmir arakəsmələrdən istifadə olunur. Bizdə istifadə olunan arakəsmələr də beynəlxalq standartlara cavab verir. Lakin sürücülərin həddən artıq sürətli maşın idarə etməsi, məsuliyyətsizliyi belə faciələrə səbəb olur. Sumqayıtda baş verən qəzanın da belə faciə ilə nəticələnməsinin səbəbi yüksək sürət olub”.

Yol kənarlarında dəmir arakəsmələrin parçalanmış vəziyyətdə olmasına gəlincə isə A.Nəcəfli bildirdi ki, qəzalardan sonra bəzi dəmir sədlərin bərpa olunması məsələsi ləngiyir. Səbəb isə qəzanı törədən sürücülərin dəymiş ziyanı ödəməməsidir: “Dəmir sədlərə dəymiş ziyanı qəza törədən sürücü ödəməlidir. Əgər avtomobilin sığortası varsa, bu məbləğ sığorta şirkəti tərəfindən ödənilir. Sığorta olmadığı halda isə xərci sürücü qarşılamalıdır. Amma təəssüflər olsun ki, sürücülər bu məbləği ya vaxtında ödəmir, ya da ümumiyyətlə ödəmir. Ancaq bəzi hallarda “Azəryolservis” özü məcburiyyət qarşısında qalıb bu xərci qarşılayır”.

ASC rəsmisi sürücülərdən məhkəmə yolu ilə də olsa dəymiş ziyanın alınmasının çətin olduğunu qeyd etdi.

A.Nəcəflinin sözlərinə görə, bu dəmir sədlərin bir metri təxminən 60-80 manata başa gəlir.

Son bir ildə ölkə üzrə 100 kilometrə qədər dəmir sədlərin baş verən qəzalar səbəbindən sıradan çıxdığını deyən A.Nəcəfli bununla da dövlətə külli miqdarda ziyan dəydiyini bildirdi. A.Nəcəfli hazırda ölkə üzrə yol kənarlarında quraşdırılan dəmir sədlərin yalnız Bakı-Quba yolunda beton pillələrlə əvəz olunmasının nəzərdə tutulduğunu qeyd etdi.
Dəmir sədlərin haradan alınmasına gəlincə isə “Azəryolservis” sözçüsü bildirdi ki, Türkiyədən alınan bu dəmir sədlər beynəlxalq standartlara cavab verir.

Ekspertlərin “Azərbaycanda quraşdırılan dəmir sədlər beynəlxalq standartlara cavab vermir” deməsinə də cavab verən A.Nəcəfli söylədi ki, dəmir sədlər beynəlxalq standartlara cavab verir, lakin sürücülərin həddən artıq məsuliyyətsizliyi bu cür faciələrlə səbəb olur. 

Əslində yol kənarlarında dəmir sədlərin olması təhlükəsizlik baxımından vacibdir. Bu dəmir sədlər əsasən uçurumların, təhlükəli yolların kənarlarında quraşdırılır. Bu isə baş verəcək qəzanın daha böyük faciə ilə nəticələnməsinin qarşısını alır. Lakin magistral, sürət həddinin yüksək olduğu yollarda bu cür dəmir sədlərin quraşdırılması əsl təhlükə mənbəyidir. Və yuxarıda da qeyd etdiyimiz kimi, ara yollarda və döngələrdə dəmir sədlərin başlanğıc və sonluğu maili şəkildə olmadığı, parçalanan sədlərin yenisi ilə əvəz olunmadığı təqdirdə belə dəhşətli qəzalar qaçınılmaz olacaq.

Onu da qeyd edək ki, paytaxtın bəzi yollarında dəmir sədlər məhz tıxacın qarşısının alınması məqsədi ilə quraşdırılıb. Çünki arakəsmələr olmayan yollarda sürücülər tıxac zamanı əks yoldan gələn sürücülərin qarşısına çıxaraq daha böyük tıxacların yaranmasına səbəb olurlar. 

Sonda Azərbaycanda və Avropada dəmir sədlərin başlanğıc və sonluğunun necə olmasını, dəmir sədlərin yolun hərəkət hissəsindən hansı məsafədə yerləşdiyini əks etdirən fotoları təqdim edirik:

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR