Bakıda kafedə qətl törtməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Əmrah Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Azər Paşayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Növbəti məhkəmə iclası sentyabrın 6-na təyin edilib.
Hadisə paytaxtın Binəqədi rayonunda, 9 saylı yataqxananın qarşısındakı kafedə baş verib. Həmin kafenin icarədarı, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Sadıqov Zahid Yaqub oğlunun üzərində xəsarətlər olan meyiti kafedə aşkar edilib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Hüseynov Əmrah Xəyal oğlu tutularaq istintaqa cəlb edilib.
Məlumata görə, Ə.Hüseynov hadisədən əvvəl kafedə Z.Sadıqovla yemək yeyib və spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan tanışlar arasında mübahisə yaranıb və nəticədə Ə.Hüseynov kafenin icarədarını qətlə yetirib. Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.
İlkin Muradov,
Musavat.com






